“BİZ ONA GÖRƏ AZADLIĞIMIZI ƏLDƏ ETMƏMİŞİK Kİ”…

DİA.AZ: – Milli Qurtuluş Partiyasının Fəxri başqanı Məhəmməd Hatəmi Tantəkin ölkədə baş verən son hadisələrə münasibət bildirib. MQP Mətbuat Xidmətinə verdiyi açıqlamada dissident siyasətçi aşağıdakıları söyləyib:

“Mən son zamanlar baş verənləri ürək ağrısı ilə izləyirəm. Siyasi fəaliyyətinə müdaxilə etmədiyim MQP bu hadisələrə mənim də bölüşdüyüm münasibətlərini bildirsə də, Milli Azadlıq Hərəkatında xüsusi rolu olan bir şəxs kimi özüm də xüsusi açıqlama ilə çıxış etmək qərarına gəldim. Bu açıqlamam millətim və vətənim önündə mənim borcumdur və tarix üçün edilir. Mən o fikirdəyəm ki, Quzey Azərbaycan Milli Azadlıq Hərəkatının nəticəsində azadlığına qovuşub, heç də bu hadisə Sovetlərin dağılması nəticəsində öz-özünə baş verməyib.

Bu barədə “Xural” qəzeti hakimiyyətin üzərinə gedib, milli mövqe nümayiş etdirdiyi üçün onu dayandırdılar, Əvəz Zeynallını həbs etdilər. Mən bu gəncin azad mövqeyinə görə cəzalandırılmasını pisləyirəm, onun təcili azadlığa buraxılmasını istəyirəm.

Bundan sonra tanınmış yazıçı-publisist Rafiq Tağının qətl edilməsi də məni çox sarsıtdı, onun yaxınlarına, bütün Azadlıqsevərlərə baş sağlığı verir, səbr diləyirəm. Bu qətlin birmənalı olaraq təşkilatçısının İran adlanan dövlətin fars molla rejimi olduğunu hamı bilir, əlavə ehtimalların isə əsas təşkilatçının kölgədə qalmasına xidmət göstərdiyi düşüncəsindəyəm.

İqtidarın bu qətli törədəni müəyyən etmək cəsarətinə malik olduğuna inanmıram, amma əminəm ki, Tanrı onları heç bir günahı olmayan bir ziyalını həyatdan məhrum etdiklərinə görə cəzalandıracaq, şər imperiyası dağılacaq. Bütün bu hadisələrin ardından Azərbaycan hakimiyyətinin Qərbə acıq vermək üçün Rusiyaya meyllənməsini, Ramiz Mehdiyevin bu ölkə ilə inteqrasiya bəyanatlarını müstəqillik uğrunda mübarizəmizə, verdiyimiz şəhidlərə və müstəqil dövlətçiliyimizə zərbə kimi qiymətləndirdiyimi bildirəm. Əgər hakimiyyət ölkəmizi yenidən Rusiyanın ağuşuna atmağa cəhd edəcəksə, xalq buna imkan verməyəcək, mən də, hazırda Vüqar Bəyturanın başçılıq etdiyi Milli Qurtuluş Partiyası da xalqın öz sıralarında bu meyllərə müqavimət göstərəcək. Biz ona görə azadlığımızı əldə etməmişik ki, yenidən onu məcməidə Rus imperiyasına təhvil verək!”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button