“Xalqın başına oyun açanlar onu sevə bilməz”

Cəlal Allahverdiyev: «Kaş bunlar var-dövləti, kəhkəşanları sevdiyi qədər bu xalqı  sevəydi»

«Gələcəkdə dırnaqarası ziyalı o adam hesab ediləcək ki,  onlar bu gün əsl ziyalılara dırnaqarası deyir»

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Cəlal  Allahverdiyev gündəmin aktual məsələləriylə bağlı “Azadlıq”ın suallarını cavablandırıb.

– Cəlal müəllim, bir neçə gün öncə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov büdcədə elmə böyük məbləğdə pul ayırmağa qarşı çıxdı. Dedi, biz bunun  faydasını görmürük.
– Elmə ayrılan pulun miqdarını bilmirəm, lakin onu bilirəm ki, elm müəssisələrinin o pula çox böyük ehtiyacı var. Bu müəssisələrdəki cihazlara böyük pul xərcləməliyik,  ayrılan pul onlara çatmır. Indi elmə lazım olan cihazın qiyməti xaricdə çox bahadır.

Maaş məsələsi bizimkilərin vecinə də deyil

– Bu gün sizin ətrafınızda xeyli sayda alim var. Indi akademiklərin,  akademiyanın müxbir üzvlərinin əmək haqqı bir qədər fərqlidir. Bəs alimlərə verilən əmək haqqının məbləği necə, bugünkü bazara adekvatdırmı?
–  Yox, adekvat deyil, bilirsiniz, mən ölkənin bir şeyindən də narazıyam. Istehsal yoxdur, istehsal olmalıdır, həm kənd təsərrüfatı, sənaye məhsulları istehsal  etməliyik, satmalıyıq, ondan gələn gəlir, xeyir camaata çox böyük qüvvə ola  bilər, amma çox təəssüf ki, o yoxdur. Allaha şükür ki, bizim hələ neftimiz var. Bir nəfər mənə zəng edib deyir ki, Cəlal müəllim, siz bilirsiniz ki, Ermənistan və Gürcüstanda müəllimlərin maaşı bizdəki müəllimlərin maaşından yüksəkdir.  Dedim, mən onu bilmirəm, amma buna inanıram, çünki onlar başa düşür ki, müəllimə  yüksək maaş vermək lazımdır. Amma bizimkinin vecinə deyil o, bizdəki maaşları  tənzimləyən adamların vecinə deyil müəllim nə qədər maaş alır, nəylə yaşayır,  dolanır, nəyə nə xərcləyir.

– Bəs elmə fayda verəcək qədər necə, vəsait ayrılırmı?
–  Fayda gətirə biləcək qədər pul ayrılmır, amma onun faydasını görmək üçün gərək cəmiyyət, mühit ona yönəlmiş ola. Sistemm elə qurula ki, onun faydasını görsün. Mən heç inanmıram ki, bizə bu qədər ali savadlı lazımdır. Çox ali savadlılar  özünə iş tapa bilmir. Amma orta savad hamı üçün lazımdır. Yüksək səviyyəli orta savad. Orta məktəb müəllimlərinin 65 yaş adıyla nə qədərini çıxarıb çölə  tökdülər. Ancaq araşdıran olmadı ki, onların içində nə qədər fayda verə biləcək müəllimlər var.

Kim hakimiyyətə qulaq asmırdı, onları çıxardılar

– Ciddi msələyə toxundunuz, sizcə sözün həqiqi mənasında pedaqoqların kənarlaşdırılması təhsilə təsiri necə olacaq?

– Əlbəttə ki, bunun təsiri mənfi olmalıdır. Çünki bir adamı işdən kənarlaşdıranda gərək onun işdə
verdiyi xeyiri aldığı maaşla müqayisə edəsən, onun getməyindən gələn ziyanla  müqayisə edəsən. Onu eləmirlər, çünki kim hakimiyyətin sözünə qulaq asmır, onu çıxarırlar.

– Yeri gəlmişkən, orada bir meyar da fəxri adlarla bağlı idi, kimin fəxri adı vardı, işdə qaldı. Amma bir məsələdə varki, fəxri adlar bir çox  hallarda rəhbərliyə yaxın şəxslərə verirlir. Sizcə bu, nə qədər doğru meyardır?
– Fəxri adlar SSRI-dən bizə miras qalmış bir şeydir. Başqa ölkələrdə fəxri ad anlayışı yoxdur. Onlarda başqa meyarlar var. Fəxri addan daha  çox müəllimin necə dərs dediyini nəzərə alsınlar, onun girdlərinin müvəffəqiyyətlərini nəzərə alsınlar. Bunu eləmirlər.

– Bu gün ölkəyə böyük məbləğdə neft pulları gəlir, bir alim kimi necə hesab edirsiniz, neftdən gələn gəlirlərin ədalətli bölgü varmı?
– Mən o ədalətli bölgünü görmürəm. Çünki onun necə aparıldığı haqqında dövlət  əhaliyə heç bir məlumat vermir. Camaata kim məlumat verir ki, bilsin büdcəyə gələn pul nə qədərdir, necə bölünür. Müxtəlif tikintilərə o qədər pul ayırırlar ki, heç orada tender də keçirmirlər.

Bu sualı təhsil nazirinə verin

– Bu gün Azərbaycanda ali məktəbə qəbul olunanların arasında yüksək bal toplayanların böyük əksəriyyəti türk liseylərində oxuyanlardır. Qəbul olunanların 90 faizindən çoxu əlavə repetitor yanına gedənlərdir. Bir alim kimi sizin fikrinizi bilmək istərdim, niyə məktəblərdə verilən təhsil ali məktəbə qəbul olmaq üçün yetərli deyil?
– Başa düşürəm, niyə belədir, bu sualı təhsil nazirinə vermək lazımdır, o cavab versin ki, niyə sənin
məktəblərində oxuyanlar ali məktəbə qəbul ola bilmir, lakin türk liseyində oxuyanlar, özəl müəllimin yanına gedən qəbul ola bilir. Nazirin üç müavinini işdən çıxardılar, onları çıxarmaqla deyil ki? Düz demirəm bəlkə?

– Hazırda dövlət qulluğuna daxil olmaq üçün yenidən imtahan vermək tələb olunur. Hətta orta məktəb müəllimi götürülmək üçün yenidən imtahan tələb olunur. Bu nəyə lazımdır, nə üçün dövlət özünün verdiyi diploma etibar etmir?

– Bu, mürəkkəb məsələdir, ona görə də aydınlaşdırmaq istəyirəm. Əvvəlcə deyim ki, ona verilən qiymətə inam çox azdır. Hətta o qiyməti verənin özünün inamı yoxdur. Bilir ki, onu yalandan da ala bilər. Ali məktəbi bitirənlərin çox cüzi hissəsi hardasa lazımdır. O cüzi hissənin içindən ən yaxşılarını seçirlər. Bu, belə olmalıdır, amma işi gərək elə qursunlar ki, bir adamın əlində diplom ola-ola təzədən həmin diplomun həcmində ondan yenidən imtahan götürməsinlər. Bu, diploma inamsızlıq yaradır.

Rafiq Əliyevə ona görə sataşıblar ki…

– Hazırda gündəmin ən aktual məsələsi Rafiq Əliyevin işdən çıxarılmasıdır. Adını da qoyublar ki, işə vaxtı-vaxtında gəlməyib. Halbuki, ölkədə xeyli vəzifə sahibləri var ki, onlar illərlə kafedralara getmədikləri halda, vəzifələrində qalırlar.
– Mən kitabları çox vaxt Rafiq Əliyevdən alıram, gedib götürüb tələbələrimə paylayıram. Rafiqə ona görə
sataşmırlar ki. Ona görə sataşırlar ki, o, iclasda çıxış edib dövlətə xoş gəlməyən suallar qoyub. O sualları mən də qoya bilərəm, o sualları xalq qoymalıdır. Dövlətdən cavab tələb etməlidir. Bir xalqınki seçkilərə 10-12 faizi gedə, yerdə qalanı da deyə ki, əşi, onsuz da özləri kimi istəsələr onu qoyacaqlar, o xalqın başı bəla çəkməlidir. Bu, Allahın bəlasıdır.

Adamlar gərək, belə vəziyyətlə barışmasın

– Amma bu vəziyyəti yaradıblar, adamlar hər dəfə saxtakarlıq görüblər, ona görə seçkiyə getməyə inam qalmayıb.
– Görüblər, amma xalq gərək barışmaya bununla. Adamı nökər etmək olar, lakin nökər öz nökərliyilə
barışmamalıdır. Niyə barışır öz nökərliyilə, öz vəziyyətilə? Mən bunu öz yoldaşlarımla müzakirə edirəm və mübahisələrimiz olur. Camaat mənə deyir ki, onun getməyilə getməməyinin nə fərqi olacaq. Deyirəm, böyük fərqi olmalıdır, sən seçkiyə getmirsənsə, səsini layiqli adama vermirsənsə, sənin nə haqqın var sonra filankəsi seçib-seçməməyi tələb etməyə. Xalq gərək ayıla, o özü haqqında fikirləşmirsə, bir qrup adam seçki keçirib xalq haqqında niyə fikirləşməlidir. Rafiq müəllimin işlədiyi akademiyanın 6 kafedra müdirinin biri Kibernetika Institutunda işləyir. Mən belə başa düşürəm ki, onları rektor çağıtdırıb belə
bir şey yazıb. Onun nə haqqı var, etiraz edib yazmasın? Onu da Rafiq kimi çıxararlar kafedradan.

– Amma siz imzanızdan imtina etdiniz?
– Gərək onlar mənim kimi demək üçün mənim tək olalar. Onlar elə vəziyyətdədir ki, işdən çıxarılsalar, nə ilə dolanmaq sualı ilə üzləşəcəklər. Bunu fikirləşirlər. Mənim tanışlarım, tələbələrim var, bilirəm nə vəziyyətdədirlər. Onlarla danışsam, mənə deyəcəklər, sən bilmirsən ki, başımıza nə oyun gətirərlər. Indi Rafiqin başına gələnlər ona o qədər də təsir etmir, çünki xaricdən də maaş alır və s. Amma başqalarında o imkan da yoxdur axı, yazıqlar  elə vəziyyətdədir ki, onları kafedra müdirliyindən çıxarmaq işdən ıxarmış kimidir.

– Yəni, onlara hardasa haqq qazandırırsınız, eləmi?
–  Onlara haqq qazandırmıram, özləri özlərini belə vəziyyətə salıb. Ölkə o vəziyyətə düşüb, onu həmin vəziyyətdən mən və sən çıxara bilmərik. Amma bütün xalq çıxara bilər. Qoy bütün xalq fikirləşsin bu haqda. Nə üçün Rafiqin haqqında bütün xalq fikirləşmir? Xətrimi istəyən, qaydıma qalan adamlar mənə deyir ki, sənin nə işin var, niyə belə şeylərə baş qoşursan. Deyirlər ki, sənə də çox şeyləri irad tuta bilərlər, buna cavab verə bilməzsən. Mən bunu başa düşürəm.

Əllərində ixtiyarı olanlar düşünməlidir

– Rafiq Əliyevə qarşı kampaniyanı regional müstəviyə keçiriblər, Ziyalılar Forumunu sabitliyi pozmaqda, Qarabağı istəməməkdə ittiham edirlər. Nə vaxtdan haqq sözünü demək Qarabağı istəməmək, sabitliyi pozmaq olub?
– Bu təbii sualdır və cavabı da çox aydındır. Onların Rafiqə irad tutmağa imkanı yoxdur. Bunu deməklə camaatı inandırmaq istəyirlər. Sizin qəzetdə Eldar Namazov doğru demişdi. Vətənpərvərlik onların axırıncı sığınacaq yeridir. Hər şey əldən çıxandan sonra yapışırlar ki, bu, ölkəyə, vətənə ziyan
edər. Xalq bunu başa düşməlidir. Xalqın səviyyəsi yüksəlməsə, xalq öz qaydına qalmasa, ölkəni düzəltmək olmaz. Xalqımız hər cür əzaba dözməyə razıdır, təki sakitlik olsun. Bununla razıyam, mən də ərəb ölkələrindəki kimi qarışıqlıq olmasını istəmirəm, kiminsə döyülməsinə, öldürülməsinə qəti razı deyiləm. Inanıram ki, heç bir ziyalı ona razı olmaz. Amma istəyirəm ki, hakimiyyət, əllərində ixtiyarı olan adamlar mümkün qədər əhali haqqında düşünsün. Vəziyyəti düzəltsinlər, çalışsınlar. Onu görmürəm.

Mən YAP-a əvvəldən inanmadım

– Bizim bəzi alimlərimiz Ziyalılar Forumuna dırnaqarası Ziyalılar Forumu deyir. Buna münasibətiniz necədir?
– Kim dırnaqarası hesab edir, bu, onun şəxsi işidir. Amma gələcəkdə dırnaqarası ziyalı o adam hesab
ediləcək ki,  onlar bu gün əsl ziyalılara dırnaqarası deyib.

– Cəlal müəllim, hansısa partiyada təmsil olunursunuzmu?
– Mən Kibernetika Institutunun direktoru işləyən vaxt Kommunist Partiyasının üzvü deyildim. Hətta H.Əliyev məni institutun direktorluğunu təsdiq edən vaxt qəbul edəndə mən ona partiya üzvü olmadığımı və yaxın vaxtda da üzv olmayacağımı dedim. O da bunun məndən tələb olunmadığını
söylədi. Sonra bizim Əşrəf müəllim məndən bu barədə xahiş etdi. Deyirdilər ki, partiyanın iclaslarına gəlmir, ona təsir edə bilmirik və s. Mən partiya üzvü olmaq barədə xahişlərə baxmayaraq dedim ki, işdən çıxarırlar çıxarsınlar. Təbiətcə çox tərs adamam. Haqq sözü nə olur-olsun müdafiə edirəm. Əşrəf müəllim ərizə yazdıraraq gətirdi ki, buna qol çək, çəkdim. Məsələ belə olub, ondan bir il sonra da KP dağıldı. Partiya dağılandan sonra biletimi atmadım, dedim ki, bu da bir tarixdir. Sonra Müsavat partiyasına ürəklə üzv oldum, amma sonra işlərin belə getmədiyini gördüm. Ondan əvvəl YAP-a çağırmışdılar, dedim ki, Müsavatın üzvüyəm, amma yalan deyirdim, üzvü deyildim hələ. Müsavatdan da ona görə  ürəyim sındı ki, orda bəzi adamlar vardı ki, bir ayağı orda, bir ayağı başqa yerdəydi.
Vətəndaş mütləq partiya üzvü olmalıdır? Partiya üzvü siyasətçilər olmalıdır ki, partiyanın siyasətini yerinə yetirsin. Mən neçə dəfə demişəm ki, heç bir partiyanın siyasətini axıradək dəstəkləmirəm. Ona görə də heç bir partiyaya üzv ola bilmərəm. Bir şeyə ürəkdən inananda məni heç kim onun əleyhinə qaldıra bilməz. Mən YAP-a əvvəldən inanmadım, görsəm ki hansısa məsələyə YAP-ın bir üzvü
düzgün yanaşır, onu dəstəkləyərəm. Başqa bir partiyanın üzvü məsələyə düzgün yanaşanda onu dəstəkləyərəm. Amma bir partiya, ələlxüsus da YAP-la özümü bağlaya bilmərəm.

– Konkret müraciət olsa, nə deyərsiniz?
– Deyərəm ki, YAP ölkənin bugünkü vəziyyətdən çıxarmağı bacarmır, Vəssalam.

– Gənc nəslə nə tövsiyə edərdiniz?
– Haqqı hər şeydən üstün tutsunlar. Haqq üstündə ölümə də getmək olar. Bizim ata-babalarımız bunu
ediblər. Müharibə vaxtı Şuşada bizə mürəbbə verirdilər ki bunu cəbhəyə göndərin, biz ehtiyacımız olsa da, onu yeməyib cəbhəyə göndərirdik. Ömrüm boyu düzgünlük, həqiqət üstündə mübarizə aparmışam. Iki dəfə orta məktəb qurtarmışam, ikisində də medal almalıydım, birində medal, attestat da vermədilər. O birisində qızıl medalı kəsib gümüş medal verdilər. Sonra universitetdə bir müəllim mənə dedi ki,
iki əllərimi kəsəydilər, onu mən eləmişəm, Şuşadan o qədər anonim məktub gəldi ki, o Bakıda oxuya bilməyib, gəlib Şuşada oxuyub.

– Bəs ziyalılara qarşı kampaniya aparanlara sözünüz nədir?
– Onlara bircə söz deyərdim ki, bu xalqı sevin və ona rəhminiz gəlsin. Nahaq yerə onun başına oyun açmayın. Xalqın başına oyun açan adamlar onu sevə bilməz. Onlar kaş var-dövləti, kəhkəşanları sevdiyi qədər bu xalqı sevəydi. Onda belə şeylər baş verməzdi.

Sücəddin Şərifov

“Azadlıq”qəzeti

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button