««Zapravka»lar fırıldaqla məşğul olurlar!»

Dövlət rəsmisinin mövqeyi:

««Zapravka»lar fırıldaqla məşğul olurlar!»

Benzinin tərkibinə qatılan əlavə maddələri, həcmin kəsilməsini kim edir?

 Müşahidələr və avtomobil sahibləri ilə söhbətlər göstərir ki, ölkə ərazisindəki bir çox yanacaqdoldurma məntəqələrində vətəndaşlar aldadılır. Bəzi hallarda yanacaq göstərilən standarta cavab vermir və ya avtomobilin çəninə alıcının ödədiyi məbləğə uyğun miqdardan az yanacaq vurulur. Bir sıra məntəqələrdə isə vətəndaşın əlindəki qaba yanacaq doldurmaq istəmirlər ki, saxtakarlıq aşkarlanmasın.

Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən Bakı şəhərində və regionlarda yanacaqdoldurma məntəqələrində vaxtaşırı monitorinqlər aparılır. Bu barədə SMPDK-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib. Komitə rəsmisi bildirib ki, yanacaqdoldurma məntəqələrində SMPDK-nin Ərazi Dövlət Nəzarəti idarələri tərəfindən dövlət nəzarəti tədbirləri həyata keçirilir.

Komitənin 8 regionda Ərazi Dövlət Nəzarəti İdarəsi mövcuddur və onlar ətraf rayonlar da daxil olmaqla bütün respublikanı əhatə edir. F.Talıblı deyib ki, Dövlət Komitəsi yanacaqdoldurma məntəqələrində iki kriteriya üzrə dövlət nəzarəti həyata keçirir.

“Birincisi ölçmələrin dəqiqliyi ilə bağlıdır, yəni çənlərdən yanacaqdoldurma stansiyasına ötürülən yanacağın miqdarı, həmçinin avtomobillərə vurulan yanacağın miqdarının dəqiqliyi yoxlanılır, həmin avadanlıqlara bizim tərəfdən dövlət möhürü vurulur. Həmin möhür avtomatdan vurulan yanacağın miqdarının dəqiqliyinin sübutudur. Möhür bilərəkdən və yaxud bilməyərəkdən qırılarsa, həmin avtomat zədələnmiş sayılır və dəqiqlik orada təmin edilməmiş hesab olunur.

İkinci kriteriya isə yanacağın öz keyfiyyəti ilə bağlıdır. Bildiyimiz kimi Azərbaycanda atmosfer havasına atılan zərərli tullantıların miqdarı ilə bağlı “Avro-2”norması tədbiq edilir. Bu da yanacağın keyfiyyətinə birbaşa dəlalət edən amildir. Azərbaycanda “Avro-2”standartına cavab verən yanacaq istehsal olunur və komitə tərəfindən də Azərbaycanda istehsal olunan yanacağın və idxal olunan yanacağın keyfiyyəti labaratoriya şəraitində yoxlanılır. Yanacaq “Avro-2”-yə uyğun olduqda sertifikatlaşdırılır ki, o həqiqətən də standartın tələblərinə uyğundur”.

F.Talıblının sözlərinə görə, Dövlət Komitəsi il ərzində təxminən 600-700 və demək olar bütün respublikada olan yanacaqdoldurma məntəqələrində monitorinqlər aparır.

“Azərbaycanda yanacaq bir yerdə – Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. Orada istehsal olunan yanacağın keyfiyyəti standartların tələblərinə uyğundur. Biz problemi bəzi yanacaqdoldurma məntəqələrində görürük. Həmin yanacaqdoldurma məntəqələri yanacağa qatqılar qatırlar, müxtəlif kimyəvi elementlər qataraq, yaxud da yanacağa qatılan “oktan” ədədini artırırlar. Məsələn, yanacaq 93 markadırsa, 95 yazırlar. 2010-cu ildə komitə tərəfindən 40 yanacaqdoldurma məntəqəsinə qarşı müxtəlif tədbirlər görülüb, cərimələr kəsilib, tələbnamələr verilib, aparatlara möhür vurulub ki, həmin avadanlıqdan yanacağın ötürülməsi dayandırılsın. Bu işlər mütəmadi olaraq aparılır və bu gün də davam edir”.

Müsahibimiz deyib ki, yanacaqdoldurma məntəqələrində yanacağın avtomobilin yanacaq çənindən başqa müraciət edən hansısa vətəndaşın əlindəki qaba vurulmaması həmin obyekt sahibinin öz daxili təlimatıdır.

“Yanacaqdoldurma məntəqəsinin sahibkarı öz işçilərini təlimatlandırır ki, qablara, yaxud da hansısa vasitələrə yanacaq doldurmasınlar. Amma hər halda yanacaqdoldurma məntəqələrində yanacağın satışı avtomobillər üçün nəzərdə tutulub”.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button