“Xocalı faciəsi”

“Azadlıq” poemasından bir hissə

Neçə illərdir ki, azadlıq quşu,
Elə hey fırlanır düşmür aşağı.
Neçə illərdir ki, Allah, neyləyim,
Yad əllərdə qalıb vətən torpağı.
Neçə nəsillərin başının üstdən,
Azadlıq ilğım tək keçdi, durmadı.
Böyük bir tarixi yazan millətin,
Tarixin pozdular, dinən olmadı.
Getdi Ulu Göyçə, getdi Zəngəzur,
Getdi əlimizdən ellər, obalar,
Gör neçə əsrdir dayanmaq bilmir,
Millətin başına gələn bəlalar.
Getdi torpağımız hey metr-metr,
Dedilər bu azdı, bir az da çəkil.
Tarıma çəkildi səbri millətin,
Tanrı şahiddir ki, bu rəzalətin
Sonu qurtarmadı, sonu bitmədi,
Yenə göz dikdilər, yenə torpağa
İndi göz tikilib, göz Qarabağa
Millət, Vətən deyib qalxdı ayağa,
Çox böyük ümidlə baxdı sabaha.
Çıxdıq axın-axın, çıxdıq meydana.
Səsimiz yayıldı bütün cahana.
Yumruqlar havaya qalxdı – Azadlıq,
Bu gücü, birliyi hiss etdi “onlar”,
Girdilər araya nifaq saldılar
Satdılar milləti, yaman sattılar,
Sapı özümüzdən olan baltalar.
Görəndə içində bu satqınları,
Qırıldı xalqımın Babək vüqarı.

Meydana toplaşan o milyonların,
Azadlıq yanğısın dünya duymadı.
Haqqı taptalanmış ulu bir xalqın
Səsinə səs verən kimsə olmadı.
Könüllər gəzsə də o tay, bu tayı,
Həsrət körpüsünü keçən olmadı.
Xalqımın çoxdankı arzu, murazı,
Yenə ümidlərin hayına qaldı.

Millətin davası qeyrət davası,
Acıyıb, yanırdı gedən torpağa.
Başda duranların stul davası,
Minlərlə insanın baxışlarında
Bir ümid çırağı alışdı, yandı.
Azadlıq uğrunda qalxan qılınclar,
Sındı, bu millətin başında sındı.
Arxası yox idi, bunu bilirdi,
Dözümlü millətdi, hələ dözürdü.
Bir axşam bir xəbər sarsıtdı bizi,
Bu xəbər titrətdi dizlərimizi.
O gecə qəfildən bir xəbər gəldi,
Bir xalqın əyilməz beli əyildi.
Şaxtalı, sazaqlı o qış gecəsi,
Körpə balaların başı kəsildi.
Dünyanın ən böyük bir faciəsi
Nədən bu millətin başına gəldi?
O gecə yatmışdı başda duranlar,
İsti otaqlarda mürgü vuranlar.
Çıxdı gecələrə, millət yatmadı,
Analar ağladı o qış gecəsi.
O kar qulaqlara səsi çatmadı,
Körpə balaların ahu-naləsi.
Yalançı xəbərlər, uydurma sözlər,
Gəzib dolaşırdı xaq arasında
Yaxşı ki, Çingiz tək igid oğlanlar
Həqiqəti çəkdi kamerasında.
Tarix qanla yazdı həmin gecəni.

Gəlməsin, gəlməsin, o gecə bir də,
Hər vaxt səhər olsun Yer kürəsində.
Bir əsrin Xocalı faciəsi də
Qalsın yaddaşlarda, çıxmasın yaddan!
O gecə, düşmənə nifrət gecəsi!
Bir xalqın, millətin hayqıran səsi!
Durmasın, gurlasın dəli nərəsi.
Vətənin bu ağır, çətin vaxtında,
Hər kimsə Türk qanı varsa qanında,
Dursun sıralarda əlində silah,
Ürəkdən qışqırıb desin – Ya Allah!
Bu Vətən uğrunda qurbandır canım,
Yadlara qalmasın Azərbaycanım.
Tarixin bu qanlı faciəsini
Gərək unutmayaq saxlayaq yadda.
Hər vaxt ayıq olsun Vətən övladı,
Düşmən dayanıbdı ocaq başında.
Bu düşmən elə bil kökəyə bənzər,
Yalnız birliyimiz kökəyi əzər.
Bu düşmən şanıdır zəhəri acı
Yalnız birliyimiz onun əlacı.
Bu adi gerçəkdir, bu həqiqətdir,
Biz bu həqiqəti anlayıb gərək.
Atalar deyib ki, güc birlikdədir,
Vətən oğulları gəlin, birləşək.
Birləşək qardaşım, bacım, birləşək,
Qırmayaq millətin sınıq qəlbini,
Öz dərdimiz bilək, sərimiz bilək
Vətən kədərini, Vətən dərdini.
Ey od oğulları, dur, qalx ayağa,
Yandır ürəyində el nisgilini.
Qalib gəlmək üçün yağı düşmənə
Birliyə çağıraq Türk ellərini.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button