Əvəz Zeynallının qanunsuz həbsi dünyanın diqqətindədir

EYNULLA FƏTULLAYEV: “ƏVƏZ ZEYNALLININ MƏSƏLƏSİ ŞİŞƏCƏK”

2011-11-28

Noyabrın 28-də “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev ABŞ-a səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.

Bugünlərdə Eynulla Fətullayev Nyu-York şəhərində Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi beynəlxalq mətbuat azadlığı mükafatının builki laureatlarının təltif edilməsi mərasimində iştirak edib. 2009-cu ildə Eynulla Fətullayev də bu mükafata layiq görülmüşdü, amma o vaxt həbsdə olduğuna görə mükafatı ala bilməmişdi. 2011-ci il laureatlarının mükafatlandırılması mərasimində Eynulla Fətullayevin də mükafatı ona təqdim edilib.

“Media forum” saytının məlumatına görə, mətbuat konfransında Eynulla Fətullayev bildirib ki, səfər proqramı yalnız mükafatlandırma ilə yekunlaşmayıb: “Mən “Human Rayts Votç” təşkilatının sədr müavini, qurumun Avropa və Asiya üzrə nümayəndəsi Karol Boreptlə müzakirələr apardım. Bu qurum Azərbaycanla bağlı növbəti hesabatını Bakıda açıqlayacaq. Hesabat əsasən Azərbaycanda mülkiyyət toxunulmazlığı mövzusunda olacaq, ölkəmizdəki demokratiya və insan haqlarının vəziyyətini əks etdirəcək. Onlar demokratiya və insan haqlarının durumu ilə bağlı mənə dəqiqləşdirici suallar verdilər və mən də real vəziyyəti onlara izah etdim. Qarşı tərəf Azərbaycandakı vəziyyətə təəssüf edir. Həmçinin ABŞ-ın rəsmi siyasətindən ciddi narazıdırlar. Hesab edirlər ki, rəsmi siyasətdə enerji maraqları deyil, insan haqları, demokratiya prioritet olmalıdır”.

Eynulla Fətullayev səfər zamanı “Avroviziya” mahını müsabiqəsinin Təşkilat Komitəsinin üzvlərindən olan Almaniyanın 2DV kanalının nümayəndəsi Frank Duter Frayleklə də görüşüb: “Biz bir sıra məsələlər haqqında fikir mübadiləsi apardıq. Onlar Azərbaycanda bir qrup hüquq müdafiəçisinin və vətəndaş cəmiyyəti təşkilatının apardığı “Azad musiqi qeyri-azad ölkədə” adlı kampaniyadan məlumatlıdırlar. Onlar Azərbaycandakı həbslərdən narahatlıqlarını ifadə etdilər, necə kömək edə biləcəkləri ilə maraqlandılar. Dedim ki, prezidentə müraciət edin, bəlkə bu müraciətə müsbət cavab verildi. Frank Duter isə söylədi ki, Çin hökuməti Olimpiya yarışlarından öncə jurnalistləri həbsdən azad edəcəyi vədini versə də, sonradan vədə xilaf çıxıb. Bu mənada ehtiyat edirlər. Əlavə etdi ki, 54 ölkədən olan televiziya nümayəndəsi Bakıya gələrək “Avroviziya” müsabiqəsinə hazırlıqla tanış olacaq. Bellə bir ideya var ki, mən onları “Azad musiqi qeyri-azad ölkədə” adlı kampaniyanı aparanlarla görüşdürüm. İlkin ideya kimi mənə bildirildi ki, 54 televiziya kanalı Azərbaycanda insan haqları, demokratiya ilə bağlı verilişlər verə bilər. Bu kanallar Avropanın tanınmış kanallarıdır. Maraqlıdır ki, mənimlə görüşmək təşəbbüsü qarşı tərəfdən gəlmişdi”.

Səfər çərçivəsində ABŞ-dakı başqa görüşlərində əsasən siyasi məhbuslar məsələsini müzakirə etdiyini bildirən Eynulla Fətullayev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Myatoviçlə də görüşdüyünü diqqətə çatdırırb: “Miyatoviç bu ilin noyabrında ölkəmizə gəlməli idi, amma görüş zamanı bəlli oldu ki, gələn ilin fevralında gələcək. Görüşlərdə əsasən həbsdə olan gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyevlə bağlı məsələləri müzakirə etdik, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə toxunduq. Mən bir söz deməzdən öncə onlar bildirdilər ki, uzun illər fəaliyyət göstərən qəzet gündəlik nəşrə keçəndən və hakimiyyət rəhbərliyini tənqid edəndən sonra baş redaktor saxta ittihamla həbs edilib. Yəni özləri Azərbaycandakı vəziyyəti təhlil edib nəticələr çıxarırlar. Mənim fikrimcə, Əvəz Zeynallının məsələsi şişəcək. Əgər hökumət geri addım atsa, bu zaman zərbələrdən yayınacaq”.

“Media forum”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button