Əvəzi susduranlar yox, qardaş deyib, bağrına basanlar udacaqlar

Fariz Sultan

 Bilmirəm, yazdıqlarımı necə qəbul edəcək. Amma fikirlərimin səmimi olduğunu düşünərək, ona ürək sözlərimi yazmaq istədim. Baxıram, vəzifədə olanlar, pulu çox olanlar haqqında o qədər  yazan var ki… Tək səndən yazan gözümə az dəyir. Öz-özümə düşündüm ki, özlərini ötən bir ildə “dostluq siyahısı”nda çıxaran nakişilərdən fərqli olaraq, mən bir kişilik edib həbsdə olan və hər zaman özümə mənəvi yaxın bildiyim Əvəz Zeynallıya dostyana bir yazı yazam. Çoxdan ürəyimdən keçirdi, nəsə qismət bu günə imiş…

Məni tanımır, heç üzümü də görməyib. Amma mən onu tanıyıram –yazılarından, tənqidçi baxışlarından, cəsarətli, ürəkli çıxışlarından… Əsl dost olmağa layiq insandır Əvəz Zeynallı. Kaş ki, o azadlığa çıxandan sonra onunla qardaş, dost ola biləydim. “FB dostları”nı nəzərdə tutmuram. Elə dostluq ancaq əcnəbilərə, bu təfəkkürə qulluq edənlərə aiddir. Elə ona görədir ki, əsl dosta, qardaşa ehtiyacım var – Əvəz bəy kimi…

Ötənlərdə başına gətirilən oyunlara ürəkağrısı ilə  mən də şahid oldum. Adamı sındırmaq üçün daha nələrə əl atmadılar ki? Sifarişlərilə qərar qəbul edən, hökm oxuyan məhkəmələrinə verdilər, yanına “su sonası” qız göndərib, ağlını başından alıb, sonra da şantaj etməyə çalışdılar. Stolunun üstünə qədər səsdinləmə qurğusunu qoyub, səsini dinlədilər. Olmadı. Alınmadı. İnsan daxilən mükəmməl olanda, nə etdiyini, nəyə xidmət etdiyini biləndə, heç kəs onun qarşısını ala bilməz. Adam çünki haqlı olduğu qədər də güclüdür. Düzü Ə.Zeynallının Gülər Əhmədovadan rüşvət istədiyini eşidəndə də təəcüblənmişdim. Rüşvət mənəviyyatsızların əl atdığı vasitədir. Mənəviyyatı olanlar rüşvətə bulaşmazlar. Əvəz də bulaşmaz. Ağlına, zəkasına nə gəlib ki? Onu şərlədilər. Başqa yol tapmayanda, ən iyrənc yola əl atdılar. Bunu başa düşməyə nə var ki? Yoxsa nə düşmüşdü Ramiz Mehdiyevə ki,  “Xural”ı bağlatdırmaq üçün min yola əl atsın. Görünür onun iti qələmindən, cəsarətli ürəyindən qorxdu. Ağlından, zəkasından qorxdu… Əvəzi qəfəsə salan, həbs olunmasına səbəb olan da elə ağlı, zəkası deyilmi? Ona görə susdurmaq istəyirdilər. İndi 1-2 il əvvələ baxanda bulanıq sular durulur. Zavallılar… Bilmirlər ki, Əvəz kimi adamları susdurmaq istəyənlər yox, ona qardaş deyib, bağrına basanlar udacaqlar? Kiminlə döyüşdüklərinin fərqindədirlərmi, bu baş bilənlərimiz? Yoxsa özlərinin korrupsiya əməllərini heç kim sezmədi, deyə düşünürlər? Allahın işinə bir bax – Gülər Əvəz bəyi hədə qorxu ilə rüşvət tələb etməkdə hədələyir, ortada bir dənə də olsun fakt yoxdur. Amma Gülər bir rektoru, “Əli İnsanovdan artıq deyilsən ki, səni itirərələr” deyib, adama hədə-qorxu gəlir, milyonlarla pulunu alıb, “işini də düzəltmir”, bu fakt “fakt” sayılmır. Biri dərhal həbs olunur, biri “Sevdiyim qadın”ın meyvəsilə təqdimata gəlib, utanmadan, qızarmadan “ailə tablosu” şəkil çəkdirir. Belə əxlaq bu cəmiyyətdə yürüməz, belə şər-böhtan Əvəz kimi oğullara yapışmaz. Allah qapısını açsın. Yolunu gözləyənlərdən biri də mənəm. Qismət olarsa, azadlıqda onunla uzun-uzadı danışmaq niyyətindəyəm. Dəqiq bilirəm ki, bütün suallarımın cavabı onda var. O yerin altını da bilir, üstünü də… Bilmədiyi heç nə yoxdur. Nə edirsə, düz bilib, edir, həqiqətin dalınca gedir. Onun arxasınca gedənlər bundan sonra daha çox olacaq. Onlardan biri də mənəm – Fariz Sultan.

Dar günün ömrü az olar. Azadlıq sevər insanları həbsə atıb, bağırlarını çatladacaqlarını düşünən insanlara yazığım gəlir. Azadlıq insanın içində olanda, haradadır, nə edir fərqi yoxdur, hər zaman azaddır. Vay o günə ki, insan özünün azadlığını pula, dünya malına satsın. Ona görə mən inanmıram ki, Ramiz Mehdiyev azaddır, Gülər Əhmədova azaddır, Əvəzin həbsində udlağını udan Əli Həsənov azaddır… İnanmıram.  Amma Əvəz Zeynallının azad olduğuna, o qəfəslikdən belə nümunəvi obraz yaratdığına inanıram və hələ bir ona qibtə də edirəm.

Bu gün ehtiyatla yazdığıqlarımın qarşılığında o indi də danışır. Əlində qləm yerinə qandal, özü qəfəsdə, başbilənlərin hər saniyə nəzarətində…

Yolu açıq olsun! Milləti millət edən bu cür oğullara eşq olsun! Yel qayadan nə aparacaq?

P.S. İndi eşitim ki, Əvəz Zeynallının dekabrın 16-da 43 yaşı tamam olur. Sənə Tanrıdan uzun və sağlam, mübarizə dolu, ləyaqətli bir ömür arzulayıram. Başımızı bu millətin önündə uca tutan qardaş! Sənin kimi oğulları qoruya bilmədiyi üçün bu millətin günahından keç. Günahımızı özümüzə bağışla!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button