“Xural”ın 30 manatlıq bankası

Pərviz Cəbrayıl

Qapısında “Polis” yazılıb, Arif Hacıyev küçəsində yerləşir. Bu bir-birinə zidd iki söz adamın ağlına dərhal Müsavat partiyasının funksioneri Arif Hacıyevin həbsini salır. Əslində isə söhbət “Xural” qəzetindən gedir. Məsələ ondadı ki, bu qəzet bu qədər təzadlı yönlərə fərq qoymadan hər kəsə öz səhifələrində yer və diqqət ayırır. Ən azı, öz tutduğu yola uyğun olaraq heç kimi bir-birindən ayırmır. Qısaca söyləsək, “”Xural” qəzeti qəzetdir” kimi bir cümlə alınır. İndi bu qəzetin başı qaldadı.

2010-cu ildə “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!!” adlı yazı çap eləyib qəzet. Yazının çapından sonra PA rəhbəri Mehdiyev “Xural”ı məhkəməyə çəkib. Əslində qəzetə divan tutmaq istəyib: mənəvi zərərə görə 10.000 (on min) manat təzminat!

Onu da deyək ki, “Xural” qəzeti bu günə qədər mətbuata yardım kimi verilən paralardan bir qəpik də görməyib. Əvəzində isə 10.000 manat ödəməlidi. Özü də diqqəti yayındırmaq üçün paranın köçürüləcəyi ünvan elə ustalıqla seçilib ki, kimsə “Mehdiyev bir qəzetin puluna qalıb” deyə bilməsin. Necə də humanist səslənir: “Ümid yeri” Uşaq Evi.

Bu rejimdə bütün humanist addımlar bu prinsiplə atılır – birinin başını kəs, qanından kiməsə çay süz, kiməsə şərab. Əvvəllər hamam suyuyla dost tutardılar, yaxşı oğlan olardılar, indi su işə yaramır – qan, qan, yenə də qan.

Məqsəd aydındı – nə hakimiyyətin, nə müxalifətin olan qəzetin başını, ümid yerini kəsmək. Qoy bütün Əvəzzeynallılar həddini bilsin. Nə isə, Nərimanov rayon məhkəmə icraçıları mayın 10-da əmlakın siyahıya alınması ilə bağlı redaksiyaya icra vərəqəsi göndəriblər. Üstündən bir gün keçən kimi “Xural”a təşrif buyuraraq işlərinə başlayıblar. Əslində isə, icra vərəqəsi göndəriləndən sonra 10 gün möhlət hüququ var. Yox, olmaz ki! Əzrayıl bir saniyə o yan-bu yan bilmir. Tapşırıq necə verilibsə, elə də icra olunmalıdı. Əzrayıldan aman yoxdu.

Redaksiyada hər şeyi siyahıya alıblar. Mümkün olsa, qəzetin əməkdaşlarını da siyahıya alardılar. Bəs elə bu ölkədə bütün siyahıya almalar bununçündü də – sonradan müsadirə etmək üçün.

İndi bütün Azərbaycan siyahıdadı. Bir hissəsi çoxdan müsadirə edilib. Təkcə YAP üzvlərinin sayı, deyildiyinə görə, 700 min civarındadı. Əvəz bəy mayın 13-də ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçlə söhbət eləyib. Başına gələnləri danışıb ona. O da bu məsələni hətta ölkə başçısının diqqətinə çatdırdığını deyib. Bu görüşdən cəmi 3-4 saat sonra icraçılar yenidən redaksiyaya gəlib və siyahıyaalmanı davam etdiriblər.Canım-gözüm, Əvəz bəy, sən deyəsən son vaxtlar şair olubsan axı. Yadıma məşhur mahnının sözləri düşür:

“Sənə yar, səndən yar, şikayətim var”.

…Barı, yar olsaydılar!

Elə bil, başını kəsən adamın bu əlindən o biri əlinə şikayət eləyirsən. Nədi, düşünürsən ki, sağ əl, tez sol əldən yapışacaq ki, eləmə? Elə bədən olurmu? Bir beyin hər bədən üzvünə ayrı-ayrı komandalar verərmi?

Maraqlı məsələlər bunlarla bitmir. Siyahıyaalmada məhkəmə icraçılarının gözünə iki divar şəkli dəyib: qəzetin əməkdaşı Yasəmən xanımın otağında – biri ata, biri oğul Əliyevin. Bunları da siyahıya alıblar. Hətta şəklini də çəkiblər. Siyahıya alınan mülkiyyət sonradan iddiaçının təzminatını ödəmək üçün hərraca çıxarılır. Anlamaq olmur ki, hərracda bu portretləri kim alacaq? Amma nə bilirsən, bir də gördün, elə kimsə portretlərə 10.000 verdi? Portretlərin Əliyevlərə məxsus olduğuna görə yox, yağmalanan “Xural” qəzetindən xatirə kimi.

Redaksiyada isə masalardan birinin üstündə üzərində “500 böyük Oxucu” sözü yazılmış üç kiloluq banka var. Məhkəmənin qərarından sonra 10 min manatı toplamaq üçün Oxuculardan toplanan pulu yığmaq üçündü. Bankada cəmi 30 manat var, əziz Oxucu…

Sizin sevginiz…

 

“Azadlıq” qəzeti, 15 may 2011

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button