“O gün” Rafiq Tağıyla başladı

Fəxrəddin Hacıbəyli

Dünən Rafiq Tagını bıçaqlayıblar

Xəbəri ilk olaraq bir dostumdan aldım. Ardınca da Facebookda statuslar, şərhlər ard-arda düzüldü. Hər kəs olayı sərt şəkildə qınayırdı. Kimisi hadisənin arxasında fanatik dindarların, kimisi hakimiyyətin dayandığını müxtılif dəlillər gətirərək sübüt edməyə çalışırdı. Mənim düşüncəmə görə, hər kim, istər yazıçıya illər öncəsi qəzəbi, kini soyumayan dindar kəsim, ya da bu kəsimi öz istəyi və maraqları üçün qullanan hakimiyyət olsun, bu Azərbaycana utanc gətirən bir olaydır. Həm toplum üçün – ziyalısına, fikr insanına əl qaldıran, həm də hakimiyyət üçün – ziyalısını, fikir insanını qorumağa gücü yetməyən, yaxud buna çalışmayan kimi. Bu hadisə üz qaralığından başqa bir şey deyil. Bu hadisə həm də indiyədək resmi təbliğatən üfürüb közərtdiyi, sabun köpüyü kimi şişirtdiyi “tolerantlıq və dini dözümlülük mühiti” şousunu bir andaca dağıtdı. Bu ölkədə kilsələrə, sinaqoqlara hücum çəkilmirsə, fərqli düşüncədə olub bunu ifadə etməkdən çəkinməyən çox az sayda aydın öldürülmürsə bu çoxluqda olan toplumun hələ fərqliliyi qəbul edib, ona dözümlü yanaşması demək deyil. Bunun edilməsinə hələ gərəkən şərait yetishməyib. Bunu neçə ildir deyirdik, vəziyyət getdikcə pisləşir, fanatizm güclənir, gün gələcək “təkfir” oxumaqla yetinməyəcəklər, əllərinə silah alıb dediklərini etməyə başlayacaqlar. Budur, həmin “gün” artıq dünəndən gəlib. Qorxduğumuz sayım başlayıb. Bu barədə artıq ciddi düşünməyə dəyər cənab ziyalılar, ictimai xadimlər, “hicab vicdan azadlığının bir hissəsidir” bəyanatı verən vicdan gözətçiləri və ən əsası sayın ölkə rəhbərliyi. “Vicdan azadlığı” deyilən nəsnəyə həm də ifadə azadlığı, fikrini yaza, deyə bilmək hüququ da daxil olduğunu yəqin ki, bilirsiniz. Yolunu açıb şüşədəki cini buraxmağa cani dildən çalışdığınız ideologiyanın fitillədiyi bu qəsd hadisəsiylə bağlı da fikrinizi bildirin. Ölkənizdə düşündüyünü qəzet səhifəsində yazmaqdan başqa bir suçu olmayan (əgər bu suçdursa) aydına, ziyalıya əl qaldırılır, heç olmasa indi səsinizi cıxarıb bu vəhşiliyi, barbarlığı qınayın. Buna görə ki, sizi işdən qovan, vəzifədən, mənsəbdən məhrum edən ki olmayacaq. Heç olmasa mövqe bildirməklə bu gözüqızmış əlisilahlılara təpkinizi göstərin, dindən, vicdan azadlığından danışan qətliamçılara, fitvaçılara quruca sözlə də olsa nifrətinizi bildirin! Anlamaq lazımdır ki, daha iş hədə-qorxu, təhdid həddini aşıb, fanatizm əlinə silah alıb qan tökməyə başlayıb. Bax bu idi qorxduğumuz. Bu gun hələki köməksiz, müdafiəsiz bir yazara hücüm edilir, həm də, soyuq silahla, adi bir bıçaqla. Sabah bu hücum “kafir” elan edilən, “islamın səsini boğan” kimi tanıdılan, dini fanatizmin diktəsinə boyun əyməyən dünyəvi dövlətə qarşı ediləcək, həm də adi bıçaqla deyil, başqa silahlarla.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button