“Bin Ladenin zühuru”

Mirzə Sakit

Aqillər deyib ki, səhərə yaxın gördüyün yuxu mütləq çin olur. Srağagün yerimdə eşələnərək, yata bilmirdim. Qara-qara fikirlər məni başına götürmüşdü. Özümü gah KQB-nin podvalında, gah erməni əsirliyində, gah da səhrada hiss edirdim. Alatoran vaxtı məni yuxu apardı. Yuxuda gördüm ki, mən Milli Məclisin deputatıyam. Özü də Xankəndindən seçilmişəm. Yerim də lap arxa tərəfdədir. Həmin gün islasda Prezident Aparatının göstərişiylə hansısa qanun layihəsinin “müzakirəsi” gedirdi. Pənah Hüseynov bu qanunun qəbul olunmasının absurd olduğunu iddia edərək, hirsindən pencəyini çıxartmışdı. Bu vaxt Siyavuş Novruzov yerindən qalxıb, pencəyini də, köynəyini də çıxardıb əlini ölçə-ölçə Pənahın üstünə qışqırırdı. Mən Xankəndinin deputatı olduğumdan mənə söz vermirdilər. Ümumiyyətlə, mənim mikrofonum yox idi. Arabir qalxıb, “ə, bəsdirin” – deyirdim.

Birdən zalın qapıları taybatay açılaraq, içəri bir sürü silahlı, saqqallı, əmmaməli adamlar daxil oldular. Lap qabaqda da dünyanın bir nömrəli terrorçusu çənab Bin Laden. Ay dədə vay…

Bin Laden beqafıl sədarət əyləşdiyi yerə tərəf yeriyib, spiker Oktay Əsədova dedi:

– Əssəlamün-əleykə.

Cavab gəlmədi.

Bin Laden salamı bir də təkrarladı. Yenə cavab gəlmədi. Bu dəfə o üzünü zala tutub hamıya salam verdi. Elə bir sükut yaranmışdı ki, sankı son 15 ildə bu zalda bir ins-cins olmayıb. Bin Laden başının işarəsi ilə öz adamlarından birinə göstəriş verdi. Həmin adam sədarət kürsüsünə qalxıb, əlindəki su tuluğunu Oktay müəllimin başına əndərdi.Oktay müəllim dəhşətli çığırtı ilə yerindən dik atıldı. Dili topuq vura-vura Bin Ladenə tərəf yeddi dəfə salavat çevirib, “xoş gəlifsiz” – dedi. Bin Laden onun yaxasından yapışıb qışqıraraq dedi :

– Ayə, Amerikanın dutkasına gedib mənəmi terrorçu deyirdin? Di cavab ver.

Oktay hər şeyin necə baş verməsini demək üçün ondan aman dilədi və başladı:

– Qurbanın olum, cənab möhtərəm Prezi….eee…bağışla, həzrəti Bin Laden, mən bu işdə təzəyəm. Bura təyin olunandan bəri bir dəfə də olsun, mən sənin adını çəkməmişəm. İnanmırsan Aydından soruş.

Həmin dəqiqə zalın ortasında Aydın guppultu ilə yerə sərildi.

Bilirsiz, burda məndən qabaq spiker işləyən Murtuz var, o, sənin haqqında tez-tez xoşagəlməz sözlər danışırdı. Hələ mən ona neçə dəfə demişdim ki, nəyinə gərəkdir, özün müsəlman ola-ola Amerikaya xoş getsin deyə, o boyda kişinin dalınca pis-pis danışırsan. Qadan alım, bunu Mübariz Qurbanlı da təsdiqləyə bilər.

Zalda ikinci guppultu səsi gəldi. Mübarizin kreslosu boş görünürdü.

Bin Laden Oktayın yaxasını buraxıb gözünü zala gəzdirə-gəzdirə dedi:

– Kimdir Murtuz, qalxsın ayağa.

Bu arada Murtuz Maqsuda xısın-xısın yalvarırdı ki, sən kəsdiyimiz çörək,qalx de, Murtuz mənəm. Özün görürsən daa qoca, xəstə adamam. Maqsud da onu dümsükləyib deyirdi ki, əə, yeri işinin dalınca, qoca, xəstə adam evində oturar, daha yeddi dəfə deputat olmaz. Universiteti ordan dağıtdın, Parlamenti də burdan. İndi də istəyirsən ki, məni bədfaya verəsən. Yox, əzizim, keçməz, mən Luiziana ştatının fəxri vətəndaşıyam.

Bin Ladenin dəlicəsinə bağırtısı onların “sövdələşməsini” yarımçıq qoydu.

– Mən axırıncı dəfə deyirəm, kimdi Murtuz?

Sükut.

Bin Laden adamlarına əmr etdi ki, deputatlardan 10 nəfəri çıxardın qabağa. Terrorçular 10 nəfəri dəhmərləyə-dəhmərləyə qabağa çıxartdılar. O, öz adamlarından birinə göz basdı. Bir nəfər deputat artıq yerə sərələnmişdi. Səhv etmirəmsə, Xocalıdan təyin olunan deputat var ee, Xocalı soyqırımından sap-sağlam çıxan… Elmandı, nədoo…

Bu vaxt Siyavuş Murtuza qışqırdı:

– Ə, yekə kişisən, bu camaatı niyə qırğına verirsən, çıxsana qabağa. Keçmişdə törətdiyin üstü açılmamış qətllər bəs deyil, indi də burada soyqırıma povod verirsən?

Yenə də yazıq Pənah çıxdı qabağa və özünü Murtuz kimi təqdim etdi.

Bin Laden altdan-yuxarı Pənaha baxıb soruşdu:

– Sənsən Murtuz ?

O saat o tərəfdən Murtuz dedi ki, bəli, cənab Laden, Murtuz odur.

Bin Laden üzünü zala tutub amiranə səslə:

– Burada Həcc ziyarətində olanlar var?

Gözünə döndüyüm Xanhüseyn Kazımlı, Hacı Madər və başqa hacı deputatlar sevincək irəli cumdular. Hamısı xorla – “Biz Hacılarıq, ya Bin Laden” dedilər…

– Deməli, siz hacılarsınız…

– Bəli, bəli, həəə, qurban olum…

– Hımm, deyirsiz, hacılarsınız daa… dəqiq?

– Həə, ya Laden, şeyx də təsdiqləyə bilər. Onun özü yüz dəfə Həccdə olub.

– Yaxşıııı, onda deyin görüm, bu deputatların içi siz qarışıq neçəsi saxta seçilib? Bəri başdan deyirəm, yalan danışan yerindəcə güllələnəcək.

Iki güllə olacaq, həm hacı olub yalan danışdığınıza görə, həm də saxta seçildiyinizə görə. Bir şans verirəm, içinizdən bir nəfər – həqiqəti deyən sağ qalacaq. Di haydı…

Xanhüseyn Kazımlı bir addım qabağa çıxıb, başladı, nə başladı:

– Həzrəti Bin Laden, birincisi, MSK sədri Məzahir Pənahovu bura gətirmək lazımdır. Ən böyük saxtakar odur.

Bin Laden qaşlarını düyünləyib acı-acı gülümsədi:

– Bura bax, sən özünü məndən ağıllı hesab edirsən? Məlumat üzün sizə deyim ki, mənim bir dəstə terrorçum artıq MSK-dadır. Məzahir infarkt olub və ölüm ayağındadır. Bir dəstəm baş nazirin yanındadır, bir dəstəm Ziya Məmmədovla “marşrutka”da “söhbətdədirlər”, bir dəstəm Prezident Aparatında, Təhsil Nazirliyində, Səhiyyə Nazirliyindədir. Ramil Usubovla Zakir Qaralovu artıq Tora-Boraya aparıblar. Ədliyyə naziri ilə müavini 14 saylı zonun “plasında” dindirilirlər. Gömrük Komitəsində külli miqdarda narkotik maddə dəstəmiz tərəfindən aşkara çıxarılıb. Fövqalnazir intihar edib. Maliyyə naziri itkin düşüb. Əmək və Sosial müdafiə naziri tərs kimi rüşvət aldığı yerdə yaxalanıb. Bakı meri Hacıbala bizimkiləri görən kimi havalanıb. Nə qədər eləyirlər, gülməyini kəsə bilmirlər. Eləcə əlini-əlinə vurub şaqqanaq çəkir. Onunla məsələ aydındır. AZAL-ın şefini pilotsuz raketə qoyub buraxıblar. Müdafiə naziri ilə Xarici İşlər nazirini “Lambada” oynamağa məcbur ediblər. Rəqs qurtaran kimi güllələyəcəklər deyə, dayanmaq istəmirlər. Deyirlər ki, nə qədər lazımdısa oynayaq, təki bizi öldürməyin. Qaçqınkom dəniz vasitəsilə qaçmaq istəyərkən top atıb onu elə oradaca batırıblar. Əflatun Amaşova 4 saatdı ki, rəsmi qəzetləri yedizdirirlər, Əli Həsənova əmr ediblər ki, 12 saat dayanmadan intervü verməlisən, özü də YAP-ın əleyhinə. Sən demə, ürəyi dolu imiş. Ramiz Mehdiyevi özümüzlə aparacağıq, özü də dağarcığın içində…

KQB-nin şefi narkotik qaçaqmalçılığı ilə “mübarizə” apardığına görə, ona öz işini “xatırladacağıq”. Sonrası bəlli deyil. Ali Məhkəmənin sədri Ramiz Rzayevi və bütün hakimləri doldurublar “Gülüstan” sarayına, silahı da veriblər Azər Orucovun əlinə. Azər Orucovun özünün dilini kəsiblər. Əbülfəs Qarayevə tapşırılıb ki, dayanmadan ariya oxusun.

Qəfil güllə səsinə hamı diksindi. Bin Laden Murtuzun şəklini əlində tutub qışqırırdı:

– Elə bilirsiniz, məni aldada bilərsiniz? Sizin hamınızın dosyesi mənə çoxdan məlumdur. İndi isə qadınlar çıxsınlar bayıra, onlara azadlıq verirəm.

Qadınlar bir-birinin üstündən özlərini qapıdan çölə atırdılar. Ən şüvənliyi salan spikerin müavini idi.

Bu zaman Maqsud üzünü Bin Ladenə tutub dedi:

– Cənab Laden, yuxarıda akkreditə olunmuş jurnalistlər əyləşiblər, bəs onlara niyə toxunmursunuz?

– Ayə, ən vəhşi, ən geridə qalmış ölkələrdə jurnalistlərə toxunmurlar, sən mənə ağılmı öyrədəcəksən? Sənə üçü sayana qədər vaxt verirəm, al bu tapancanı, özünü vur.

Bir… iki…

Artıq o mübarək mərasim yerinə yetirilmişdi.

Və bundan sonra terrorçular sıraya düzülərək, silahlarını deputatlara tərəf tuşladılar. Bin Laden əmr etdi ki, mən əlimi saqqalıma aparanda birinci hacı deputatları, ikinci “cib” müxalifətçiləri, uçüncü Əhəd Abıyevi, sonra isə hamısını…

Bin Ladenin sağ əli yavaş-yavaş saqqalına tərəf qalxdıqca, zalda vəhşət qopmuşdu. Deputatlar özlərini bir-birinin arxasında gizlətməyə çalışırdılar. Sağ əl artıq saqqala çathaçatda idi ki…

…Qalxın, qalxın görək, “razvod”du, tez olun!

Yerimdən dik atılıb “bismillah” dedim. Hər şeyin yuxu olduğunu dərk edəndən sonra üç dəfə salavat çəkdim. Dustaq yoldaşım cəlilabadlı Mehman kişi əlini bir yerə, bir də mənim başıma çəkib “bismillah” dedi.

Amma yuxunu səhərə yaxın görmüşdüm. Çin çıxacağından qorxuram. Allah, sən özün bizə kömək ol!

07 mart 2008-ci il, 14-cü zon

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button