“Mətbuat Şurası “reket qurum” elan olunacaq!”

mətbuat şurasıƏvəz Zeynallı: “Ən gözlənilməz aksiyalara əl atacağıq!” Mətbuat Şurasının “Xural” qəzetinə qarşı verdiyi gözlənilməz qərar Azərbaycan mətbuatında zəlzələ effekti yaradıb. Artıq tərəflər bir-biri haqqında hədələyici bəyanatlar səsləndirməyə başlayıblar. Əvəz Zeynallının Mətbuat Şurasını məhkəməyə verəcəyi və onlara qarşı ən sərt addımlar atacağı haqqındakı açıqlamasından sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat” qəzetinə açıqlama verib. Amaşov açıqlamasında “Xural” qəzetinə qarşı 6 şikayətin olduğunu qeyd edərək, hər bir addımı nizamnamə və əsasnamə çərçivəsində etdiklərini deyib: “Mətbuat Şurasının çıxardığı qərarlar onun nizamnaməsinə qəbul etdiyi qaydalara dayanır. Biz hansı qərarı qəbul ediriksə, nizamnaməyə, qərarlara əsaslanırıq. İndiki məqamda “Xural”ın qara siyahıya daxil olmasını isə təsadüf sayıram.”

Məsələyə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının münasibətini öyrəndik. Ə.Amaşovun ziddiyyətlər içinə düşdüyünü bildirən Ə.Zeynallı Mətbuat Şurasını məhkəməyə verəcəklərini və işi Avropa Məhkəməsinə qədər aparacaqlarını bildirdi. “Xural”ın baş redaktoru gündəmdə daha çeşidli aksiyaların olacağının anonsunu verdi: “Necə yəni təsadüf sayıram? Bazardan soğan-kartof alırsan sən? Bu boyda məsələdə təsadüf olar?! Haradan çıxdı bu 6 şikayət? Mənə cəmi 2 şikayət göndəriblər. Sonra 5 şikayət olduğunu deyiblər, indi də 6 olub şikayətlər. Mən qalan 4 şikayətin məğzini və mənasını bilmirəm. Nə tələsik işləri vardı bunların ki, 6 şikayəti bir gündə, iki komissiyanın iclasında keçirirdilər? Kim tapşırığı verib elə? Azərbaycan mətbuatının şərəfi ilə oynayan bu adamlara salam verilməməsi kampaniyasına başlayacağıq. Bunlar el içinə çıxa bilməməlidirlər. Bunları yumurta yağışına tutmaq kampaniyasına start verəcəyik. Artıq xuralçıların və xuralsevərlərin bu istiqamətdə istəkləri də var.”

Yazarlardan çox ciddi dəstək aldıqlarını söyləyən Ə.Zeynallı Mətbuat Şurasının “reket qurum” elan olunmasının gündəlikdə dayanan əsas mövzu olduğunu dilə gətirdi: “Mətbuat yerindən oynayıb. Artıq Şuranın ağ etdiyini hamı bilir və dərk edir. Yazarlar və medianın ciddi isimləri təklif edirlər ki, geniş dəyirmi masa təşkil edək və Mətbuat Şurasını “reket qurum” elan edək. Bu məsələni gündəmdə saxlayacağıq və önümüzdəki günlərdə Azərbaycan mətbuatı bir çox şeylərin şahidi olacaq.”

Ə.Amaşov onu da qeyd edib ki, sentyabrın 19-da, yəni bu gün Mətbuat Şurasının İdarə Heyətinin iclası olacaq və yekun qərar veriləcək. Ə.Zeynallıdan bu məsələyə də münasibət öyrəndik. Cavab qısa oldu: “Mən Şuranın üzvü deyiləm. Buna baxmayaraq, Şura qırmızı xətti keçib və məni təhqir edən qərar qəbul edib. Savaşımız qiyamətə qədər davam edəcək. Hamısının qırmızı xəttini keçəcəyəm.”

Əlaqəli məqalələr

2 şərh

  1. Xural qəzeti əsl tüpkçüdür. Və erməni düşmənlərimizə qarşı da güclü təbliğat aparır. Yetim-yesirə də lazım olanda öz məqalələri ilə dayaq durur. Əsl Azəri Türklərinin qəzetidir. Bu qəzetə bu münasibət düzgün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button