“At tövləsi”i

Qənimət Zahid

II yazı

Bayıl həbsxanası 1874-cü ildə istifadəyə verilib. Bu tarix mənə təsadüfən bəlli oldu. Bu təsadüfə qədər çevrəmdəki dustaqların, demək olar ki, hamısı “Bayıl”ın bir zamanlar at tövləsi kimi tikildiyini və istifadə edildiyini danışmağı xoşlayırdılar. Mən bu “at tövləsi” rəvayətini heç yaxın buraxmırdım, amma tərəddüd edirdim və bu məsələ ilə bağlı mübahisəyə girişmirdim. Dustaq belədir ki, ona ümumi mülahizələr, məntiqi dəlillər-filan keçmir. “Faktın var?”, “gördün?”, “eşitdin?” kimi dəmir sorğular burada əsas müəyyənləşdirici amillərdir. “Mən belə hesab edirəm” kimi ehtimallarla isə sənə bir-iki dəfə güzəşt edərlər, sonra səni elə həmin ehtimallara büküb bir qırağa atarlar və cəza müddətinin sonuna qədər, ən yaxşı halda “ehtimal müəllim” adı ilə yaşamağa məcbur olarsan. Bu cür ayamalardan və arzuolunmaz epitetlərdən yayınmaq üçün Bayıl həbsxanasının doğuluş zamanı və səbəbləri ilə bağlı mübahisəyə də girmədim və sadəcə, “siz öz fikrinizdə qalın, amma mən oğrunun evinin bir at tövləsinin yerində qurulduğunu qəbul etmirəm” kimi, hətta bir az cinayətkarcasına səslənən mülahizə ilə bu cür polemikalarda qeyri-müəyyən üstünlüyümü qoruyub saxlayırdım.
Amma günün birində mənin saxlanıldığım kameraya xarici müşahidəçilər gəldilər. Onları həbsxana rəisi müşayiət edirdi. Mən bu əcnəbilərlə söhbət zamanı tamam təsadüfən dedim ki, bu həbsxananın sökülməsi planlaşdırılır və bir ilin tamamında bu söküntü başa çatacaq. Rəis mənim söylədiklərimi təsdiq etdi və bunun üzərindən əlavə elədi ki, bu söküntü binanın köhnəlib sıradan çıxması ilə bağlıdır, bina 1874-cü ildə, məhz həbsxana kimi tikilib, o zamandan indiyə qədər istifadə olunur… və daha bəsdir.
Bu zamana qədər mənim “xlebnik”lərim də daxil olmaqla ölkəmizin bütün dustaqları Bayıl türməsini “Yekaterinanın at tövləsi” kimi qəbul edirdilər. Amma həmin zamandan sonra bu fikri ən azı, mənim “xlebnik”lərimi çıxmaq şərti ilə bütün dustaqlar qəbul etməyə başladılar. Doğrudur, həmin vaxta qədər mən kamera yoldaşlarıma bir dəfə lap möhkəm izah etmişdim ki, nəyə görə bu həbsxana Yekaterinanın at tövləsi ola bilməzdi. “A balam”- deyirdim, “bu yazıq Yekaterinanın Bakıda at tövləsi tikdirməsi üçün onun Bakıda atları olmalı idi. Amma fakt budur ki, Bakı Yekaterina zamanında Rusiyanın işğalı altında olmayıb. Doğrudur, bu “at Balaxanım” istəyib Azərbaycanı Dəli Petronun vəsiyyətlərinə əsasən işğal etsin, amma ömür vəfa eləməyib və rusların Azərbaycanı işğal planı Yekaterina zamanında başlaya bilməyib”. Amma dustaq üçün bu tarixi faktlar da fakt sayılmaya bilərdi. Üzdə deməsələr də, içəridə: “Əşi, 4 divarın arasında oturub tarixi-Nadir danışır. Bəyəm bu boyda “pristupnı mir nə danışdığını bilmir?” düşündükləri aydın görünürdü. Birdən-birə həbsxana rəisi bir dəstə əcnəbinin üzünə dimdik deyəndən sonra ki, “bu həbsxana filan vaxt tikilib”, buna kimin nə sözü ola bilər. “Atam balası, adam bu boyda müəssisənin rəhbəridir, 30 ildir bu sistemdə işləyir, ola bilməz axı oturduğu stolun bura nə vaxt qoyulduğunu bilməsin”!
Beləliklə, at tövləsi versiyası getdi işinə. Amma bu olayın olub-olmamasına baxmayaraq, Bayıl həbsxanası ürək dağlayan faciələrin, tük ürpədən macəraların məskəni kimi bütün SSRİ-də məşhur bir yer idi. Hələ üstünə gəlsək ki, şəxsən yoldaş Stalin də bu həbsxanada – 2-ci korpusdakı 39-cu kameranın dustağı olub, görün Bayılın reputasiyası haralara vurub çıxır. Yoldaş Stalin Bayıldan qaçmağı da bacarıb! Bu, hər oğulun işi deyil. Qapalı həbsxana göz bəbəyi kimi qorunur. Hər divarının önündə-arxasında tikanlı məftillər var. Buradan qaçmağı həbsxananın tarixi boyu bir neçə nəfər bacarıb, onlardan da biri Stalin olub. Amma ağsaçlı starşina Şamil kişi (mən buraya yerləşəndən bir ay sonra bizim gənc starşinamızı başqa korpusa keçirdilər) “Yerlim, içəridən bayıra atan olmasa, Bayıldan heç kim qaça bilməz”, deyir. “Hətta Stalin də. Stalin bəyəm, qızılquş-zad idi? O da adam idi də. Burada qanad çıxartmamışdı ki… O zaman burada həbsxana işçiləri arasında bolşeviklər vardı, onlar Stalinə qaçmaq üçün şərait yaradıblar, vəssalam. Stalinin həbsxanadan qaçışında xüsusi bir qəhrəmanlıq axtarmaq səfehlikdir”…
İndi Bayılın ən mağmın zamanıdır. Ona görə yox ki, buranı bir ilə-filana söküb tullayacaqlar. Ona görə ki, ölkədə avtoritetli cinayətkar qalmayıb. Həbsxananın hər korpusundan bir avaz gəlir. Hərə özü üçün bir muxtariyyət əldə edib və istədiyi hökmü çıxarır, istədiyi qərarı verir. “Mujik” “kozyol”a qarışıb, “kozyol” “suka”ya. Kimin nə ilə nəfəs aldığı, kimin kimə işlədiyi bilinmir. İndi qanuni oğrular haqqında yalnız əfsanələr dolaşır. “Oğru” qaydaları isə bir çox hallarda imitasiya olunur. İndi hər kamerada bir-iki “işverən” yerləşdiriblər, kimin bir dəqiqədə neçə nəfəs aldığını da “it”lərə xəbər verirlər. Kameradakılar da çox halda bu “işverən”ləri tanıyırlar, amma “təki, xətəri mənə dəyməsin”, deyib gözünün birini yumur, o biri ilə hətta təbəssüm göstərir. Amma belələrinin yeri “şkonka”nın altıdır, axı. Onlar mujiklərlə bir sırada oturub hansı haqla qərar verə bilərlər? Kamerada nəfəs çəkmək olmur, deyirlər. O günlərdə üçüncü korpusdakı kameraların birində uşaqları gəzintiyə çıxarıblarmış. Dustaqlardan birinin koridora kağız atdığını qonşu kameranın “kormuşka”sından görən olub. Sonra da gəlib, “şmon” eləyiblər, metlaxın altındakı oyuqdan şprisi çıxarıblar. Cəmi 4 nəfərin olduğu kamerada 4 nəfərdən biri “it”lərə kağız atır! Heç kim də sorğu-sual eləmir ki, a balam, bu nə məsələdir. Hələ o “kormuşka”dan baxan yaramaza bax! Nə qədər eləyiblər kağızı kimin atdığını deməyib. Eləcə, “gördüm ki, onlardan biri kağız atdı”, deyir. Necə yəni, gördüm, qaqaş?! Arıq idi, kök idi, uzun idi, gödək idi? Adam bəyəm Qaragül qoyunudur, hamısı bir-birinə oxşasın?! Demir, ondan da “spros” var. Elə bilir, burada başını kameraya soxub gizlənməklə iş bitir. Bunun sabah zonu var e, qaqaş! Zona gedən kimi onun ağzını qulağının dibinə qədər lezvalayacaqlar yaxşı oğlanlar. “Ya “naxalka”dır, ya da görüb demirsənsə, şəriksən, deməli”.

Ağamməd (rəis müavini) girir kameraya, heç bir axtarış-filan aparmadan o qədər dustağın içində əlini atır “şkonka”lardan birinin “sekretinə”, telefonu çıxarır, deyir: “bu telefonun sahibi qapını döysün, gəlsin”. Çıxıb gedir. İçəridə mərəkə başlanır. Düşürlər yazıq uşağın üstünə ki, get boynuna al. İşə bax e, qaqaş! Bu “mraz”ların hamısı o telefonla zəng ediblər, axı. Bunların hansının suka olduğunu öyrənməmiş ümumi işə xeyir verən yazığı gözümçıxdıya salırlar ki, get boynuna al! Dəhşətdir! Belə şey olar?! Bu kameranın üstünə eşşək boyda bir “krest” atılmalıdır. Oğlanlar var idi ki, lezvanı qarnına çəkib bağırsaqlarını “oper”in boynuna dolayırdı…
Bunları köhnə dustaqlardan olan Seyid danışır. Həm də ovxalana-ovxalana, göynəyə-göynəyə. Seyid Bayıla birinci dəfədir ki, düşür. Rusiyada, Ukraynada iki-üç dəfə həbsdə olub. Üst-üstə on üç il. Burada növbəti beş ilini gözləyir. Cinayət Məcəlləsindəki maddələri tutuşdurur, Cinayət Prosessual Məcəllədəki maddələrlə baş-başa gətirir, vurur, çıxır, bölür: “Uzağı beş il verərlər, ondan artığı çıxmır”, deyir. Seyid Bayılda birinci dəfədir oturur, amma Bayılın şöhrətini eşidib-bilən dustaqlardandır. Həm də, nə dəxli var? Bayılda oldun-olmadın, dustaq hər yerdə dustaqdır, yaşayış da hər yerdə yaşayışdır. “İndi yaşayışını bilən dustaq azdır”, deyir Seyid.
Bu Seyid haradan çıxdı? Biz axı 8 nəfər idik? Seyidin hekayətini bilmək istəyirsinizmi? Yəqin ki, istəyirsiniz. Bayıl barədə isə hələ çox danışacağıq. Onsuz da söküb atıblar Kürdəxanıya. Bayıl qaçmır, amma Seyid qaça bilər. Buna görə də, Azərbaycanın kriminal aləmindən daha bir yaxşı oğlanın sərgüzəştlərini niyə dinləməyəsiniz ki?..

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button