“Azəristilik” və MİS – soyuqdan bizi dondururlar!

Əfruz Yetkin

Dəryada balıq sevdasına çıxdım…

Sizə kimdən deyim, kimdən danışım, “Azəristilik” Açıq Səhmdar Cəmiyyəti və 79 saylı Mənzil Kommunal İstismar Sahəsindən!

Eşidəndə ki, su istilik sistemi uzun illərdən sonra bərpa ediləcək, fikirləşdim ki, cox yaxşı oldu, mənzillərimiz əvvəllər olduğu kimi, yenə də problemsiz, təhlükəsiz normal istilik alacaq. Amma necə deyərlər, sən saydığını say, gör “Azəristilik” ASC-nin rayon rəisi Mayıl müəllim, sahə rəisi Arif müəllim və 79 saylı Mənzil İstismar Sahəsi, xüsusən də MİS mühəndisi Mirzə müəllim nə sayır!

Binamızda 2010-cu ilin yazında bərpa olunan istilik sistemi guya noyabrın 15-dən etibarən fəaliyyət göstərməli idi. Bəli, guya! 4 otaqlı mənzilimizin cənubda yerləşən 3 otağı ancaq dekabrın 2-dən etibarən ilıqlıq, çox nadir hallarda isə istilik almağa başladı. Şimalda yerləşən qonaq otağı və mətbəxdə isə “soyuq yellər əsir”.

Bəzən gündə 2-3 dəfə gələn ilıqlıq da kəsilir. Hər dəfəsində də mən “Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin dispetçerinə zəng edirəm, o, rayon rəisini arayır, bəzən 15 dəqiqə sonra ilıqlıq gəlir, amma bəzən 2-3 gün o gələn ilıqlığa da həsrət qalırıq.

Dispetçer demişkən, bir haşiyəyə çıxmaq ehtiyaci hiss edirəm. Bu dispetçerlərdən Əliyev soyadlı biri var ki, mən əvvəlcə ona çox hirslənmişdim. Amma sonra düşündüm ki, öz işlərinə bu qədər obyektiv qiymət verən adama niyə hirslənim axı? Dispetçer Əliyev şikayətimə qulaq asıb çox işgüzar bir məsləhət də verdi mənə – “Niyə bura zəng edirsiniz ki, xanim, mənim kimi Siz də pulunuza qıyın, daha sonra həkimə, xəstəxanaya verəcəyiniz pulu işığa, qaza verin, ürəyiniz istəyən kimi də isinin, nə Siz narahat olun, nə də bizi narahat edin!”

Mən məsləhətinə görə dispetçer Əliyevə təşəkkürümü bildirirəm, onu vəzifə borcunun icrası üçün narahat etdiyimə görə üzr istəyirəm, amma o həqiqəti də nəzərinə çatdırmaq istəyirəm ki, biz nə qədər istəsək də, mənzilimizi qaz və elektrik olmadan, onların verdiyi istiliklə onsuz da isidə bilmərik. Yəni pulumuza qıyırıq! Hə, bir də pulumuza qıyıb mənzilimizin bütün boru və batareyalarını dəyişdirmişik, amma onların işlərinə bu qədər “məsuliyyətlə” yanaşacağını təxmin edə bilməmişik. Mən bax bu təxminetmə istedadımızın olmadığına görə də dispetçer Əliyevdən üzr istəyirəm. Ondan soruşmaq istəyirəm ki, əgər normal istilik verməyəcəkdilərsə, bu istilik sistemini niyə bərpa edirdilər ki, mən də onları “narahat edəydim”?! Onu da qaz, işıq və ya su ilə bağlı bir problem üçün deyil, növbətçi dispetçer işlədiyi idarənin birbaşa vəzifəsi olan SU İSTİLİK TƏCHİZATI üçün “narahat” etdiyimi də diqqətinə çatdırıram!

Hə, qayıdaq bizim evə. Qeyd etdiyim kimi, qonaq otağı ilə mətbəxdə isə köhnə hamam, köhnə tas – buz kimi batareyalar. Müxtəlif yerlərdən öyrənməyə çalışdım ki, niyə görə bu batareyalardan vedrələrlə su götürməyimə baxmayaraq, yenə də soyuq su axır. “Azəristilik” ASC-yə zəng etdim, dispetçerlərdən soruşdum. Problemi rayon rəisinə çatdırmaq lazım olduğunu bildirdilər. Dəfələrlə rayon rəisi Mayıl müəllimi, sahə rəisi Arif müəllimi aradım. “Bu gün gələrik”, “sabah gələrik”, “məsələni araşdırarıq” və s. Amma bu vədlər uzun müddət quru vəd olaraq qaldı. Nəhayət ki, günlərin birində Arif müəllim gəldi, baxdı. Əvvəlcə nə desə biz ondan asanlıqla “əl çəkərik” deyə bir bəhanə tapdı. Onu da qeyd edim ki, sağ olsun, bəhanə tapmaqda ən azı rayon rəisi Mayıl müəllim və 79 saylı Mənzil İstismar Sahəsinin işinin ancaq problemləri başqalarının boynuna atmaqdan ibarət olduğunu zənn edən mühəndisi Mirzə müəllim qədər istedadlıdır Arif müəllim də. Dedi ki, problem sizin mənzildədir, boruları batareyalara düz bağlamayıblar, razı olarsınız təmiri dağıdıb boruları yoxlayaq?! Bizdən müsbət cavab alanda başqa bir bəhanə tapdı – qonşuların batareyaları köhnədir, bölmələri normal işləmir, ona görə su dövr etmir. Mənzildaxili problemlərə isə Mənzil İstismar Sahəsi baxır. Daha sonra da gələn suyu zirzəmidən birdəfəlik bağladı.

Zəng etdim MİS-nin mühəndisi Mirzə müəllimə. Mirzə müəllim daş atdı, başını tutdu, problemin “Azəristilik” ASC-yə aid oldunu bildirdi. Onu gəlib qonşuların mənzilinə baxmağa razı salana qədər xeyli dil tökməli oldum – xeyli dediyim təxminən 1 ay! Nəhayət, 5 həftə əvvəl, şənbə günü gəlib baxaram dedi. Şənbə keçdi, bazar keçdi, bazar ertəsi axşama qədər gözlədim, bir xəbər olmadı, saat 5-də zəng etdim MİS-ə. Bir xanım götürdü telefonu, Mirzə müəllimi soruşdum. Dəqiqliklə ünvanımı, mənzilimi soruşdu bu xanım. Mənzilimi öyrənən kimi şəxsi tanışlığımız olmamasına baxmayaraq, məni tanıdı, soyadımı Mirzə müəllimə söylədi, görünür ki, Mirzə müəllim onu “narahat edən” bir sakin kimi mənim haqqımda çooox söhbət edib idarədə.

Dedi ki, Mirzə müəllim buradadır, indi çağıraram. Dəstəkdən dialoqlarını eşidirəm:

Xanım: – Mirzə müəllim, Yetkindir.

Mirzə müəllim: – Hə, mən o binaya getməli idim, getmədim.

Xanım: – Nə deyim, deyim yoxdur?

Mirzə müəllim: – Hə, elə de!

Daha sonra xanım telefonda mənə cavab verir ki, bilirsiniz, Mirzə müəllim burada yoxdur ey!

Sözün düzü, bu qədərini gözləmirdim, təəccübdən donub qaldım, nitqim qurudu!

Dedim, qoy MİS-in rəisinə müraciət edim. Yanvarın 13-də rəis Elman Osmanovun adına şikayət ərizəsi göndərdim, amma hələ də cavab gözləyirəm! Daşdan səs çıxır, MİS-dən yox!

Nə başınızı ağrıdım, indi qalmışam bu iki idarənin arasında. O bunun üstünə atır, bu onun. Bu yazdıqlarım isə dekabrın 2-dən bu günə gədər başımıza gələn “otoplenie macərası”nın onda biri belə deyil, mən hadisələrin ancaq qısa xülasəsini yazdım.

Hər iki idarənin işçilərinin də is prinsipinə çox yaxşı bələd olan, necə deyərlər, “başına gəldiyi üçün başmaqçı olmuş” bir rəfiqəm mənə boş yerə özümü incitməməyimi, məsələnin bu minvalla da davam edəcəyini, həllinin isə  dəryada balıq sevdasına bənzədiyini dedi. Həəə, demək dəryada balıq sevdası imiş bu iş!

Mən də oturub fikirləşdim ki, bir halda ki, bu dəryada balıq sevdasıdır, mən də dəryada balıq axtarmağa çıxım. Kimə dedim “Yox, getmə, qışdır, soyuqdur!”, – dedilər. Mən də düşündüm ki, bunların heç birinin bizim evdən xəbəri yoxdur, bu dərya deyilən yer nə qədər soyuq olsa da, bizim qonaq otağı ilə mətbəxdən daha soyuq olmayacaq ki! Amma mən bəlkə dəryada qızıl balığı tutaram, dərdimi ona danışaram. O da dərdimə bir çarə qılar!

Yoxsa bizim istilik işimiz bu iki idarənin ümidinə qalası olsa, demək, qurdla qiyamətə qaldı! Qışı isti evdə keçirmək isə, həqiqətən də, əbədiyyətə qədər dəryada balıq sevdası olaraq qalacaq!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button