Əvəz Zeynallıya daha bir maddə ilə ittiham verildi

Yayımlandı: 21 Sentyabr 2022 19:19

Jurnalist ev dustaqlığına buraxılmayıb

Binəqədi Rayon Məhkəməsində “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının ev dustaqlığına buraxılması üçün vəkillərinin verdiyi vəsatətə baxılıb. Hakim Vüsal Tağıyev vəsatəti təmin etməyib.

Məhkəməyə Əvəz Zeynallı özü də iştirak edib. O, təqsirsiz olduğunu, jurnalist fəaliyyətinə görə sifarişlə həbs edildiyini bildirib.

Məhkəmə zamanı o da məlum olub ki, Əvəz Zeynallıya əlavə ittiham verilib. O, sentyabrın 10-dan bu günə qədər Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham edilərək həbsdə saxlanılırdı. Sentyabrın 21-də ona Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsilə yeni ittiham verilib.

Əvəz Zeynallı ona qarşı ittihamların hamısının uydurma olduğunu vurğulayıb.

Məhkəmədə müstəntiq Əvəz Zeynallının ev dustaqlığına buraxılmasına etiraz edib.

Vəkillər isə əksinə, o, həbsdə saxlanmadan da istintaqın normal qaydada davam etməsinin mümkün olduğunu bildiriblər. Deyiblər ki, Əvəz Zeynallı cəmiyyətdə tanınan şəxsdir, istintaqdan yayınmaq niyyətində deyil, yaşayış yeri məlumdur.

Lakin məhkəmə vəsatəti təmin etməyib – “Xural TV” rəhbərini azadlığa buraxmaqdan imtina olunub.
Vəkillər Binəqədi Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Vəkili Aqil Layıc Əvəz Zeynallıya yeni bir epizod üzrə əlavə ittiham verildiyini təsdiqləsə də, ittihamın detallarını açıqlamaqdan imtina edib.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.

O, “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button