“Mərkəz” qəzetində qalmaqal!

Nigar Almanqızı istefa verib, yoxsa işindən uzaqlaşdırılıb?

Gülər Əhmədova qəzetin baş redaktorluğunu öz üzərinə götürdü…

“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı işindən ayrılıb. Bu barədə qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, Nigar Almanqızı getməsinin səbəbi kimi səhhətində yaranan problemləri və yaxın günlərdə ailəsiylə birlikdə Türkiyəyə daşınacağını göstərib.

Ancaq XuralTAC-a verilən məlumatlara görə, burada başqa səbəblər var. “Mərkəz”ə yaxın mənbələrimizdən aldığımız məlumatlara görə, buna səbəb Gülər Əhmədovanın bir müddət öncə tanış olub parlametndə özünə köməkci olaraq götürdüyü Əhməd Şahidov olub. Mənbənin sözlərinə görə, “ilk gündən Əhməd Şahidovun ulduzu Nigar Almanqızıyla barışmayıb. Cünki Əhmədin özündənrazı halı, qəzet daxilindəki özfəaliyyəti Almanqızının redaktoru olduğu “Mərkəz” qəzetində iş ahəngini pozub. Onun özünü millət vəkili köməkcisi deyil, deputat kimi aparmasını Almanqızı qəbul etməyib və ona həddini bilməsini tövsiyə edib. Və bundan sonra Şahidov müxtəlif yollara əl ataraq Gülər Əhmədovayla Nigar Almanqızının arasına girə bilib. Hətta bu işdə o, tək olmayıb. Ona bir zamanlar prodüsserliyini etdiyi falçı Zirəddinin də köməklik etdiyi söylənilir.”

Deyilənlərlə bağlı Nigar Almanqızıyla, xəbərdə adı çəkilən Əhməd Şahidovla əlaqə saxlamağa calışsaq da, buna nail ola bilmədik. Amma “Mərkəz” qəzetinin sahibəsi Gülər Əhmədova ilə bir neçə cəhddən sonra əlaqə yarada bildik.

“Məlumat almışıq ki, Nigar Almanqızı istefa verib” sualımızı eşidən kimi Gülər xanım bu cavabı verdi: “Nigar istefa verməyib, Nigarı işdən uzaqlaşdırmışam. Nigar ilk gündən qarşısına qoyulan vəzifələrin heç birinin öhdəsindən gələ bilməyib. Kollektivi idarə edə bilməyib, əməkdaşlar arasında intriqa toxumları səpib və “Mərkəz”in irəli getməsi üçün heç bir iş görməyib. Mən ona uğurlar arzulayıram. Ola bilər, Nigar yazı yaza bilsin, amma onun idarəçilik təcrübəsi yoxdur və o, kollektiv idarə edə bilmir” – deyən Gülər Əhmədova bundan sonra qəzetin redaktorluğunu özünün öhdəsinə gütürəcəyini dedi.

Xatırladaq ki, Gülər Əhmədova 1990-cı illərdən mətbuatda fəaliyyət göstərib. Xanım deputatımız o zaman məşhur “Səhər” qəzetinin şöbə müdiri olub və son aylarda da Gülər Əhmədovanın yazıları mətbuatda əməlli-başlı rezonansa səbəb olub. Yəni onu baş redaktor vəzifəsində görmək bizi o qədər də təəccübləndirməyəcək.

Onu da qeyd edək ki, şənbə günü “Mərkəz” qəzetinin baş redaktoru kimi Nigar Almanqızının adı gedib və həmkarımızın 3-cü səhifədə “Gəncliyə şərəf gətirənlər” başlıqlı bir köşə yazısı dərc olunub.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button