“Azadlıq!” qışqıranı həbs edəndə, kimsə də dözməyib söyüş qışqırır…

18.03.2012 

Şahvələd Çobanoğlu

Söyüş pisdir, bəli. Söymək bizim üslubumuz və əxlaqımız deyil. Bizim məqsədimiz bu deyil. Ola da bilməz. Bizim məqsədimiz Azadlıqdır. Amma azadlıq qışqıranları həbs edib cinayətkar elan edəndə, kimsə də dözməyib söyüş söyür…

Illərdir bu ölkənin insanını söyürlər, döyürlər, məhv edirlər. Onların bütün haqlarını tapdalayırlar. Mənim özümü dəfələrlə bu ölkənin məmurları söyüb. Atamın ölümündən az sonra məni ən pis sözlərlə söydülər. Halbuki heç bir qəbahətim olmayıb, nəinki cinayətim. Üstəlik, mənim və ölkəmin ideallarımı məhv ediblər. Arzularımızı məhv ediblər.
Bu ölkənin polisi məni hamının gözü qarşısında ölümümə döydü. Unudub hamı. Amma mən illərlə müalicə olundum. Elə vaxtlar oldu, yazı əvəzinə oğluma vəsiyyət yazdım. Üzr istədim ondan. Amma məni haqsız döydürənlərin hakimiyyətinin tükü tərpənmədi. Pullandılar, varlandılar.
Bizi həmişə söydülər. Bizi qarışqa gördülər. Bizi heç saydılar. Güldülər, tənə etdilər. Sevdiyimiz insanlara, dostlarımıza qarşı ən pis əməlləri törətdilər, ölkəmizə məxsus sərvəti öz qazancları kimi yeyib, təntənə yaşadılar…

Hər şeyi özlərinə rəva gördülər. Və kimlərinsə buna əsəbləri dözmür.

Amma bir gəncin əsəbi reaksiyasına qarşı münasibətlərin hiddətinə baxın. Fəqət gözünüzü açın və baxın, dünyanın hər ölkəsində idarəçilərə sadə vətəndaşlar nələr demir? Nələr etmir? Söyürlər, yumurta atırlar, pomidor atırlar. Sərbəstcə də gəzirlər…

Öldürəcəksinizmi o gənci? Onsuz da siyasətiniz öldürücüdür…

Amma heç nə bu ölkəyə elədiklərinizi unutdurmaz. Bataqlıqdakı mitinq yerini toplaşma azadlığının çiçəklənməsi kimi qələmə versəniz də. Bəs harada görünüb ki, sərbəst toplaşma zamanı adamı tribunadan döyə-döyə aparırlar?

Neftovision-2012

Azərbaycan Dövlət Neft Şirkəti «Eurovision» yarışmasının əsas tərəfdaşı olub. Sual oluna bilər ki, neft hara, mahnı yarışması hara? Siz nə vaxtdan mahnı yataqlarını tapmaqla, musiqi emalı ilə, rəqs və TV axını kəməri ilə məşğul olmusunuz? Pulunuz var, ona görəmi?

Xalqın pullarını «Eurovision»a xərcləməyə nə var. Idmana səpməyə nə var. Bircə xalqın özünə xərcləməyin. Adam tanıyıram xəstə uşağını ölümdən qurtarmaq üçün müraciət edib, yardım istəyib, Neft Şirkəti ona cavab verib ki, bunun üçün pulları yoxdur.

Amma görün, necə məmnundurlar indi xərcləməkdən. Həm də tək  özləri yox…

«Eurovision.tv»nin direktoru və EBU-nun nümayəndəsi Yorqan Frank deyib ki, onlar bu tərəfdaşlıqdan məmnundurlar: «Səbirsizliklə gözləyirik ki, üzümüzə gələn aylarda biz çox yaxşı əməkdaşlıq edəcəyik və onların da dəstəyi ilə yüksək səviyyəli, möhtəşəm şou həyata keçiriləcək».

Rövnəq Abdullayev isə Azərbaycanda keçiriləcək 57-ci «Eurovision» yarışmasının əsas tərəfdaşlarından biri kimi çıxış etməyə çox şad olduqlarını ifadə edib: «Bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ümid edirik ki, qonaqlar Azərbaycandan razı qalacaq. Biz müsabiqənin ən yüksək səviyyədə keçirilməsi və iştirakçıların, ölkəmizin qonaqlarının Bakıda keçirəcəkləri günlərindən tam məmnun olmaları üçün əlimizdən gələni edəcəyik».

Hərtərəfli dövlət qayğısı

Naxçıvandakı “Şərq qapısı” qəzeti yazır: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov gənclərin inkişafının bundan sonrakı perspektivi və istiqamətləri barədə danışaraq demişdir: «Bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək.”

Daha nə dərdimiz var?

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button