“Eurovision-2012” maaşlara qənim oldu!

Mehriban Əliyevanın diqqətinə…

ARDNŞ-də və İTV-də maaşların kəsildiyi xəbərləri yayıldı…

 “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın sadə vətəndaşlarına əzab-əziyyət gətirməyə başlayıb. XuralTAC əməkdaşlarına bəzi maraqlı məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, bəzi müəssisələrdə artıq “Eurovision-2012” mahnı müsabiqəsi bəhanə edilərək maaşlardan kəsintilərə başlanılıb. Bunlardan biri neft sənayesinin işçiləridir. Mənbə neft sənayesi işçilərinin maaşlarından 1 faiz kəsinti tutulduğunu deyir. Sən demə, “Eurovision-2012”-nin uğurlu keçirilməsi üçün ona “yardım etmək” lazımmış.

Aldığımız digər məlumatlarda İctimai Televiziyada da belə problemin yaşandığı deyilir. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, İTV də işçilərin maaşlarına “əl gəzdirmək” fikrindədir. Buradan da “Eurovision-2012”-nin kassasına pullar göndərmək planlaşdırılır – sadə jurnalistlərin maaş-qonorarlarından!..

Ortaya haqlı sual çıxır – elədirsə, “Eurovision-2012” kimi ciddi bir yarışmaya Azərbaycanın sadə insanları öz məhdud maaşları ilə dəstək verəcəklərsə, bəs o zaman Prezident İlham Əliyevin ayırdığı o boyda pullar, xüsusi büdcə hara gedir? Yoxsa korrupsionerlər “Eurovision-2012”-yə də göz dikdilər? Deməli, bəzi üzdəniraqlar bu yarışmadan istifadə edib korrupsiya ilə məşğul olurlar və ya olmağı düşünürlər…

ARDNŞ-lə əlaqə saxlamağa çalışdıq. Uzun əziyyətdən sonra məlum oldu ki, sən demə, qurumun mətbuat xidməti yoxmuş. İTV-də isə bir səlahiyyət sahibi tapa bilmədik. Nə mətbuat xidmətinin rəhbəri olduğu iddia olunan Tahir Məmmədovun, nə də icraçı direktor İsmayıl Ömərovun telefonlarına düşə bilmədik. Ya qapalı oldu, ya da çağırdı, amma möhtərəmlər götürmədilər.

Biz məlumatı yazdıq. Tədbir görmək isə qalır səlahiyyət sahiblərinin ümidinə…

Ümidiniz sönməsin…

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button