«Arzu Kazımov bütün əmlakımı, ABU-nu tələb etdi»

Elşad Abdullayev

Elşad Abdullayev Prokurorluğa verdiyi izahatının davamını yayımladı

 Fəaliyyətinə xitam verilmiş ABU-nun keçmiş rektoru, hazırda Fransada siyasi mühacir həyatı yaşayan Elşad Abdullayevin Baş prokurorluğa verdiyi ifadəsinin dərcini «Azadlıq» qəzeti davam etdirir. E.Abdullayevin bu ifadəsində oğurlanan qardaşı Mahir Abdullayevin qaytarılması üçün aparılan danışıqlarda daha bir neçə məqama aydınlıq gətirilir.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, izahatı xırda ixtisarla təkrar dərc edirik.

 Mahirin qaytarılmasına daha bir milyon istənilib

E.Abdullayev ifadəsində bildirirdi ki, 27 dekabr 2003-cü ildə Arzu Kazımovun təkidli vasitəçiliyi ilə Bilgəhdəki bağ evində Zahid Dünyamalıyevə daha 900 min ABŞ dolları verib və qardaşı Mahir Abdullayevin dekabrın 28-də, gecə saat 24.00 radələrində azad ediləcəyi vədini alıb. Keçmiş rektor yazır ki, Z.Dünyamalıyevlə görüşəndə orada daha bir adam vardı – DIN Narkotiklərə qarşı mübarizə Idarəsinin əməkdaşı, polkovnik Ağa Abbasov. Amma qeyd edir ki, pulu təqdim etmək məqamı yetişəndə Ağa Abbasov Dünyamalıyevin göstərişinə əsasən otağı tərk edib.

«Səhəri gün (2003-cü il dekabrın 28-i nəzərdə tutulur – red.), gecə saat 24.00 radələrində həyətdə qardaşlarımla birlikdə Mahiri gözləyərkən, gözlədiyimizin əksinə olaraq Arzu ilə Zahid Dünyamalıyev Elsevərin yaşadığı ”İstambul evləri”nin həyətinə ağ rəngli «Mitsubişi»” markalı «CIP»” maşını ilə daxil oldular. Arzu maşından düşəndə mən ondan Mahiri soruşdum, o isə sərxoş vəziyyətdə mənə bildirdi: «Elşad müəllim, Mahirin işi bir az gecikir, bu, çox çətin bir işdir və bir az da pul vermək lazımdır”». Mən əsəbi vəziyyətdə onun üstünə qışqırdım ki, siz deyəsən məni dolamısınız, mən sizin şərtlərinizin hamısına əməl eləmişəm. O isə mənə dedi ki, sabah ofisə gəl, orada danışarıq. Sonra da maşına mindilər və getdilər.

Səhəri gün mən yenə Arzunun ofisinə getdim. O, mənə ağzımı açmağa macal vermədən dedi ki, bu işə görə əlavə 1 milyon dollar da lazımdır və bu dəfə tam inanasan deyə, pulu səndən rəsmi sənəd əsasında, öz imzamla təsdiq edib götürəcəyəm. Bununla da iş başa çatacaq və Mahir sağ-salamat geri qaytarılacaq. Yenə də qohumlarıma baş vuraraq tələb olunan pulu onlardan yığdım. 05 mart 2004-cü ildə tələb olunan 1 milyon dolları götürüb Arzunun 5 nömrəli xəstəxana ilə üzbəüzdə olan evinə getdim. Orada Arzudan başqa, onun oğlu Zaur, qardaşı Nizami, qaynı Hüseyn Səfərov, 4 saylı xəstəxananın stomatoloji şöbəsinin rəhbəri doktor Sülhəddin və Moskvada yaşayan, Arzunun dediyinə görə, silah alveri ilə məşğul olan Elçin adlı şəxs də var idi. Mən çantanı ona verəndən sonra Arzu mənə də dedi ki, otur çay iç, uşaqlar da pulu saysınlar.

Qeyd edim ki, gətirdiyim pulu qonşu otaqda doktor Sülhəddin, Zaur, Hüseyn Səfərov sayırdılar. Məndə olan məlumata görə, Hüseyn Səfərov və Arzunun qardaşı Nizami hazırda həbsdədirlər (ifadə 2009-da verilib – red)».

Bu, mütəşəkkil dəstənin işidir

E.Abdullayev Ağa Abbasovu Arzunun ofisində gördüyünü də yazır. «Onlar mübahisə edirdilər və məni görən kimi Ağa Abbasov dedi: «Elşad müəllim, bu işlərdə mənim çox böyük əməyim var və sənin verdiyin pulun 300 min dolları mənə çatmalıdır”». Arzu isə Abbasova dedi: «Ağa, sən heç narahat olma, sənə çatası pulu Elşad yox, mən verərəm”».

Üst-üstə 3 milyon dollar verdiyini bildirən E.Abdullayev bundan sonra Arzunun ondan qaçdığını deyir. Ancaq «birtəhər» onu tapanda isə Arzu deyib ki, onlar on nəfərdir, hərəsinə bir milyon dollar vermək lazımdır: «Mən onun bu təklifini rədd edəndən sonra Arzu mənə hədə-qorxu gələrək əvvəl bütün əmlakımı tələb etdi, evimi, rəhbərlik etdiyim Beynəlxalq Universiteti verməyimi istədi. Sonra isə bu sirr batsın deyə, respublikanı tərk etməyimi tələb etdi. Mən Arzunun bu tələblərindən sonra başa düşdüm ki, bu, çox böyük mütəşəkkil dəstənin işidir və qərara gəldim ki, nə qədər gec deyil, verdiyim pulu geri almağa çalışım. Odur ki, dəfələrlə Arzunun və Zahid Dünyamalıyevin yanına gedərək onlara verdiyim 3 milyon dolları geri istədim. Arzu da mənə hədə-qorxu gələrək deyirdi ki, ya 10 nəfərin arasında bölüşdürmək üçün 7 milyon da əlavə verməlisən, ya da Mahirdən əlini üz.

Mən baş verən hadisələri yerli-yataqlı qardaşlarıma danışdım və biz hamımız qərar verdik ki, verdiyimiz pulu geri almaq üçün səylərimizi artıraq… Arzu bizim təzyiqlərimizə dözməyərək Qız Qalasının yanındakı ofisində mənə belə bir təklif etdi: “Sənin verdiyin pullar artıq məndə deyil, çünki mən onları çoxdan Zahid Dünyamalıyevə vermişəm. Lakin əgər sən heç bir yerə şikayət etməsən və sakitliklə əl çəksən, sənin verdiyin 3 milyon dolların əvəzində Əhməd Cavad küçəsində mənə məxsus olan binadakı mənzilləri sənə verərəm”».

Sonra da evlərin qiymətini hesablayıb sxemi mənə verdi. Amma onun mənə vermək istədiyi bu evlərdən imtina etdim və qətiyyətlə verdiyim 3 milyonu tələb etdim. Belədə Arzu onun mülkiyyətində olan 2 hektar torpağı 3 milyon dolların əvəzində təklif etdi. Mən nəhayət, onunla razılaşdım və bu işi rəsmiləşdirmək üçün 1 saylı Notariat kontoruna getdik. Orada Arzunun 2 hektar torpağı rəsmən mənə verildi.

E.Abdullayev müstəntiqin suallarını cavablandırır 

Sual: İfadənizdə göstərdiyiniz Zahid Dünyamalıyev adlı şəxslə ilk dəfə nə vaxt, harada, kimin vasitəsilə, hansı şəraitdə tanış olmağınız, münasibətləriniz, 2003-cü ildən hal-hazıradək istifadə etdiyi mobil və stasionar telefon nömrələri barədə nə deyə bilərsiniz?

Cavab: Zahid Dünyamalıyevlə ilk dəfə 14.10.2003-cü ildə Daxili İşlər naziri Ramil Usubovun qəbulunda görüşmüşəm. Bu tarixə qədər onunla heç bir tanışlığım olmayıb. Zahid Dünyamalıyevin telefon nömrələri məndə evdə olmalıdır, hazırda xatırlamıram.

Sual: Arzu Kazımovski və Zahid Dünyamalıyevin və onların yaxın ətrafının qardaşınız Mahir Abdullayevlə münasibətlərinin olub-olmaması barədə nə göstərə bilərsiniz?

Cavab: Arzu Kazımovski mənimlə söhbətində bildirmişdir ki, o, Mahiri tanıyır, onunla bir dəfə, Mahir itkin düşməzdən bir-iki həftə əvvəl Nərimanov rayonu ərazisində yerləşən «Yaşıl ada»” restoranında müğənni Mətanət İsgəndərli və İranə İlkinlə birgə oturub çörək yeyiblər. Yəni Arzu Mahiri həmin görüşdən tanıdığını deyib. Amma aralarında başqa münasibət olması barədə mənə heç nə deməyib. Zahid Dünyamalıyevlə və onların ətrafında olan adamlarla Mahirin hansısa münasibətlərinin olub-olmaması mənə bəlli deyil. Sülhəddin həkim və onun sürücüsü Nizaməddinin Mahirlə tanış olduqlarını eşitmişəm.
İfadəmdə göstərmişdim ki, Zahid Dünyamalıyev mənə onun özünün də oğlunun oğurlandığını və Moskvada aeroportda çeçenlərə pul verib qurtardığını danışmışdı. Bu söhbətləri mən işarə kimi başa düşmüşəm. Zahid Dünyamalıyev heç zaman məndən birbaşa pul istəməyib. Həmişə ona pul verilməsinin vacibliyini mənə Arzu Kazımov deyib. Birinci dəfə Dünyamalıyevə 100 min dollar verəndə, o bunun əməliyyat xərcləri üçün lazım olduğunu söyləmişdi.
Bu müqavilələr formal xarakter daşıdığından, mən o mənzilləri götürməmişəm, pullar isə ona yalnız Mahirin azad edilməsi üçün verilib. Arzu Kazımovski mənə Mahirin müxtəlif adamlar tərəfindən oğurlanmasını deyib. Mən bunların hamısını «Arzu Kazımovski: Kimlər edib?»” başlığı qoyduğum siyahıya yazmışam və ifadəmə əlavə edirəm. Bu siyahıda çoxlu adamların adları hallanır.
Mən onların məni aldatmaq, şantaj etmək istəklərindən şübhələndiyim üçün onlarla söhbətlərimi lentə yazdırmışam”…»

 

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button