«Əsrin müqaviləsi» Azərbaycana nə verdi?

Bu müqaviləni tərifləyənlər 16 ildir eyni sözü deyir, tənqid edənlər isə hər il yeni faktlar açıqlayırlar

16 il əvvəl Azərbaycan neftinin dünya bazarına satışı ilə bağlı olaraq bir müqavilə imzalanıb. Bu müqavilə ölkə daxilində «Əsrin müqaviləsi» kimi təqdim edilir. Hakimiyyət texnoloqları bu müqaviləni Azərbaycanın taleyində müstəsna müsbət əhəmiyyət daşıdığını deyirlər. Lakin müstəqil iqtisadçılar, o cümlədən də bu günə qədər açıqlanan faktlar göstərir ki, əslində müqavilədə iqtisadi rifah və ölkənin inkişafından çox, siyasi çalarlar dayanırmış. Əslində, «Əsrin müqaviləsi»ndə göstərilən bəndlərlə bağlı olaraq kifayət qədər tənqidi yanaşmalar bildirilib. Bu yanaşmalardan başqa 1992-ci ildə Əbülfəz Elçibəyin prezidentliyi dövründə başlanan neft müqavilələri ilə bağlı danışıqlar da sonradan fundamental olaraq dəyişdirilib. Söhbət Azərbaycanın maraqlarına uyğun olmayan və neft hasilatından əldə edilən mənfəət neftinə görə bizə çatacaq olan payın sonradan, 1995-ci ildə azaldılmasından gedir. Maraqlıdır ki, bu müqavilə ilə bağlı olaraq iki gün əvvəl Rusiyanın bəzi nüfuzlu saytlarında məqalələr dərc edilib. Bu məqalələrin birində məhz sovetlər dövründə Azərbaycanın neft quyularının kəşfiyyatına sərf edilən xərclərinin sonradan, 1995-ci ildə «Əsrin müqaviləsi» imzalanan zaman göstərilməməsidir. Qeyd edək ki, neft müqavilələri ilə bağlı danışıqlar hələ 1991-ci ildə başlanmışdı. Müqavilələrin hazırlanmasında iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, mərhum Faud Musayev, akademik Midhət Abbasov da zaman-zaman mətbuata verdikləri açıqlamalarında bildiriblər ki, «Əsrin müqaviləsi» imzalanan zaman Azərbaycanın maraqları nəzərə alınmayıb. Ekspertlər isə bildirirlər ki, ilk növbədə «Əsrin müqaviləsi»ndə Azərbaycanın netf yataqlarına sərf etdiyi kəşfiyyat xərcləri sonradan müqavilədən çıxarılıb. Bundan başqa, müqavilə imzalanan zaman Azərbaycanın mənfəət nefti üzrə payı 15 faizdən 7 faizə qədər azaldılıb.

Müqavilənin imzalanmasından sonra verilən açıqlamalarda mərhum prezident Heydər Əliyevin siyasi hakimiyyətini möhkəmləndirmək üçün «bp» şirkəti ilə müəyyən razılaşmalara da gedib. Elçibəy iqtidarı dönəmində baş nazir olmuş Pənah Hüseyn və digər sabiq rəsmi dövlət məmurları da bəzi hallarda bu məqamlarla bağlı təsdiqləyici bəyanatalara müəlliflik ediblər.

Bütün hallarda isə bu gün «Əsrin müqaviləsi»nin imzalanmasından 16 il keçir. Hakimiyyət düşərgəsində olanların bu keçən 16 ildə təbliğatlarında heç nə dəyişməyib. Lakin bağlanmış müqavilə ilə bağlı bu günə qədər kifayət qədər çox neqativ açıqlamalar verilib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button