“10 il iş versəniz də, mübarizəm davam edəcək”

Şahin Həsənli

Şahin Həsənli: “Bizi həbs edənlər övladlarına xərclədikləri pulları cibimizə narkotik, silah-sursat qoymaqla əldə edirlər”

Gəncə şəhər Apellyasiya Məhkəməsinin hakimləri mürgüləyərək birinci instansiyanın çıxardığı qərarı qüvvədə saxladı

 Gəncə Şəhər Apellyasiya Məhkəməsində ötən gün 2 aprel mitinqinə görə həbs edilən AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənlinin apelyasiya şikayətinə baxıldı.  Xatırladaq ki, Ş.Həsənli Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət başlanılıb və iki il azadlıqdan məhrum edilib.

Məhkəmə prosesinə AXCP sədrinin müavini Gözəl Bayramlı, Rəyasət Heyətinin üzvi Nemət Əliyev, Təşkilat Şöbəsinin üzvü Təhməz Təhməzov, partiyanın Gəncə, Samux, Tovuz, Kəlbəcər, Ağstafa, Şəmkir rayon şöbələrinin rəhbər və fəalları, ATƏT-in nümayəndələri gəlmişdilər.

Hakim Elşad Bayramovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı qismində Nəsib Nəcəfov çıxış edirdi.

 Cavabsız suallar

 Məhkəmə Şahin Həsənlinin vəsatətinin müzakirəsi ilə başladı. AXCP funksioneri siyasi sifarişlə həbs olunduğunu bildirdi: “Məni haqsız yerə həbs ediblər. Həbs olunmazdan bir neçə gün öncə izlənmişəm. Odur ki, 2 aprel mitinqindən əvvəl Şəmkirə getdim. Yatdığım yerdə dörd mülki geyimli şəxs məni oyadıb, qandallayıb apardılar. Bu necə ola bilər? Guya məndə patron olub. Niyə o patronları mənə göstərmirlər? Patronlar hansı quruma məxsus olduğu ekspertiza zamanı niyə məlum olmayıb? Ekspertizanın rəyində göstərilir ki, niyə “cibimdə” olan patronların nömrələri silinib? Bu suallar cavabını axtarır. Açıq-aydın hiss olunur ki, siyasi sifarişlə həbs olunmuşam. Qondarma ittiham olduğu üçün azad edilməyimi tələb edirəm”.

Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu dilə gətirərək qeyd etdi ki, istintaq prosesi düzgün aparılıb, vəsatətdə göstərilən hallar həqiqəti əks etdirmir.

Məhkəmə də dövlət ittihamçısının mövqeyini bölüşərək vəsatəti təmin etmədi. 

Vəkil Əlayif Həsənov çıxış edərək Şahin Həsənlinin cibinə atılan patronların məhkəməyə gətirilməsini xahiş etdi: “Patronlar məhkəməyə gətirilsin. Şahidlər dindirilsin. Şahidlər məhkəməyə ifadəsində 18:30-da yoldan tutulduqlarını deyirlər. Protokol tərtib olunanda şahidlər 18:30-da “şahidlik” ediblər. Bu necə ola bilər? Onlar nə vaxt polis idarəsinə gətirildilər və nə vaxt şahid oldular? Heç olmasa, Şahin Həsənliyə “cibindən” hansı patronların çıxdığını göstərin. Mən məhkəmədən ədalətli olmağı tələb etmirəm. İşin nə yerdə olduğu hamıya məlumdur. Yaxşı olar ki, ədalətə oxşar məhkəmə qurub şahidləri gətirin. And içəməyə də bir şey olsun. Şahidlərdən biri məhkəməyə ifadə verən zaman hakimə “naçalnik, daha nə deyim?” deyə söyləyirsə, məhkəmənin necə keçirildiyini sübut etməyə ehtiyac yoxdur”.

 “Demokratik, sivil cəmiyyət qurulmayana qədər mübrizədə varam”

 Məhkəmə prosesi gedə-gedə hakimlər mürgüləyirdi. Yalnız zalda gülüşmə, replikalar onları oyada bilirdi. Ancaq az keçmədən yenə yuxulayırdılar.

Əlayif Həsənov çıxışında bildirdi ki, Şahin Həsənlinin həbsi məqsədli şəkildə olub: “”Şahin Həsənlidə patron var” məlumatını alan əməliyyatçılar onun qaldığı ünvana silahsız gediblər. Bu sübut etmirmi ki, müdafiə etdiyim şəxs siyasi motivlərlə həbs edilib? Axı əməliyyat keçirən orqan əvvəlcədən lazımı tədbirlər gördükdən sonra sözügedən ünvanda əməliyyat axtarış tədbirləri aparmalıdırlar. Ancaq bu olmayıb. Əgər həqiqətən Şahin Həsənli silah gəzdirirsə, niyə onun ətrafını müəyyənləşdirənə qədər güdülməsi üçün əvvəlcədən məhkəmə qərarı olmayıb? Belə qənaətə gəlmək olur ki, əməliyyat nöqteyi-nəzərindən bu işlər Şahin Həsənlinin sırf siyasi fəaliyyəti ilə bağlı olmasını sübut etmək üçün olub”.

Əlayif Həsənov ərəb ölkələrində baş verən prosesləri məhkəmənin diqqətinə çatdırdı: “Bilin və agah olun ki, ərəb ölkələri də uzun illər avtoritarizmdən əziyyət çəkirdi. Orada da müstəqil məhkəmə yox idi. Ancaq bir gün insanlar ayağa qalxıb öz haqlarını tələb etdilər. Bu, bizdə də olacaq. Ərəb baharı çox tez bir zamanda bizə də gəlib çatacaq. Bir gün siz hakimlər üçün də belə qurama məhkəmə prosesi keçiriləcək. Evinizdən nə vaxtsa atom bombasının çıxacağına şübhəniz olmasın”.

Şahin Həsənli son sözündə birinci instansiya məhkəməsində, eləcə də Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində istintaqın qərəzli aparılmasını Gəncə Apellyasiya Məhkəməsi bir daha sübut etdi: “Azərbaycanda demokratik, sivil cəmiyyət qurulmayana qədər mən bu mübarizədən geri çəkilməyəcəm. Hətta 10 il iş versəniz belə mübarizəmiz davam edəcək. Ancaq bu sifarişi yerinə yetirənlər övladlarının yaxşı təhsil alması, komfort şəraitdə yaşaması uğrunda mübarizə aparırlar. Onlar övladlarına xərclədikləri pulları bizlərin cibinə narkotik, silah-sursat qoymaqla əldə edirlər”.

Məhkəmə müşavirə otağına getdi. Bir neçə dəqiqədən sonra Elşad Bayramov apellyasiya şikayətinin təmin olunmadığını, birinci instansiya məhkəməsinin çıxardığı qərarını qüvvədə saxladığını bəyan etdi.

 Ramin Deko

Bakı-Gəncə-Bakı

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button