Əvvəl tanı özünü-Xocalıya ağı

XOCALI FACİƏSİNDƏN 27 İL KEÇİR

Fevral Xocalı ayı,
Bir şəhərin harayı.
Bu ay söz-söhbət ancaq,
Xocalıdan olacaq.
Yenə qara geyirik.
Bu dərdi, faciəni,
Dünya bilsin deyirik,
Dünya görsün deyirik.
Sanırıq kardı dünya,
Sanırıq kordu dünya.
Fəqət yoxdur illəti,
Bu dəhşəti, zilləti,
Anında gördü dünya.
Onda susur bəs nədən?
Çıxarmayır səs nədən?

Öz yolu var hər kəsin,
Yer üzünün nakəsin,
Namərdini tanıtma.
Sən dərdini tanıtma.
Əvvəl tanı özünü,
Sonra tanıt dünyaya,
Millət kimi özünü.
Gəl dünyanı qınama,
İrad tutma, bir dayan,
Hardan yoğrulub mayan?
Nədir türkün xisləti,
Nədir türkün niyyəti?
At köləlik daşını,
Oyat qan yaddaşını:
“Türk balası qurd olur,
Basdığı yer yurd olur.”

Vətən qələbə umur,
Torpaq qələbə umur.
Faciəni tanıtma,
O gecəni tanıtma.
Qələbəni sən tanıt.
Öz əzmini sən tanıt.
Qayıt, qayıt özünə,
Qayıt öz soy, kökünə.
Qoy dünya səni görsün,
Dünya əzmini görsün,
Alsın vecə, tanısın.
Əvvəl özünü tanı,
Özün tanımayanı,
Dünya necə tanısın?!

 

Surxay Qocayev

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button