«Akkord» 300 milyon manat krediti niyə ödəmir?!

Bu şirkət kimindir və onun ölkənin baş prokuroru ilə hansısa əlaqəsi varmı?!

«Akkord» yenə gündəmin ilk sıralarını zəbt edib. Xüsusilə, hansısa xarici ölkədə aldığı mükafatı rəsmi dövlət qəzetləri səviyyəsində reklam etdirən şirkət, təbii ki, bunları arxasında dayanan görünməz əllərin gücü ilə edir. Şirkət özünü Azərbaycanın ən nümunəvi qurumlarından biri kimi təqdim etsə və arxasına dövlət qəzetlərinin dəstəyini alsa da, XuralTAC-a gələn xəbərlər heç də işlərin belə rəvan getdiyini demir. Şirkət rəhbərliyi aldadılan və «Akkord» şirkətinin qanunsuzluqları ilə üzləşən vətəndaşların dərdlərini dinləməkdən uzaqdırlar. Redaksiyamıza daxil olan şikayətlərdə deyilir ki, «Akkord» şirkəti vətəndaşlara satdığı və pulunu bəri başdan aldığı evləri tikib istifadəyə vermir. Aylar, hətta illər bundan əvvəl pulunu alsalar da, evlərdən xəbər-ətər yoxdur…

«Əlimdə olan-qalan pulumu toplayıb, il yarım bundan əvvəl «Akkord»da ev almaq üçün nəqd olaraq ödədim. Aylar keçdi, evdən xəbər çıxmadı. Nə zaman getdim, «bu gün verərik», «sabah verərik» deyib məni aldatdılar. Məcbur oldum, məhkəməyə verim. Verdim. Nərimanov rayon məhkəməsində aylarla davam edən məhkəmə çəkişməsi oldu. Deyirlər, şirkətin arxasında baş prokuror Zakir Qaralov dayanır, ona görə hakimlər də işə baxmağa qorxurlar. Uzun əziyyətlər sonrasında işi qazandım və hazırda Apellyasiya Məhkəməsində növbəti məhkəmə çəkişməsini gözləyirəm. Mən artıq «Akkord» şirkətinə inanmıram və onun evini də istəmirəm. Mənim pulumu qaytarsınlar və canımı bunların əlindən qurtarım» – deyən vətəndaş adının çəkilməsini də Apellyasiya Məhkəməsində problemlə üzləşmək ehtimalı olduğu üçün istəmədi: «Adımı pulumu alandan sonra bütün Azərbaycan eşidəcək. Qoy Apellyasiya Məhkəməsi qurtarsın, gör nə böyük skandal başlayacaq.»

Bu arada XuralTAC-a gələn başqa bir informasiyada «Akkord»un bu qədər reklamlarına baxmayaraq, başının dərddə olduğu bildirilir. Məlumata görə, hazırda şirkətin 300 milyon manatdan çox bank kreditlərinə borcu var və şirkət bu pulları ödəməkdən imtina edir. «Elə bilməyin ki, banklar pullarını ala bilmirlər, yox, sadəcə «Akkord» güclü bir əl tərəfindən mühafizə edilir» – deyə XuralTAC-ı bilgiləndirən mənbə onu da əlavə etdi ki, ona görə də şirkətə heç kim «gözün üstə qaşın var» deyə bilmir. Mənbənin bildirdiyinə görə, «Akkord»un 300 milyon manatlıq borcu Azərbaycan Beynəlxalq Bankınadır və şirkət məhz bu banka pulu ödəməkdən imtina edir: «Bu da onu göstərir ki, Azərbaycan iqtisadi bazarında vəziyyət əslində çox pisdir. Necə olur ki, 18 milyon olduğu söylənilən, ancaq borcları ilə 53 milyona çatan kreditləri ödətmək üçün başqa bir şirkətə cinayət işi qaldırır, rəhbərlərini həbs edib içəri atırlar, ancaq «Akkord» 300 milyon manatı ödəmir, ona kimsə «gözün üstə qaşın var» demir? Ayrı-seçkilik deyilmi?!»

Məlumatı dəqiqləşdirmək üçün «Akkord» şirkətinə müraciət etdik. Ancaq telefonlarımıza cavab verən səlahiyyətli tapa bilmədik. Şirkətin mövqeyini də dərc etməyə hazırıq. Suallarımız isə sual olaraq qalır:

Həqiqətən «Akkord» şirkətinin 300 milyon manatlıq ödənilməmiş kredit borcu qalırmı?

«Akkord» şirkəti kimindir?

Şirkətin ölkənin baş prokuroru ilə hansısa müstəvidə bir ilişgisi varmı?

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button