“Yol” – Qəhrəmanının taleyini yaşayan əsər

Çağdaş Azərbaycan ədəbiyyatında son illər yaranan qaragüruh roman bumu nədənsə mənə Bakıda müşahidə etdiyimiz yeni tikililər bumunu xatırladır. Bakı Dubaylaşdıqca ədəbiyyatımız da yadlaşma xəttini tutub özü də bilməyən bir istiqamətdə hərəkət edir. Ən dəhşətlisi də budur ki, hamı nə isə yazır və özündən başqa heç kimin yazdığını bəyənmir. Ədəbiyyatda qütbləşmə kiminçünsə müsbət hal hesab edilirsə, mənim zənnimcə bu parlaq gələcək vəd etmir. Təbii ki, ədəbiyyat öz mövqeyini ortaya qoymalıdırsa, buna borcludursa, yaranan ədəbi nümunələrdə bu mənəvi borcluq məhz, qütbləşmənin verdiyi çatlara görə hiss olunmur. XXI əsr Azərbaycan ədəbiyyatı hələ də öz inkişaf yoluna qədəm qoymayıb. Yazıçılar, xüsusən də gənclər sanki dayanacaqda gələcəyə aparacaq avtobus gözləyən sərnişin obrazındadırlar. Birinin dil, birinin mövzu problemi olduğundan, birinin fikrini çatdıra bilməməsi nəticəsində məqsədə nail olunmur. Düzdür, hər gün hansısa qəzetdə, internet saytında ədəbiyyatla bağlı yeni xəbər, lap elə yeni ədəbi nümunələrə rast gəlmək olur. Adi gözlə baxanda ədəbiyyatın bolluğu təsəvvürü yaranır. Hər gün hansısa ədəbiyyat adamı ittiham edilir, hər gün ədəbiyyat adamına replika atırlar, tez-tez müxtəlif ədəbi hadisələr olur və bütün bunlar işıqlandırılır. Bir sözlə, yazılanı Oxucuya çatdırmaqda problem olmasa da, yazmaq çətinliyi oxunan ədəbi nümunələrdə özünü dərhal hiss etdirir. Təbii ki, bu bolluqda Oxucu üçün seçim imkanları yaranır. Amma Oxucuların sayının on minlərlə olmaması, ən yaxşı halda səviyyəsindən və oxu zövqündən asılı olmayaraq bir neçə min Oxucu auditoriyası ədəbiyyatın inkişafını təmin etməkdə acizlik çəkir. Bu acizlik isə çoxsaylı gənc yazarlar arasında yeni simaların kütləvi olmasını şərtləndirə bilmir. Nəzərə alsaq ki, ölkədə Oxucuları istiqamətləndirə biləcək ədəbi tənqid də yoxdur, onda məsələ bir qədər də qəlizləşir. Məhəlli səviyyəni keçməyə cəhd etməyən ədəbi tənqidimiz yalnız şəxsi münasibətlər üzərində qurulduğundanmı, ya yazıların keyfiyyətindənmi Oxucu auditoriyasını formalaşdıra bilmir. Bir sözlə, müasir ədəbi-tənqid Oxucular qarşısında öz inamını itirib.

Mətbuatdan oxudum ki, Cəlil Cavanşir gənc yazar Elxan Xanəlizadənin “Yol” romanı haqqında diqqət çəkə biləcək qeydlər edib. Hörmətli Cəlil bəy “Çoxhadisəli roman” adlı məqaləsində yazır ki, “nədənsə “Yol” ədəbi-tənqidin diqqətindən kənarda qalıb. Oxucuların da kitaba bir o qədər diqqət göstərdiyini təəssüf ki, deyə bilməyəcəyəm.” Bu fikirləri oxuyanda ilk yadıma düşən hörmətli Məti Osmanoğlu və Aydın Dadaşov oldu. Hələ ötən il “Yol”un təqdimatında çoxsaylı mətbuat nümayəndələrini görən hörmətli ziyalılarımız müəllifə buna görə irad bildirmişdilər. Hazırda aktiv ədəbi-tənqidlə məşğul olmayan Məti Osmanoğlu “Yol”un aqibətini ədəbi-tənqidin pafoslu məqalələrindən və mediada aparılan piarın təsirindən asılı olmayacağını, zamanın bu əsərə qiymət verəcəyini demişdi. Aydın Dadaşov isə müəllifin bilərəkdən, şüurlu şəkildə qəhrəmana müdaxilə etməsi kimi incə məqamın bütün gənc yazarlara xas olmayan cəhəti kimi qiymətləndirib, ona ədəbi-tənqidin biganəliyindən narahat olmamasını bildirmişdi. Əslində səsləndirilən fikirlərdə böyük həqiqət vardı. Aradan bir il yarım zaman keçəndən sonra “Yol” haqqında yazılmağa başladı.

“Yol” indiyədək oxuduğumuz yerli ədəbiyyat nümunələri arasında bəlkə də ən böyük coğrafiyaya malik bir əsərdir. Əsərdə qaldırılan problemlər Azərbaycan insanının problemindən başqa həm də dünyəvi insanın problemləridir. İbrahim İmanovun çəkdiyi iztirablar müharibədən əvvəl də vardı, sonra da oldu. Müəllifin ən böyük uğurlarından biri də, qəhrəmanın problemlərini əslində cəmiyyətin problemləri kimi təqdim etməyi bacarmasındadır. “Yol”un hər söhbətində qəhrəman hansısa hadisəni nəql edir və təhkiyənin mükəmməl dili Oxucunu özündən asılı olmayaraq cəlb edir. Bu və əsərdəki bədii təsvirlər müəllifin doğma dilimizi yüksək səviyyədə işlədə bilmə qabiliyyətini göstərir. Romanın axıcı olması onun dili ilə yanaşı, hadisələrin yığcam verilməsindədir. Əsərin istənilən söhbətini bir və ya bir neçə səhifəyə sığışdıran Elxan Xanəlizadə epopeyalar dövrünün çoxdan dəfn edildiyini, dinamik ədəbiyyatın meydana gəldiyini göstərir.

Müəllifin əsərdəki ən böyük uğurlarından biri də bədii təsvirləri məharətlə işləməsindədir: “Özündən və o ankı səlahiyyətindən məmnun görünən, sapsarı qaşları az qala gözünə birləşən və qızılı kakardalı papağının dimdiyini əyən ortaboylu bir kapitan cərgələrin qabağında var-gəl edir, bir-bir hamının üzünə diqqətlə baxıb, guya sərt olan, əslində isə heç nə ifadə etməyən sifətinə gülünc görkəm verərək, xof yaratmaq əvəzinə adamı əsəbləşdirirdi.”

Elxan Xanəlizadə ilk irihəcmli əsəri olmasına baxmayaraq, “Yol”da insan psixologiyasını da incəliyinə qədər işləməyi bacarıb. Romanı oxuduqca bir insanın – azərbaycanlı kişinin yaşaya biləcəyi və bilməyəcəyi ən dərin psixoloji məqamları hiss etməmək mümkün deyil. Başqalarının gözündə həyatın dibinə enən İbrahim kişi əslində Oxucunun gözündə ucalır. Qəhrəmanın səssiz daxili fəryadını isə müəllif qisaca belə təsvir edir: “Qışqırmaq, adını çağırmaq istədim. Bacarmadım…  Nədənsə susdum…” Məhz bu məqam romanın audio versiyasında fon musiqisi olmadan verildiyi üçün olduqca təsirli alınıb.

“Yol” müəllifinin ilk işi olduğuna görə qüsurlardan da xali deyil. Yazıçının ən böyük qüsurlarından biri qəhrəmanın ən ağır məqamlarında ona soyuqqanlı münasibət göstərməsidir. Oxucu əsərin təsirinə düşdüyü bir anda yazıçı sanki bilərəkdən özü Oxucunu təsir dairəsindən itələyir. Bu da Oxucuda anlaşılmazlıq yaradır. Cəlil Cavanşirin də, Kənan Hacının da dedikləri kimi yazıçının tələskənliyi onun ən mənfi cəhətlərindən biridir. Bütün bunlara baxmayaraq, “Yol” müasir Azərbaycan ədəbiyyatında son dövrlərdə yazılan əsərlər arasında pafosdan uzaq, real həyatı olduğu kimi təqdim edən ən səmimi romanlardan biridir. Elxan Xanəlizadədən daha ağır çəkili əsərlər gözləmək ümidi ilə…

Yazara arzum isə gələcək əsərləri qəhrəmanlarının aqibətini yaşamasın və öz Oxucularını cəlb edə bilsin.

 

Toğrul Qara

togrulqara@gmail.com

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button