Əvəz Zeynallıya qarşı gərginlik davam edir

14.03.2012

Əvəz Zeynallının işi ilə bağlı növbəti mətbuat konfransı keçirildi.

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər. 

Mətbuat konfransılnda Əvəz Zeynallının həbsilə bağlı yaradılmış Preventiv Cavab Qrupunun rəhbəri Əfqan Muxtarlı son günlər qrupun araşdırmaları ilə bağlı məlumat verdi. Onun sözlərinə görə, Əvəz Zeynallının həbsindən və onun baş redaktoru olduğu “Xural” qəzetinin nəşrinin dayandırılmasından sonra Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyevanın vəkilin iştirakı olmadan Bakı-Baltika MMC-nin qaldırdığı 150 min manatlıq iddianı qismən – 50 min manat məbləğində cərimə etməsi də Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı həyata keçirdiyi planın bir hissəsidir. Ə.Muxtarlı bunu cərimənin Saray qəsəbəsindəki 7 saylı İnternat Məktəbinə ödənilməsi, Ramiz Mehdiyevin də cəriməni 1 saylı Uşaq Evinə keçirilməsində israrlı olması cəmiyyətdə humanist imic yaratmağa xidmət edir. Çünki qrupun araşdırmaları nəticəsində məlum olub ki, R.Mehdiyev bu hadisədən əvvəl də xeyriyyəçilik işlərilə məşğul olmayıb: “Onlar sadəcə bu yolla müstəqil, heç bir yana bağlılığı olmayan bir jurnalistin həbsinə cəmiyyətin müsbət reaksiyasını almağa çalışıblar. Əslində isə həqiqət göz qabağındadır”. Daha sonra, nəşri dayandırılmış “Xural” qəzetində vergi yoxlamalarının aparılmasına diqqət çəkən Ə.Muxtarlı bu yoxlamalardan absurd məbləğlər çıxarıldığını və bunun üçün heç bir sənədə əsaslandırılmadığını da dedi.

PCQ rəhbərinin verdiyi məlumata görə Almaniya Federativ Respublikasının ombudsmanı Əvəz Zeynallı və digər siyasi məhbuslarla bağlı Azərbaycana müraciət etmək niyyətindədir. Avropa Şurası Parlament Assambleyasının nümayəndələri Avropa Birliyi ölkələrinə müraciət edərək, Bakıda keçiriləcək Eurovision-2012-də iştirak etməməyə çağırıblar və bunu da Azərbaycanda insan haqlarının pozulması və jurnalistlərin şərlənərək, həbs olunması ilə əlaqələndiriblər.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Bakı İstintaq Təcridxanasında Ə.Zeynallıya qarşı olan münasibətlə maraqlandı. Tədbir iştirakçıları Ə.Zeynallının üzərində “xüsusi göstərişlərin” bu günədək davam etməsindən narahat olduqlarını bildirdilər. Qeyd olundu ki, gərginlik hələ də davam edir. Mətbuat konfransında o da diqqətə çatdırılıb ki, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər. Ə. Zeynallı bir sıra müvafiq qurumlara yazdığı müraciətlərin Təcridxana rəhbərliyi tərəfindən göndərilməməsinə etirazını bildirib və qeyd edib ki, şəxsən özü dəftərxanada olarkən bunun şahidi olub. Lakin Ombudsman Aparatından bildiriblər ki, bu məsələ yerində araşdırıldığı zaman məlum olub ki, onun ərizələri qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti qurumlara göndərilib (?!).
Qərara alındı ki, müstəqil jurnalistlər və hüquq müdafiəçilərinin iştirakı ilə qrup yaradılsın və Baş prokuror Zakir Qaralova baş redaktorla görüşmək üçün icazə verilməsilə bağlı müraciət göndərilsin. Daha sonra Əvəz Zeynallının həbsində alət olan Gülər Əhmədovanın vəd etdiyi kimi jurnalistlərlə görüşərək, onların suallarını cavablandırması üçün də müraciət hazırlanmasının vacibliyi qeyd olundu.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button