“Ədalət”dən ağrılı istefa

İlyas İsmayılov

Sədr müavini “haqqımı halal edirəm” dedi, sədr istefanı “böyük itki” kimi qiymətləndirdi…

Elxan Şükürlü: “İndi mənəvi baxımdan çox rahatam ki, kimisə darda qoyub çəkilmirəm, gedib öz işimlə məşğul olacağam

 İlyas İsmayılov: “Onun istefasını partiya üçün böyük itki hesab edirəm, yəqin ki, gəlib partiya ilə vidalaşacaq”

Elxan Şükürlü

 Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlü tutduğu vəzifədən, həmçinin Siyasi Şura və partiya üzvlüyündən istefa verib. “Qafqazinfo”ya açıqlamasında Elxan Şükürlü bildirib ki, istefasına səbəb uzun müddətdir bir çox məsələlərə baxışda partiya rəhbərliyi ilə fikirlərinin üst-üstə düşməməsi və bu vəziyyətin şəxsi münasibətlərə təsir etmək səviyyəsinədək yüksəlməsidir: “Mən siyasətə mətbuatdan gələnlərdənəm və həmişə də doğru bildiyimi qanun və etika çərçivəsində yazmağa alışmışam. Ancaq belə görünür ki, Azərbaycandakı partiyalar yaradıcılıq qabiliyyəti olan insanların sərbəst fəaliyyətini həzm etməyə hələ hazır deyillər. Bu gün Azərbaycanda partiyalılıq yaradıcı fəaliyyəti məhdudlaşdırır, çərçivəyə salır və ən əsası da, inkişafın zəruri şərti olan özünütənqidə sədd çəkir. Nə qədər demokratiyadan danışsalar da, təəssüf ki, heç bir partiya lideri tabeçiliyindəkilərin onu tənqidinə hazırlıqlı və dözümlü deyillər. Mənim də yazılarım və açıqlamalarım partiyanın kursu ilə üst-üstə düşmədiyindən və bu hal partiya rəhbərliyi ilə aramızda hətta şəxsi münasibətlərə təsir edəcək səviyyəyədək yüksələn ziddiyyətlərə yol açacağından, aralanmaq qərarına gəldim. Çünki bir komanda daxilinə ziddiyyət, təfriqə düşdüsə, orada effektli siyasi fəaliyyət göstərmək olmaz. Odur ki, partiyadan aralanıb, əvvəlkitək jurnalistlik fəaliyyəti ilə məşğul olmaq niyyətindəyəm”.
2000-ci ildən Ədalət Partiyasında fəaliyyət göstərdiyini xatırladan Elxan Şükürlünün dediyinə görə, o, nə “Ədalət”ə gəldiyindən, nə də oradan getməyindən peşmandır: “11 il bir partiyada fəaliyyət göstərmək kiminçünsə az, kiminçünsə çox müddətdir. Məndən ötrü bu 11 il ömrümün bir hissəsidir və onun yaxşısı da, pisi də, səhvi də, doğrusu da mənimdir. Buna təəssüflənmirəm. İtirdiklərim illərdirsə, qazancım bilik və təcrübədir. İnşallah, bu, gələcəkdə mənə çox kömək edəcək”.
Elxan Şükürlünün dediyinə görə, onun əslində, Ədalət Partiyasından 3-4 il əvvəl getmək planı olub: “Hələ 2008-ci ilin əvvəllərindən partiyadan getmək istəyirdim və bunu İlyas müəllim də bilirdi. Ancaq İlyas müəllimin oğlu Etimadın qəfildən həbs olunması məni planlarımdan daşındırdı. Çünki o vaxt İlyas müəllimi və Etimadı yaxın bildikləri çoxları tərk etmişdi, üstlərinə gələn çox idi. Belə vəziyyətdə onları ortada qoyub çəkilməyi özümə sığışdırmadım, Etimadın çıxmağını gözlədim. Bir qədər çox çəkdi, ancaq şükür ki, Etimad həbsdən çıxdı və indi İlyas müəllimlə bir yerdədir. İndi mənəvi baxımdan çox rahatam ki, kimisə darda qoyub çəkilmirəm, gedib öz işimlə məşğul olacağam. Partiyadakı əziyyətimi onlara halal edir, partiyadaşlarıma isə gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıram”.
Elxan Şükürlü onun Rəsul Quliyevin rəhbərlik etdiyi ACP-yə keçəcəyi haqda yayılan fikirləri də təkzib edib: “Hələlik heç bir partiyada təmsil olunmaq niyyətim yoxdur və sərbəst fəaliyyət göstərməyi, xüsusən tədqiqat jurnalistikası ilə məşğul olmağı üstün tuturam. Gələcəkdə necə olacaq, bu, Allahın əlində olan işdir.”

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov müavini Elxan Şükürlünün təşkilatdan istefa verməsinə münasibət bildirib.

Partiya sədri “Media forum” saytına açıqlamasında deyib ki, E.Şükürlü istefa ərizəsi təqdim etməyib: «Heç istefası haqda partiyaya məlumat da verməyib. Onun belə bir addım atmasına təəssüflənirəm və bu addımının səbəbini bilmirəm. Mən Elxan Şükürlünü özümə yaxın insan kimi qiymətləndirirəm, doğmam kimi çox istəyirəm. Mən onun yaxşılığını istəyən adamam. Onun istefasını partiya üçün böyük itki hesab edirəm. Yəqin ki, gəlib partiya ilə vidalaşacaq. Bunu mətbuatda bəyanat yaymaqla deyil, partiya ilə müzakirə etməklə reallaşdırmaq lazımdır. Təəssüf ki, hələ partiyaya gəlib vidalaşmayıb».

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button