Əvəz Zeynallının istintaq müddəti daha 3 ay artırıla bilər

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Ə.Zeynallı haqqında Nəsimi rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıla bilər. İstintaq işini aparan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Qabil Qasımov istintaqın aparılması üçün daha 3 ay verilməsinə zərurət yarandığını söyləyib. Əldə etdiyimiz məlumatlara görə, buna baxmayaraq o, müddətin artırılması üçün məhkəməyə heç bir tutarlı sənəd təqdim etməyib.

Xatırladaq ki, 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən 3 ay müddətində G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Hazırda CD disk ekspertizaya təqdim olunsa da, bununla bağlı heç bir ekspert rəyi verilməyib. Dəfələrlə KİV-də çıxış edən vəkil E.Sadıqov istintaqın aparıldığı ilk günlərdə istintaq hərəkətliliyi olsa da, son 2 ayda bu fəaliyyətin tamamilə donduğunu bildirmişdi. O baxımdan, Ə.Zeynallı haqqında həbs-qətimkan tədbirinin daha 3 ay uzadılmasını heç bir hüquqi əsası olmayan absurd qərar kimi dəyərləndirmək olar. Bu hərəkətlərilə Ə.Zeynallının həbsində maraqlı olan hakimiyyətdaxili qüvvələr baş redaktoru həqiqətən də siyasi sifarişlə həbs etdiyini sübut etmiş oldu.

Qeyd edək ki, bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları da Ə.Zeynallıya qarşı irəli sürülən ittihamları saxta hesab edir və onun hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Məlumat üçün bildirək ki, bununla əlaqədar  məhkəmə prosesi 17.01.2012 tarixində, saat 16.00-da Nəsimi rayon Məhkəməsində  keçiriləcək.

Onu da bildirək ki,  Ə. Zeynallının müdafiəsini gücləndirmək məqsədi ilə işə əlavə vəkil cəlb edilib. Bundan sonra Ə. Zeynallının hüquqlarını vəkillər Elçin Sadıqovla Məsum Bayramov müdafiə edəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button