“5 papaq” sualı

İlham Tumas

Dünən iki professorun, iki ayrı-ayrı partiya funksionerinin, üç nəfər də şəkilləri qəzetlərdə çıxıb, adlarına “müstəqil politoloq” deyilənlərin qatıldığı bir söhbətdə iştirak eləyirdim. Adamlar bu gün üçün xeyli əhəmiyyətli hesab olunan ABŞ-ın İrana hücum edib-etməyəcəyi ətrafında dartışma yapırdılar. Və hamını da bir sual düşündürürdü ki, görəsən, sözügedən məsələdə qabağa düşmək üçün Azərbaycan hansı yolu seçməlidir? Mübahisənin “eniylə-uzunu” qeyri-müəyyən olsa da, bir sıra qiymətli fikirləri sezməmək mümkün deyildi. Hətta bizimstrateqlərin ağızlarından çıxan gələcəyə yönəlik proqnozlarla bəzi ümumiləşmələr də apara bildim. Ümumi ab-havadan bəlli oldu ki, bizlərdə ABŞ-ın İrana hücumu ilə bağlı əsasən iki fikir mövcuddur. Birinci fikir ondan ibarətdir ki, ABŞ İrana hücum etsə yaxşıdır, çünki o zaman Güneydəki soydaşlarımız bundan yararlanaraq, zülmdən qurtularlar və ən azından, özlərinin muxtariyyətlərini yaradarlar. İkinci fikir sahibləri isə belə düşünürdülər ki, ABŞ İrana hücum etməsə yaxşıdır, çünki müharibə olar və bu müharibədə bizim soydaşlarımız da qırılar. O ki qaldı muxtariyyət məsələsinə, dünya ağalarının fırıldağını bilmək olmaz, bir də gördün, qanımızı tökdülər, əvəzindəsə İraqdakı kimi bizə heç nə vermədilər…

Mənim yoldaşların fikirləri ilə işim yox. Ancaq nədənsə, qulaq şahidi olduğum bu söhbət əsnasında ustadım Əlisa Nicatdan 3-4 il bundan əvvəl eşitdiyim bir nəsihət yadıma düşdü. Heç bir şəkk olmadan dünya fəlsəfəsinin dərin bilicisi olan ustad deyirdi ki, hər bir millətin üstünlük təşkil etdiyi dövlətinin sürdürdüyü bugünkü siyasəti onun minillər əvvəl formalaşmış mədəniyyəti ilə sıx bağlıdır. Doğrudan da, məsələn, yunanları götürək. Onların dünya siyasətində tutduqları yer hamıya bəllidir. Ancaq o da bəllidir ki, bu düşüncə tərzi minillər ərzində formalaşıb, nəsildən-nəslə ötürülüb və nəhayətdə, siyasət aləmində belə mahir diplomatları olan bugünkü yunan millətini yaradıb.

Açığı, Əlisa müəllimin bu nəsihəti yadıma düşən kimi özümü çox naqolay hiss elədim. Və ABŞ-İran münasibətləri, bizlərin də bu münasibətlərin nəticəsinə ünvanlanmış proqnozlarımız mənə bu dünyanın özü qədər puç göründü. Ona görə də, hörmətli strateqlərin söhbətlərinə müdaxilə elədim, o zaman ustadımın qədim yunanlardan əxz elədiyi və mənə verdiyi “5 papaq sualı”nı “ortaya” tulladım, özü də belə bir şərt kəsdim: “Əgər eradan çox-çox əvvəl yunan filosoflarından birinin verdiyi bu suala cavab tapdınızsa, o zaman sizin də, danışdıqlarınızın da çox ciddi olduğuna inanacaq və əmin olacağam ki, bu dedikləriniz nəyəsə dəyər, müdrik adamlarsınız. Yox, əgər tapmadınızsa, rica edirəm, bu cür qəliz məsələlərlə nə özünüzü, nə bizləri çətinə salmayın, qoyun, görək, başımıza haranın külünü tökürük”.
Əlisa Nicatın danışdığı yunan hekayəti isə belə idi: «Üç nəfər filosof mübahisə eləyirlər ki, onlardan hansı daha müdrikdir. Bu zaman yoldan ötən başqa bir filosof onların mübahisəsini həll etməyi boynuna götürür və xurcunundan 3 qara, 2 ağ rəngdə papaq çıxarır. Filosofların gözlərini bağlayır və hərəsinin başına bir qara papaq qoyub, ağ papaqları gizlədir. Sonrasa filosofların gözlərini açıb sualını verir: “Kim öz başındakı papağının rəngini desə, ən müdrik adam da odur. Mübahisə eləyənlər xeyli fikirləşəndən sonra biri deyir ki, başımdakı qara papaqdır». Beləliklə, sualım belə oldu: «Müdrik yunan haradan bildi ki, onun başında məhz qara papaq olmalıdır?»

Sualı məclis iştirakçılarına ünvanladım və tapılması üçün qardaşlara düz 1 həftə vaxt verdim. Siz də fikirləşin, tapsanız, deyərsiniz. Çünki mənə elə gəlir, bu cür incə mətləbləri tapa bilsək, ABŞ-ın İrana hücumundan bizlərin nə qazanıb-itirəcəyimizi də hesablaya bilərik…

ilham_tumas@mail.ru

Əlaqəli məqalələr

1 şərh

  1. Duz cavab veren mudrik bele dushunur: Men 2 qara papaq gorurem. Demeli bashimda ya qara ya da ag papaq ola biler. Bashimda ag papaq olsaydi bashqa mudrikler dushunub cavab vererdiler ki olrarin bashinda qara papaq var. Onlar bele dushunerdiler – “Birinin bashinda ag papaq var, o birisinin qara papaq. Menim bashimda ag papaq olsaydi, qara papaqi olan gorerdiki ikinin ag papaqi var, ve qerare gelerdi ki onun qara papaqi var, chunki tek 2 aq papaq var” Onlar susurlarsa, menim bashimda aq papaq yox, qara papaq var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button