“TT”

Qənimət Zahid

“Azadlıq” qəzetinin baş redaktoru

IV yazı

İlk baxışdan qətiyyən pis uşaqlara oxşamırdılar. Davranışlar, sifət cizgiləri, danışıq maneraları heç bir təhlükə vəd eləmirdi. Belə anlaşılırdı ki, bu uşaqlar bir-iki həftədən artıqdır ki, burada bir yerdədilər. Hamısı da eyni regiondan. Yalnız “TT” Bakılı idi, onu da buradan götürüb apardılar.
“TT”-nin işi Allaha qalmışıdı. Onun islah olunacağına söz verən bir nəfər də tapılmadı. Şamil ovxalana-ovxalana danışırdı ki, Allah mənə elə bir tale yazsaydı, mən ondan on əllə yapışardım: “Bu yaramaz uşağın atası Bakıda böyük bir vəzifədə işləyir. Nəsə, Rabitə sahəsində çox yaxşı bir vəzifə sahibidir. Amma uşaq qoşulub narkomanlara. Narkomanlar da belədir ki, onlara həmişə yeni ortaq lazım olur. Bu geroin var a, onu lənətə gəlsin, dünyanın ən varlı adamını da bircə ilə bankrot elər. Buna görə də geroinə başlayanların hamısının pulu qısa müddətdən sonra qurtarır. Amma bədən bunu tələb eləyir axı. Ya kimdənsə dilənməlisən, ya oğurluq-quldurluq eləməlisən. Ya da ki, belə… Varlı adamların uşaqlarını dövrəyə soxmalısan. Əvvəlcə onlara pulsuz, “bizim uşaq” adı ilə bir neçə dəfə iynə vururlar. Üç-dörd dəfədən sonra hərif damarının yerini tanıyıb özü “gülləyə gəlir”. Amma bu dəfə deyirlər ki, yoxdur, pulun varsa, yerini bilirik, gedək alaq. Hələ bir nəm-nüm də eləyirlər: “Sənin xatirinə ha, öz uşağımızsan, qardaşsan, başqası üçün getməzdik“ kimi tərəddüdlü sözlərlə adamı havalandırırlar. “TT” kimi başıxarablar da bunların bu jestlərindən bir şey anlamır, özünü vacib adam sayır, pulu qoyur bunların ovcuna, üstəlik, minnət də eləyir: “Mən ölüm!” Əlbəttə, öləcəksən, bədbəxt oğlu! Ölməyib neyləyəcəksən ki? Bir il, iki il, lap beş il, ondan o tərəfə çəkə bilməyəcəksən! Hə, bu “TT” də bu yolla olub narkoman, oturub heroinə. Atası-anası da qalıb gicələk. Neyləyək, necə eləyək, başımıza haranın daşını tökək?! Başlayıblar çarə axtarmağa. Bunu bir neçə dəfə aparıblar müalicəyə. Amma geroin müalicə tanımır. Bir-iki ay fasilə verir, sonra təzədən şeytan başlayır barmaqlamağa. “TT” enir həmin köhnə dostlarının yanına, təzə qan, sağlamlaşdırılmış orqanizm, cibində də atasından aldığı “çayxana pulu”. Narkoman qırğıdır, müəllim. Narkomanın gözü rentgendir. Narkoman sifətinə baxanda sənin cibində nə qədər pul olduğunu istənilən vergi müfəttişindən rahat və dəqiq oxuyur. Baxırlar “TT”nin sifətinə, görürlər ki, qaqaşın cibində pul, özü də dingildəyir. “Gedək çay içək”. “Gedək içək də, qaqaş, səninlə lap zəhər də içmək olar. Bomba oğlansan sən”. Gedib otururlar. “Haralardaydın qaqaş, çoxdandır ortalıqda yoxsan, məhlə-küçəni yiyəsiz qoyub ortalıqdan çəkilmisən”? “Müalicəyə getmişdim. Narkologiyaya. Qurtardım e, uşaqlar, bu lənətə gəlmişlə”. “Əlbəttə, qaqaş, cavan oğlansan, nəyinə lazımdır bu zibil sənin! Düz eləyirsən, at getsin. Bundan heç kimə xeyir gəlməyib. Elə biz də, qaqaş fikirləşirik ki, əlimizi- ayağımızı yığışdıraq. Cəhənnəm olsun, üzdən-gözdən düşdük. Odey, filankəsi də tutdular, üç il basdılar getdi. Vaxt gedir, can gedir, pul gedir, abır-həya gedir…”
Qərəz, bu alıcı quşlar “TT”-nin üzünə narkomaniyanın fəsadları barədə o qədər yaramaz sözlər deyirlər ki, “TT”-nin matı-qutu quruyur: “Yox e, bizimkilər də deyir, bunlar yaramaz adamlardır. Evdə mənə narkomaniyadan bu qədər danışsaydılar, mən heç bu zibilə başlamazdım”, deyə düşünür. Gözünə döndüyüm narkoman rentgendir, axı, psixoloqdur axı. Baxırlar ki, güllə hərifin qaşqasından tutub: “Qaqaş “qret” elə də… bu zəhrimar ağrı bizi tıncıxdırıb axı. Onsuz da, bu gün-sabah biz də daşını atırıq, amma “lomka” zibil imkan vermir, gözümüzü açaq.”

Ovsunlanmış “TT” pulunu çıxarıb köhnə dostlarına verir, tələm-tələsik qaçıb bir-iki “çet” gətirirlər. Problem deyil, axı haradan almaq. Bütün sahə müvəkkilləri bilir ki, onların ərazisində kim, hansı pəncərədən, hansı dalandan geroin satır. Rayon polis idarəsində də bilirlər. “Xəritə” əllərinin içindədir. Ərazidəki narkomanların da hamısı “barıqa”nın saatını-dəqiqəsini əzbər bilirlər. Qaçıb gətirirlər, “bişirib” çəkirlər, vururlar şprisə, “TT” baxır, ağzı sulanır, əvvəlcə ürəyindən “bəlkə mən də…” keçirdiyi an güzgü narkoman, psixoloq narkoman, ekstrasens narkoman onun beynindən keçən həmin zəif xətti tutub: “Yox, qaqaş, ağlına belə gətirmə. Yaxşı qurtarmısan, Allah köməyin olsun, davam elə sağlam həyat tərzinə. Bizi də mərdiməzar eləmə. Bəsdi də qaqaş, nəyinə lazımdır. Cavan oğlansan, gələcəyin var, rədd elə başından…” “TT”-nin ağzı sulanmaqda davam edir. Narkoman isə rədd edir: “Yox, eləmə, istəmə” deyib durur. Narkomanda bu artistlik əla alınır. Bilirsən niyə, müəllim? Ona görə ki, narkoman da özünün iki duyğusu arasında qalıb. “Lomka” vəziyyətində olan narkoman üçün dünyada ən müqəddəs və dəyərli şey həmin o bir “çet”dir. Onu kiminləsə bölüşmək narkoman üçün həyatı bölüşmək qədər iri bir fədakarlıqdır. Amma eyni zamanda, narkoman strateqdir! O fikirləşir ki, indi bu “çet”i damarına yeridib qurtarandan sonra yenidən axtarışa başlamalı, yenidən pul tapmalı, sonra yenidən “mal” dalınca getməli, sonra yenidən bir dalan tapıb orada növbəti “çet”i ötürməlidir içəri. Sonrakı axtarışların hamısı pul axtarışı ilə başlayır. Pul da ki, öz ayağı ilə gəlib dimdik dayanıb gözünün qabağında və bundan da imtina etmək istəmir. Bir neçə saat sonrakı ağrıların, həm də dəhşətli ağrıların dərmanı buradadır, onu sındırmaq, yandırmaq, tullamaq olmaz axı. Və narkoman “TT”-ni başından rədd etmək üçün tam səmimiyyətlə bütün variantlarını işlədir, eyni səmimiyyətlə də öz ağrıkəsici dərmanını, həyat iksirini onunla bölüşməyə razılıq verir. Həm də tam səmimiyyətlə bilir ki, bu yarımca “çet” “TT”-ni daha bir uzun müddətə bu çevrəyə bağlayır, “TT”-nin “çayxana pulu” uzun müddət bu çevrənin “mal” axtarışlarını qısaldacaq, onların ağrılarını azaldacaq… Görürsən də, burada hamı səmimidir. Hətta “TT” də. Bu balaca yaramaz da fikirləşir ki, onsuz da müalicə olunmuşam, bir dəfə ilə heç nə olmaz. Yalnız bircə dəfə, vəssalam. Həqiqətən də belə olur. Bircə dəfə, vəssalam: “TT” uzun müddətə bu qara çevrənin pul kisəsi olaraq qalır. Ta o vaxta qədər ki, valideynləri “TT”-nin davranışlarında əvvəlki haqq-hesabı müşahidə eləyirlər. “TT” yemək yeməməyə başlayır, çaya və şirniyyata güc verir, günlərin birində “TT”, məsələn, mayka ilə hamamdan çıxanda anası görür ki, binəvanın qolunun damarları yenə də döyənək olub. Belə. “TT” kimiləri məhkumdur. İndi ata bədbəxt oğlu başına haranın daşını salmalıdır?! Axırı bezir, bir-iki nəfərə “hörmət” eləyir ki, bu zibili gətirib tullasınlar Bayıla. “Qoy türmədə bir-iki ay qalsın, ağlı başına gəlsin”, deyə düşünür. Amma buralar narkomanla doludur. Burada narkomanların işi-gücü “mal” barədə danışmaqdır. Ağrıları keçir, “lomka”dan çıxırlar, amma yenə də, “mal”, onu haradan tapırdılar, kimlərlə vururdular, malvurma ilə bağlı macəralar-əhvalatlar, polisin onları qovalaması ilə bağlı xatirələr, bunları kim satıbmış kimi ehtimallar və ya dəqiqləşdirmələr, qərəz “mal” və onun ətrafında söhbətlərdən başqa bir xatirə yoxdur. “TT” burada adam ola bilməz. Türmə adam olmaq üçün yer deyil, axı. Türmə elə bir yerdir ki, adamsansa, adamlığını qoruyub saxlaya biləcəksən, adamlıq keyfiyyətlərin aşağıdırsa, olan-qalanı da itirəcəksən. “TT” adamdır, bəyəm? O, uşaqdır hələ. 20 yaşı yoxdur. Bundan nə adam olacaq? Onun atasının da başı xarabdır…”
Şamil “TT”-nin hekayətini belə anlatdı. Amma Şamilin də öz hekayəti vardı, burada olan o birilərinin və onların heç birinin hekayəti “TT”-nin hekayətindən az qəmli deyildi. Əlbəttə, mən bunları bircə-bircə danışmağa çalışacam. Həyatın tam təminatsızlığının, sabahın tam sığortasızlığının, insanların buraya atılmasının səbəblərini araşdırmaq qədər cəsarətli bir addıma qərar verməsəm belə, ətrafımda dolaşan bu adamların hekayətlərinin çoxları üçün ibrətamiz dəyəri olacağına şübhə etmirəm. Həbsxana həyatın dibi kimi görünür, amma o, hamının timsalında həyatın dibi deyil. Çoxlarının timsalında həyatın davamıdır. Bizim hamımızın “həyat” adlandırdığımız əsrarəngiz, sərt, bəzən lazım olduğundan daha qaba həyatın davamı. Bu həyat Azərbaycan sərhədlərindən başlayırsa, heroin həmin sərhədlərdən keçirilib gətirilir, bu sərhədlərin daxilində pul, həyat, imtiyazlar qazanan adamların yaratdığı şəbəkə çərçivəsində xırıd edilir. “TT” də, başqaları da həmin şəbəkənin müştəriləridir. Həyat “TT” şəklində davam edir. Həm də, doğrudan da, burada insan varsa, deməli, həyat var. Həyat varsa, orada münasibətlər var. Bu münasibətlər haqqında nə bilirsiniz ki? Heç nə! “Həbsxana akademiyadır”, yaxud “Həbsxana cəmiyyətin tullantılarıdır!” deyənlərin sarsaq mütəfəkkirliyi isə uzaqdan fokuslaşan baxışların deformasiyasından başqa heç nə deyil. Həbsxananın nə demək olduğunu daha dəqiq bilmək üçün onu həbsxanada olmayanların həyatına soxmaq lazımdır. Cəmiyyət həbsxanaya daha yaxın olmalıdır, orada baş verənləri daha aydın bilməlidir. Həbsxana öldürüləcək adamlar üçün yer olmamalıdır. Bizim günlərdə həbsxanaya verilən dəhşətli dəyər büsbütün rədd edilməli, yenilənməlidir. Həbsxana həbsxana nəzarətçilərinin inhisarından çıxarılmalı, oraya şərikli nəzarət təmin edilməlidir. Bunlar mənim həbsxana ilə ilk təmasda gəldiyim qənaətlər idi və axıra qədər də dəyişmədi…
Məsələn, Rasimin hekayətini dinləyəndə mənim bu qənaətlərimi daha artıq bölüşəcəksiniz. Sonra başqalarını dinləyəndə daha artıq qənaətə gələcəksiniz ki, ən qapalı həbsxananı belə cəmiyyət üçün ən açıq şəkildə tutmaq nə qədər zəruridir.

Rasimin hekayətini dinləyin…

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button