“Xural”ın pulları

Şöhrət El-Dəniz

Ta denən bağlayıram…

Sözün düzü, “Xural” qəzetinin baş redaktoru Əvəzin bu qədər borclu olduğunu bilmirdim. Bilirdim ki, onu cərimələyiblər. Amma siyahıdan xəbərim yox idi. Dünən oxudum, gözüm kəlləmə çıxdı. İqtidarlı-müxalifətli kimin adını çəksən, Əvəzdən pul istəyənlərin siyahısında adını taparsan. Hələ manısları demirəm. Onların Əvəzlə nə işi? Onu başa düşmədim.

Mən Əvəzi sakit yazar tanımıram. Hətta o, əstəğfürullah, “Quran”dan libas geyib qarşıma çıxsa ki, mən “haqq” yoluna qayıtmışam, bundan sonra yalnız mənə deyiləni yazacam və deyəcəm, inanmayacam. Çünki o, az–çox jurnalistlərdəndir ki, ürəyindəki sözü hündürdən deyir. Hətta səhv olsa belə. Mən də onun bəzi fikirləri ilə razı olmaya bilərəm. Amma bu, onun haqqıdır, əqidəsidir. Bəziləri yazanda, hündürdən danışanda ağızlarına çullu dovşan sığmır. İqtidara dədəm deyirlər. Onun pulunu ana südü kimi əmirlər. Ürəyində isə kin saxlayır, imkanı olsa çörək verən “dədəsinin” başını tərsinə kəsər. Heç “uf” da deməz. Azdır belələri?

Azərbaycanın iqtidaryönlü mətbuatının, o cümlədən telekanallarının 80 faizi bu cür əqidəsiz, çoxsifətli qələm sahiblərindən ibarət deyilmi?

Adamın nə qədər lideri, sahibi olar?! Bir ay birini tərifləyir, pulunu yeyir, bir aydan sonra başqasının atdığı sümük daha yekə olur, mövqeyini 180 dərəcə dəyişib onu tərifləyir. Gecə küçədə duranlar daha halal qazanır, nəinki bu cür nadürüstlər. İndi onlar olub obyektiv, qərəzsiz, dövlətinə xidmət edən, nə bilim daha kim.

Əvəz Zeynallını susdurmağı bir kənara qoyuram, bəyəm “Xural” qəzetini bağlamaqla kimin əlinə nə keçəcək? İllərdir min bir əziyyətlə çıxır bu qəzet. Necə işlədiklərini, hansı şəraitdə qəzet buraxdıqlarını mən şəxsən görmüşəm.

Azmı yazar yetişdirib bu qəzet? Azmı insana kömək edib? Heç kimin eşitmədiyi biçarələri qəbul edib dərd–sərlərinə qulaq asıblar. Və yazıblar. Hətta mənəm–mənəm deyib tənqidi, nə bilim müxalif qəzet adlanan kəslər belə o insanları qəbul etməyib, o riskin altına girməyib. Neyləyir başını ağrıdır. Pulunu verirlər, qəzet çıxır. Arada bir də hansısa məmuru söyür, olur tənqidi və yaxud müxalif qəzet.

10 min sənə, 20 min ona, 25 min buna…

Əvəz pul çap etdirir, yoxsa qəzet? Bilirsiniz, bu, nəyə oxşayır?
3 nəfər təyyarədə gedir. Qəza olur. Pilot deyir ki, cəmi iki paraşütümüz var, siz isə üç nəfərsiniz. Ona görə sual verəcəm, kim tatsa paraşütü ona verəcəm.

İvana sual verir ki, Rusiyanın paytaxtı haradır? Deyir, Moskva. Paraşütü alıb tullanır. Qoqiyə deyir, Gürcüstanın paytaxtı haradır? Deyir, Tiflis. O da paraşüt alır. Məmmədə baxıb deyir ki, Mozambikin paytaxtı haradır? Məmməd deyir ki, ta de ki, paraşüt qalmadı, sənə vermirəm…

İndi “Xural” qəzetinə də gözlərini yumub ağızlarını açıb, ilk ağlına gəən rəqəmi söyləyiblər.
10 min sənə, 20 min ona, 25 min buna. Hamısı da manatla. Taa denən ki, qəzeti bağlayıram.
Amma inanın. “Xural” qəzeti tənqidi, bəzən isə həddindən artıq tənqidi yazsa da, o tərif deyənlərdən min dəfə dövlətinə, millətinə sadiq qəzetdir.

İnsafınız olsun. Bağlamayın o qəzeti.

“Gündəlik Bakı” qəzeti, № 83 (873), 12 may 2011-ci il

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button