“Azərbaycanda 60 siyasi məhbus var”

08.02.2012

Tanınmış ictimai-siyasi xadimlər, partiya rəhbərləri və jurnalistlər məhbusların azad olunması ilə bağlı bəyanat yayıb

Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunusun təşəbbüsü ilə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, partiya rəhbərləri və jurnalistləri siyasi məhbusların azad olunması ilə bağlı bəyanat yayılıb. Sənəddə siyasi məhbus meyarı və onların sayı ilə bağlı müzakirələrə diqqət çəkilir: “Əslində Azərbaycan kimi azad olmayan ölkələrdə siyasi məhbusların sayını müəyyən etmək çətindir. Çünki çoxlu sayda siyasi sifarişli məhkəmə proseslərinin ardıcıl izlənməsi mümkün deyil. Bu cür şəraitdə bir çıxış yolu var – bütün tanınmış siyasi mıhbusların azad olunmasını tələb etmək və diqqəti qalanlarına yönəltmək. Hesab edirik ki, vəziyyəti dəyişdirmək üçün bütün siyasi qüvvələr bu məsələdə səylərini birləşdirməlidir. Bizim təklifimizə İctimai Palatanın, İslam Partiyasının, vətəndaş cəmiyyətinin üzvlərinin, Avropadakı diasporamızın dəstək verməsi müsbət haldır. Biz yalnız məğlubedilməz oluruq!”.

Bəyanatda daha sonra bildirilib ki, bütün siyasi və vicdan məhbusları təcili olaraq azad edilməlidir: “Hazırda Sülh və Demokratiya İnstitutunun araşdırması nəticəsində Azərbaycanda 60 siyasi məhbusun olması məlum olub. Halbuki, bu adamların heç birinin günahı sübut olunmayıb, çıxarılan hökm isə siyasi motivli olub. Məsələn, onların içərisində Ruslan Bəşirli artıq 7 ildir azadlığını gözləyir. “Səid Dadaşbəyli qrupu” adı ilə həbs olunanlar isə 5 ildir absurd ittihamlarla mıhkumluq həyatını yaşayırlar. Ötən il isə siyasi repressiyalar baxımından “məhsuldarlıq” olub, bu sırada Bəxtiyar Hacıyev, Vidadi İsgəndərli, İslam Partiyasının üzvləri və İctimai Palatanın “vicdan məhbusu” kimi tanınan üzvlərini xatırlamaq yetər. Baxın, Bəxtiyar Hacıyevin azadlığını ABŞ-ın Harvard Universitetinin məzunları, qanunsuz ittiham olunan dindarların azadlığını isə Tehran tələbələri tələb edir. Ona görə də dini, siyasi baxışlarından asılı olmayaraq bütün siyasi məhbuslar azad edilməlidir və onlar hüquq və azaflıqlarına təminat verilməlidir”. Bəyanatda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının YAP-çı deputat Gülər Əhmədovanın böhtan dolu danosu əsasında həbs olunduğu xatırlanaraq bildirilib ki, jurnalistə elan olunan ittihamlar onun azadlğını 7 il əlindın ala bilər. Halbuki, istintaq 3 ay müddətində ittihamları əsaslandıra bilmədiyindən jurnalistin həbs müddətini daha 3 ay uzadıb: “Bütün baş verənlər hər birimizin hər an həbs olunmaq təhlükəsini artırır. Ona görə də Sizin və bizim azadlığımız üçün səylərimizi birləşdirməliyik!”.

Natiq CAVADLI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button