“Politikanlıq siyasi qabiliyyətsizlikdir”

Rafiq Tağı: Siyasət həyata dair formalaşdırıcı əmək növüdür və onunla qabiliyyəti olan hər bir yazıçı məşğul ola bilər.

Politikanlıq siyasi qabiliyyətsizlikdir.

Siyasətin inkarı yazıçının öz maraq dairəsini seqmentar amputasiya etməsi demək olardı. Yazıçının siyasətlə hətta maraqlanması belə onunla məşğul olmaqlığıdır. Siyasətlə maraqlanmayan yazıçı bir şikəst olaraq ömür sürür. Onda yazıçı istənilən antibəşəri siyasətin qurbanına çevriləcək.

Siyasi düşüncəsi olmayan istənilən yazıçını hər hansı ideologiya qız kimi götürüb qaçar.

Bir neçə incə məqamı qulaq ardına vurmayaq. Gərəkdir ki, yazıçı siyasi texnologiyaların içinə girməsin: sadəcə buna onun vaxtı çatmaz – peşəkar siyasətçilərin işidir bu. Yetər ki, yazıçı siyasətin fəlsəfəsini anlasın və araşdırsın, ondakı əxlaqi prosesləri görsün və dəyərləndirsin.

Siyasi partiyanın üzvü olmaq yazıçını səngərdə vuruşan əsgərə çevirir. Yazıçının da səngər “əsgər”liyi, ya partiya “partizan”lığı onun yarıtmazlığı və hətta yaramazlığının göstəricisi olardı.

Dostoyevskinin siyasətə dair fikirləri heç bir siyasətçinin ağlına gəlməz. Ya Tolstoyun, digərlərinin. Maksim Qorki. Soljenitsın. …Bizimkilərin siyasətlə məşğul olması yaltaqlıqdan o yana keçmir. Milli Məclis üzvü olan çox yazıçımızın dilindən çıxan sözü anlamadan, “mən siyasətçi deyiləm”, deməsi qulaqlardan getməyib. Bu absurd Amerika konqresmeninin “mən siyasətçi deyiləm” deməsi kimi bir şey olardı. Tutalım, Ernest Hemenquey konqresmendir və o – “mən siyasətçi deyiləm” deyir, seçici onun dilini çəkib boğazından çıxarardı.

Deməyin belə, mən burda sorğu çevrəsindən çıxıb, siyasətə dair fikirlər də söylədim…

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button