“Yol” başladım…

Kənan Hacı

Elxan Xanəlizadənin “YOL” romanı civarında gəzişmələr

Elxan Xanəlizadənin “Yol” romanını macalsızlıq içində girəvə tapıb axır ki, oxudum. Torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğu bir zamanda o itirilmiş məkanları bir daha yadımıza salan, insanların taleyindən keçən müharibə adlı məşum bəlanın törətdiyi xarabalıqlarda əyilməyən, sınmayan, yıxılmayan bir adamın ömür hekayətini yüyrək dillə nəql edən yazar dostumuzun bu əsəri haqda bir neçə söz demək istədim. “Yol” mənə son vaxtlar haqsız yerə unudulmaqda olan mərhum yazıçı Süleyman Vəliyevin “Mübahisəli şəhər” romanını xatırlatdı. Bu romanı mən uzun illər bundan əvvəl, əsgərlik dövründə hospitalda müalicə alarkən oxumuşdum, əsərdə hadisələr Böyük Vətən müharibəsi zamanı cərəyan edir və partizan hərəkatının göstərdiyi şücaətlər canlı boyalarla təsvir edilir. “Yol” əsərinin qəhrəmanı müharibə zamanı müəyyən səbəblər üzündən Polşa-Almaniya sərhəddini keçərək Fransa Milli Hərəkatına qoşulur və başına olmazın əzablar gəlir. Bu arada yad şəhərdə eşq macəraları yaşamağa da fürsət tapan İbrahimi bütün təhlükələrdən keçirən məhz yaşamaq əzmiydi. Bir də vətəndə qoyub gəldiyi doğmaları – atası, bacısı, dostları. Torpağın dadı onu inadla doğma vətəninə, kəndinə səsləyir. Yad ellərin səfası də ötəridir, qürbət acısı insanın içini ilmə-ilmə sökür. İbrahim bunu bildiyindən imkan düşən kimi sevgilisi Etellə görüşmədən ona bir vida məktubu buraxaraq Parisi tərk edir. O bilirdi ki, Sovet İttifaqında heç də onun başını sığallamayacaqlar. Başıbəlalı İbrahim Rostovda iki illik məşəqqətli məhbus həyatı da yaşamalıymış.

Vətənə döndükdən sonra da bu insanın həyatı axarına düşməyib. DTK-nın üzücü sorğu-sualları, onun guya antisovet təbliğatı aparması haqqında qızıl-qırmızı üzünə duranların buqələmun xisləti İbrahimi bir tikə çörəyini də rahatlıqla qazanmaq xoşbəxtliyindən məhrum edir.

Çoxbilmiş tənqidçilər, ədəbiyyatşünaslar ədəbiyyatı bəzən iki bölümdə təsnifatlaşdırırlar – elitar ədəbiyyat, kütləvi ədəbiyyat. Bu yaxınlarda Nobelçi portuqal yazıçısı Joze Saramaqonun vəfatından az öncə verdiyi müsahibələrindən birinə rast gəldim. O, belə bir fikir irəli sürür ki, “ədəbiyyat heç vaxt kütləvi ola bilməz, kütləvilik ədəbiyyata xas deyil, ədəbiyyat həmişə azlıq üçün, müəyyən bir oxucu təbəqəsi üçün nəzərdə tutulub və bundan sonra da belə olacaq”. Bəzən əlahəzrət fakt qarşısında bu fikirlərə haqq qazandırmalı olursan. İnsanla insan arasındakı əlaqələrin qeyri-müəyyən, nizamsız bir çağa gəlib çıxdığı indiki vaxtda heç kəs heç kəsin kitabını oxumur. Bilmirsən, elitar hansıdır, kütləvi hansı. İlqar Fəhmi ilə ədəbi söhbətlərimizdən birində o, belə bir maraqlı fikir işlətdi ki, yazıçı gərək elitarlıqla kütləviliyin arasındakı orta xətti tapıb o xətt üzərində yerisin. Yenicə dost olmağa macal tapdığım Elxan bəyin “Yol” romanını oxuyarkən İlqarın o fikirlərini xatırladım və düşündüm ki, bəlkə elə elitarlıqla kütləviliyin arasındakı orta xətt elə budur? Elxan bəy yaşı yüzü haqlamış bir qocanın ömür hekayətini sanki birnəfəsə danışıb qurtarır. Elə bil kinoxronikanı izləyirsən. Nəzərə alaq ki, bir ömürdə bir neçə müharibənin şahidi olmuş, həbs düşərgələrində bir növ sürgün həyatı yaşamış, üstəlik sinni çağında övlad itkisi, qaçqınlıq acısı dadmış bir insanın həyat marşrutunu belə çevik və yığcam dillə qələmə almaq da asan iş deyil. Göründüyü kimi, müəllif bunu bacarıb. “Yol” romanı həm elitar, həm də kütləvi oxucunun asanlıqla həzm edə biləcəyi bir əsərdir. Ədəbiyyat hər şeydən öncə dil hadisəsidir. Hər yazılan əsərlə dil inkişaf edir, pardaqlanır, dilin məna qatları bir qədər də açılır. Ölü doğulan əsər heç vaxt dili inkişaf etdirə bilməz. Elxan bəyin bir yazıçı kimi təcrübəsizliyi nəzərə çarpsa da, dilimizin texniki imkanlarına, tipik səciyyəsinə bələd olduğu göz önündədir. Sözsüz, roman qüsurlardan xali deyil. Bu, heç də tənqid xatirinə tənqid deyil. Tənqid hansısa bir obyektə yaradıcı və nöqsanlarını aradan qaldırma bucağından baxmaqdır. Bu əsərdə çatışmayan nədirsə, onu deməsəm, qeyri-səmimi olaram. Biz öz qüsurlarımızı çəkinmədən bir-birimizə demək (əlbəttə, obyektivlik hissini itirmədən) vərdişinə yiyələnməliyik. Hər bir yazıçının təcrübə dövrü olur və o, yaza-yaza püxtələşir.

Elxan Xanəlizadənin romanında Cəlil Cavanşirin qeyd etdiyi kimi, tələskənlik əksər hallarda nəzərə çarpır, obrazlar ətə-qana dolmamış “səhnə”ni tərk edirlər. Yazıçı sanki bu əziyyətə qatlaşmaq istəmir, hövsələsizliklə əsərin finalına doğru can atır. Ən yeni təsvir və ifadə vasitələri ilə əsəri daha da mükəmməl bir formaya salmaq, ona tam fərqli struktual don biçmək olardı. Romanın texniki biclikləri var ki, yazıçı o priyomları mütləq mənimsəməlidir və Elxan bəy yəqin ki, bu barədə də özü özlüyündə düşünüb. Əgər o, yolunu uzaq məsafələrə hesablayıbsa, öz üzərində mütəmadi çalışmalıdır.

Düşünürəm ki, Elxan Xanəlizadə bundan da gözəl əsərlər yazmağa qadirdir və bu baxımdan, bizim ondan gözləntimiz də təbiidir. Bu yazını da o arzuyla tamamlayıram ki, Yol davam etsin!

 

 

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button