Əzrayıl və konsul

fəxrəddin hacıbəyliFəxrəddin Hacıbəyli

Almaniyadan məxsusən “Xural” üçün

Xeyli vaxtdır ki, Azərbaycan hakimiyyəti ölkəyə girişlə bağlı yeni viza rejimi tətbiq edir.Yəni öncələr olan sadələşdirilmiş viza rejimi ləgv edilib və bu azmış kimi normal rejim də ölkəyə gəlmək istəyənlərə çox görüldüyündən, daha yeni bir rejim tətbiq edilməyə başlanıb – “çətinləşdirilmiş viza rejimi.” Bəli, sözün əsl mənasnda çətinləşdirilmiş, şərtləri ağırlaşdırılmış, az qala mümkünsüzləşdirilmiş viza rejimi. Bu, bəlkə də Azərbaycandan baxanda problem kimi görünməyə bilər, ancaq ölkədən kənarda yaşayan, başqa ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlılar üçün əməlli-başli ciddi problem səviyyəsinə qalxıb. Belə demək mümkündür ki, Azərbaycandan Avropaya gəlmək daha asandır, nəinki Avropa ölkələrindən Azərbaycana səfər etmək. Təsəvvür etmək çətindir ki, olsa-olsa ancaq bulunduğu regionun “lider ölkəsi” olan, adı turizm üçün bir o qədər də cəlbedici ölkələr sırasında olmayan, siyasi mühacirət üçünsə ümumiyyətlə uğursuz ölkə sayılan Azərbaycan nədən qapalı ölkəyə çevrilib, giriş şərtləri çətinləşdirilib? Ölkəyə gəlmək fikrinə düşən avropalıya, avropalını qoyaq bir yana, hələ getmək istədiyi ölkədə doğulub, böyüyüb yaşamış, əzizləri, yaxınları hələ də orada olan azərbaycanlıya elə şərtlər irəli sürülür ki, bunu görənin bir də bəlkə 10 ildən sonra Azərbaycana üz tutmaq, ayaq basmaq həvəsi yarana. O da nagumandır, ola, ya olmaya!

Açığı, mən Azərbaycanın bu yeni viza rejiminin fəlsəfəsini, bu tətbiqetməni doğuran zərurəti anlamaqda çətinlik çəkirəm. Ha fikrləşirəm, bəlkə buna haqq qazandıran bir səbəb tapam, amma ağlabatan, əsaslı bir səbəb tapa bilmirəm.

Azərbaycan miqrasiya üçün məqsəd ölkələrindəndirmi? Xeyr!

Məsələn, ölkəmizə səfər etmək istəyən almanın öz ölkəsini buraxıb da orada ilişib qalmaq, geriyə, öz vətəninə qayıtmamaq ehtimalı varmı? Xeyr!

Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sırasında arzuolunmaz şəxslər, məsələn terrorçu, cinayətkar və s. olması ehtimalı necə, güclüdürmü? Yenə də xeyr!

Bu ehtimala qalsaydı, Azərbaycan İraqdan-filandan gələnlər üçün açıq qapılı karvansara olmazdı. Yəni o ehtimalı özündə ehtiva edən region hər halda Avropa, bu əndişəli ehtiyatkarlığın tətbiq ediləcəyi ünvan da avropalılar deyil. Bəs nədir səbəb? Niyə bütün dünya Avropaya qapılarını açmaqda, avropalıların diqqətini ölkəsinə yönəltməkdə, əcnəbi (ağlı başında olan əcnəbi) kapitalının ölkəsinə daxil edilib, insanlarının məişətinin xarici kapital hesabına yaxşılaşdırılmasında maraqlı olduğu halda Azərbaycan bu qapıları bağlayıb üzərinə də ingilis qıfılı asır? Yox, əksinə, qapılarını müharibəsi, qırğını, dərd-ələmi səngiməyən ölkələrin problemdən, labüd etnik azardan başqa heç nə gətirməyən daha az mədəni vətəndaşlarına açıb ölkənin arzuolunmaz gəlmələrlə doldurulmasına göz yumulur? Niyə Azərbaycan avropalılara qapalı, amma məsələn, iraqlılara açıqdır? Nədən Azərbaycanda avropalı (və ya avropalılaşmış azərbaycanlı) görmək belə arzuolunmaz məsələ olub, bunun qarşısında dağdan, mağaradan təşrif gətirənlərə gözlər üstə yerlər ikram edilir? Bax bu uyğunsuzluğun mahiyyətini ağlım kəsmir. Hərgah, səbəbini bilən varsa bir anlatsın, vətəndaşlara aydınlıq gətirsin! Məsələn, çox yaxşı anlayıram; gömrük xərclərinin qaldırılmasını (göz dəyməsin, ölkəmiz gündən-günə ağır sənaye, maşınqayırma sahəsində xariqələr əldə edir), ölkəyə gətirilən mallara şapka-kepka, racon-macon qoyulmasını, ölkəyə kimin, haradan, nə və nə qədər gətirəcəyinə nəzarət edilməsini və s. bu kimi şeyləri aglım kəsir, amma and olsun bütün müqəddəslərə, bu viza məsələsini qətiyyən anlaya bilmirəm.

Gələk məsələnin texniki tərəfinə. Demək, Azərbaycana getmək istəyən şəxs öncə viza almaq üçün bu ölkədən dəvət almalı, otel “bron etməli” və bundan əlavə də viza üçün müraciət etdikdən sonra iki həftə gözləməlidir. Bu, viza almağın rəsmi şərtləri…

İndi də, bunun digər tərəflərinə diqqət çəkək. Almaniya böyük və nəqliyyat xərcləri də bahalı olan ölkədir. Və bu böyük ölkədə Azərbaycan səfirliyi və konsulluq idarəsi ancaq bir şəhərdə – Berlindədir. Berlinsə Almaniyanın mərkəzində yox, bir kənarındadır (tərslikdənmi, ya bəxtigətirmişlikdənmi). Yəni səfirlik və konsulluğumuzun yerləşdiyi şəhər bütün bölgələrə eyni məsafədə deyil. Məsələn, Ştutqart şəhərindən Berlinə gəliş və gediş 1300 kilometrdir və təbii ki, yolxərci çox bahalıdır. Üstəgəl, gələn şəxs bir günə gəlib-qayıda bilmədiyinə görə, Berlində gecələmək üçün otel xərcini də əlavə olaraq üzərinə gəlsək, təkcə Azərbaycana giriş vizası almağa elə Almaniyadaca sərf edilən pul Azərbaycanda xərclənəcək səfər xərcinin təxminən yarısına bərabər olur. Bu belə…

Deyilə bilər ki, nə edək, nə Berlin şəhərini biz ölkənin bir kənarında, ucqarda inşa etməmişik, nə də onu paytaxt olaraq biz seçməmişik. Almanlar bütün bunları gərək öncədən fikrləşə idilər: nə vaxtsa Azərbaycan adında bir ölkə qurulacaq, onun Berlində səfirliyi açılacaq, bu ölkəyə giriş vizasını almaq üçün belə əndrəbadi şərtlər qoyulacaq və bu da yaxından-uzaqdan gələnlərə baha başa gələcək. Fikirləşməyiblərsə, canları cıxsın cəzalarını çəksinlər. “Mercedes” qayırıb “fəlsəfi-fəlsəfi” danışmaqla deyil ki. Amma elə buradaca xatırlatmaq yerinə düşərdi ki, Almaniyada “canı cıxanlar”ın sırasında əslən azərbaycanlı olan bizimkilər də var axı. Yəni çanaq həm də özümüzünkülərin başında çatlayır. Biz özümüz çıxdaş elədiyimiz (daha doğrusu, kimlərinsə etdiyi) xeyli sayda insana bizim “canı cəhənnəmə” dediyimiz alman vətəndaşlıq verib axı, bəs onlar necə olsunlar?! Tutaq ki, bir almanlı, ingilistanlı, ya firəngistanlı Azərbaycana gəzməyə, dincəlməyə (?) gedir. Eybi yox, lap belə deyək ki, bu şərtlər qarşısında o bir-iki həftə gözləyə də bilər. Yəni onun ləngidilməsinə lap elə bəd ayaqda hüquqi, inzibati baxımdan haqq qazandırmaq, əsas tapmaq da olar. Təcili nə var, həkim buyurmayıb ki! Olmasın bu həftə, olsun iki həftə sonra. Nə ziyanı var? Bəs tutaq ki, bir alman vətəndaşı olan azərbaycanlının bir yaxını can üstədir, atası, anası və ya bir yaxını ölüm yatağındadır, son nəfəsində istəyib qürbətdəki balasını görsün, halallaşsın, sonra gözlərini əbədi yumsun… İndi gəlin, belə olduğu halda ortaya çıxan həngaməni təsəvvür edək; əvvəla, azərbaycanlıdan (lap belə can üstə olanı da yoxdur, elə belə gəzməyə gedir) öz dədə-baba yurduna getməyə DƏVƏTNAMƏ tələb olunur. Yəni mən öz ölkəmə dəvət əsasında gedə bilərəm. Tutaq ki,  bunu da almaq mümkün oldu, bir gun tez, bir gun gec. Əcəba, bəs bu OTEL BRON etmək nə anlama gəlir? Azərbaycanlı öz atasını, anasını görməyə gedirsə və bu ölkədə onun bütün yaxınları, qohum-əqrəbası varsa, o gedib oteldə gecələyəcək? Əşşi lap tutaq oteldə gecələməlidir, bəyəm sizin Tovuzun, Qazağın, ya İmişlinin, Kürdəmirin kəndində, lap elə rayon mərkəzinin özundə oteliniz var?! Məsəl üçün, Yardımlının Ərkivan kəndinə dədəsini, cicisini görməyə gedən birisinin sənin otelinə nə ehtiyacı var? Ərkivana gedənı tutub ona Bakıdan otel “sırımağın” fəlsəfəsini birisi çıxıb bizə anlatsın, biz də bilək. Bəlkə o, gündüz yaxınlarına baş çəkib gecələməyə Bakıya qayıtmalıdır? Yox, əgər məsələ əcnəbiyə tətbiq edilməlidirsə, onsuz da tələb olundu, ya olunmadı, onun qalmaq üçün bir otelə ehtiyacı var. Nədir, guya siz xatırlatmasanız almanlı gedib Heydər parkındamı gecələyəsidir? Bu nə gülünc yanaşmadır belə? Olmazmı bu viza şərtlərində yaxınları Azərbaycanda olan, orada doğulub-böyümüş, oraya təbii haqqı olanlarla münasibətdə istisna güzəştlər edilsin?

Təsəvvür edirəm, birinin atası yataqda xəstədir və son nəfəsidir. Demək, şəxs Azərbaycana getmək üçün iki instansiyaya üz tutmalıdır – biri (və ən ümdəsi) Azərbaycan konsulluğu, ikincisi isə Allah dərgahı – Konsula və Əzrayıla. Birincidən viza, ikincidənsə möhlət istəməlidir. Birincinin tələb etdiyi sənəd-sünədi yığmağa ikincidən həm də özünə səbr və dözüm diləməlidir. Birinciyə baxanda ikinciylə dil tapmaq deyəsən daha asan görünür.

P.S. Bunlar adamı ateistlikdən də çıxararlar.

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Bellidir neden ölkemizi bele qapali edib,mehdud elemek isteyirler.Ölkeye ne qeder gelib-geden az olsa o qeder qulagidinclik olar.Gözden uzaq,könülden iraq meseli yeni. Ona gore bu mentiqle hereket edir bizm basbilenler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button