Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddialarına məhkəmədə baxılacaq

29.10.2012

Oktyabrın 30-da saat 14.00-da Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıxovun sədrliyilə “Xural”ın Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxılacaq. Bu haqda qəzetin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı məlumat verib. Vəkil onu da deyib ki, prosesdə iştirak etmək üçün, hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da iştirakının təmin edilməsi xahiş olunacaq.

Baş redaktor özü şəxsən məhkəmədə iştirak etmək və rəhbərlik etdiyi qurumun hüquqlarını müdafiə etmək niyyətindədir: “Mənim qədər bu məsələ haqda məlumatlı olan, o səbəbdən də qəzetin hüquqlarını mənim qədər müdafiə edəcək adam ola bilməz. O baxımdan, vəkilim Fariz Namazlıdan xahiş etmişəm ki, mənim prosesdə iştirakımı təmin etsinlər” deyə Əvəz Zeynallı bildirib.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmə qarşısında iddia qaldırdıqdan sonra Mətbuat Şurası “ildırım sürəti”lə təşkilatın toplantılarını keçirərək, əsassız və səlahiyyətində olmayan addımlar ataraq “Xural” qəzetini “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan edib. Həbsindən 1 ay əvvəl baş verən bu hadisəni də baş redaktor “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurasını məhkəməyə verəcəklərini, işi Avropa Məhkəməsinə qədər aparacaqlarını bəyan edib: “MŞ cəmi bir həftə içərisində Ramiz Mehdiyevin səlahiyyətində olan adamların əli ilə “Xural”dan “şikayət məktubları” təşkil etdi və qanunsuz hərəkətlərinə qanuni don geyindirməyə çalışdı. Halbuki hər şey göz qabağındadır.  Yoxsa,bunların nə tələsik işləri vardı ki, 6 şikayəti əsas götürüb, bir gündə, iki komissiyanın iclasını keçirirdilər? Aydındır ki, bunlara tapşırıq hardan gəlib. Mətbut Şurasının Azərbaycan mətbuatının şərəfi ilə oynamasına imkan verilməməlidir. Sifarişlə mətbuatı qətl edənlər isə qanuni cəzalarını almalıdırlar.”

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button