Əvəz Zeynallıya qarşı daha bir sərt addım

evez17.05.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə baş redaktorun vəkili Elçin Sadığov məlumat verib.

Qeyd edək ki, Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar mayın13-də oxunub. Mayın 14-də isə Əvəz Zeynallı bölgüyə salınaraq Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə göçürülüb. 

Vəkil Elçin Sadıqov onu da bildirib ki,  Əvəz Zeynallının köçürülməsilə bağlı əvvəldən ona heç bir məlumat verilməyib. Digər tərəfdən, qanunvericiliyin tələbinə görə, köçürülmə yalnız Apellyasiya Məhkəməsinin qərarı təqdim olunduqdan sonra mümkündür. “Apellyasiya məhkəməsinin qərarı vəkili olaraq mənə təqdim olunmayıb və onun köçürülməsi ilə bağlı mənə heç bir məlumat verilməyib” – deyə vəkil qeyd edib. O daha sonra deyib ki, Ə.Zeynallı cəzaçəkmə müəssisəsinə göndərildikdən 2 gün sonra bu haqda xəbər tutub. Bundan əlavə Ə.Zeynallının cəzaçəkmə müəssisəsinə gətirildiyi gündn ciddi rejimlə üzləşməsi də müdafiə tərəfinin narahatlığına səbəb olub. “Əvəz Zeynallı jurnalistdir, gündəlik qəzetin qəzetin baş redaktorudur, yəni mətbuat adamıdır. Buna baxmayaraq onun gündlik qəzetlərlə təmin olunması qadağan edilib. Vəkilin əldə etdiyi məlumata görə, Əvəz Zeynallı 15 gün müddətində “karantin”də saxlanılacaq və bundan sonra “zon”a köçürüləcək. Bunu səbəb gətirərək, ona yaxınları ilə görüşmək və telefon əlaqəsi qurmaq qadağan olunub. Halbuki qapalı tipli olduğu üçün Bakı İstintaq Təcridxanasından fərqli olaraq məhbuslar cəzaçəkmə müəssisələrində daha sərbəst hərəkət hüququna malikdirlər. Vəkil hesab edir ki, baş redaktora qarşı bu cür sart münasibətin də kimlərinsə göstərişilə həyata keçirildiyi istisna deyil. Onlar Əvəz Zeynallını daha gərgin mühitdə saxlamaqda israrlıdırlar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bizimyol.info saytına bildirilib ki, məhkumun köçürülüb-köçürülməməsi ilə bağlı açıqlama verə bilməzlər: “Qanunvericilik bizə bu barədə məlumat verməyi qadağan edir, bu məlumatı yalnız vəkili və ya yaxın qohumları verə bilər”.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.

Əvəz Zeynallı isə ittihamlarla və hökmlə razılaşmır və hakimiyyəti tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edildiyini bildirir.
Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq barəsində 3 ay və mayın 9-da daha 3 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button