“Xaç qayınatası”ndan “el atası”nadək

Elnur Astanbəyli

Və ya Nursultanın kürəkəni Əliyevçi rejimi bizə yenidən necə tanıtdı?

Keçən yazıların birində bu barədə bəhs etmişdim: “Xural” qəzeti Qazaxıstanın avtokrat başçısı Nursultanın kürəkəni, eyni zamanda gözünün düşməni Rahat Əliyevin memuarını dərc edir. Memuar belə adlanır: “Xaç qayınatası”.

Bu kitab antixalq, antidemokratiya rejimlərinin mətbəxini, mahiyyətini anlamaq üçün çox gözəl mənbədir. Bir daha hər birinizi “Xural” vasitəsilə hər bazar “Xaç qayınatası”nı oxumağa çağırıram. “Xaç qayınatası” sizə öz “el atanızı” daha yaxşı tanıdacaq.

Təkcə ona görə yox ki, dünyanın hər yerində ədalətsizlik, qan, pul, zor, saxtakarlıq üzərində bərqərar olan rejimlər üç aşağı, beş yuxarı bir-birinin tayıdır, bir medalın iki üzüdürlər, biri haqqında yazılanlar digəri haqqında da çox şey deyir. Həm də ona görə ki, Nursultanın kürəkəni memuarında bizim Əliyevçi rejim haqqında da çox gözəl diaqnoz qoyub. Sitat: “…təkbaşına hakimiyyətdə oturanlar iki növə ayrılırlar. Bəziləri öz şahlığını tarixi perspektivdə axtarırlar. Onlara nəinki hakimiyyəti əlində saxlamaq lazımdır, hətta özlərindən sonra bu hakimiyyəti inanılmış əllərə buraxmaq mütləqdir. Onların hakimiyyət ambisiyaları öz yaşadıqları zaman kəsiyi ilə ölçülmür. Onlar öz hökumətlərini perspektivdə də görürlər. Heydər Əliyev belə rəhbərlərin klassik nümunəsidir. O, mümkün olmayan kimi görünən bir hədəfə çatdı. Nəinki bu qədər etimadsızlıqdan sonra hakimiyyətə gəldi, hətta bu hakimiyyəti vərəsəliklə oğluna ötürdü. O, Azərbaycan elitasını inandıra bilmişdi ki, hakimiyyəti vərəsəliklə ötürmək və ”Böyük Heydər”in qurduğunu fundamental olaraq saxlamaq onlara daha sərfəlidir. O, inandıra bildi ki, əlində olan yağlı tikəni nəğd saxlamaq onlara hansısa riskli işə girişib hər şeyi itirməkdən daha yaxşıdır”…

Vəssalam, qısa və konkret! Əliyevçi rejimin mahiyyətini ancaq bu qədər aydın, lakonik ifadə etmək mümkündür. Baxmayaraq ki, əslində orada bizim üçün yeni olan heç nə yoxdur. Pir bizimdir və onun kəramətinə Rahat Əliyevdən heç də az bələd deyilik.

Amma əlbəttə, bizim bildiyimiz həqiqətləri başqasından da bu qədər aydın və konkret şəkildə eşitməyin başqa zövqü var. Əgər həmin “başqası” üstəlik, Əliyevçi rejimin xurcuntayı olan Nazarbayev sarayının nümayəndəsi olub, avtoritarizmin mətbəxində bişib, ondan heydərizmi ifşa edən sözlər eşitmək, oxumaq çox xoşdur. Deməli, həqiqət hər yerdən aydın görünür – hətta saray divarlarının arxasından da!

Üstəlik, mən bilirəm, Ilham Əliyev və çevrəsini bu antimilli və antibəşəri hakimiyyət haqqında, onun banisi haqqında Azərbaycandan kənarda deyilən ən kiçik, ən yumşaq tənqid belə necə qəzəbləndirir, cin atına mindirir. Nursultanın indi Avstriyada mühacirətdə yaşayan mühacir kürəkəninin heydərizmə qoyduğu diaqnozun da yaptokratların kefinə soğan doğrayacağını, əsəbiləşdirəcəyini bildiyim üçün buradan tirajlamaq istədim.

Bütün avtoritar rəhbərləri birləşdirən beş cümlə

BIR: “Biz demirik ki, ölkədə problemlər yoxdur, əlbəttə, var”;
IKI: “Biz problemləri də, onlardan çıxış yollarını da bilirik”;
ÜÇ: “Heç bir qüvvə bizi tutduğumuz yoldan döndərə bilməz”;
DÖRD: “Heç bir ölkə bizim daxili işimizə qarışa bilməz”;
BEŞ: “Bizdə müxalifət yoxdur, amma demokratiya var”.

Korrupsiya dünyanın hər yerindədirmi?

Tənqidçi qələmlər bu ölkədə rüşvətin, korrupsiyanın tüğyan etməsindən yazanda nə deyirdi yaptokratlar? “Korrupsiya dünyanın hər yerində var” deyirdi, “Rüşvət dünyanın hər yerində var” deyirdi. Beləcə, özlərini sudan quru çıxarmağa çalışırdılar.

Amma baxırıq ki, dünyanın heç bir yerində “korrupsiyaya qarşı müşavirə”lər keçirilmir, şəhərlərin baş memarları, torpaq şöbələrinin müdirləri həbs olunmur. Maraqlıdır, görəsən, yaptokratlar buna hansı izah verirlər?

“Azadlıq” qəzeti, 08 mart 2011-ci il

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button