«Avroviziya-2012»-nin boykot edilməsi çox realdır!

«Qərəzli Avropa» niyə Azərbaycanı birinci elədi?

 Anar Məmmədli: «Azərbaycan Avropa Şurasında yeganə ölkədir ki, paytaxtında meriya yoxdur»

 Şahvələd Çobanoğlu: «Azərbaycan hakimiyyəti gözləmədiyimiz anda bizə dəstək verdi»

 Rəsul Cəfərli: «BBCnin «Avroviziya-2012»ni boykot etməsi tam realdır»

 Rövşən Hacıbəyli: «Avroviziya-2012»-nin Təşkilat Komitəsi məhkəməyə verəcəyik

 Aylar düşündüyümüzdən daha sürətli keçir. Artıq «Avroviziya-2012» müsabiqəsinə 7 aydan da az müddət qaldı.

  • Azərbaycan müsabiqə hazırlığında hansı mərhələdədir?
  • Təməli bu günlərdə qoyulan «Avroviziya» müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan məkanın tikintisi 7 aya başa çatacaqmı?
  • 7 aya tikilən bina tələblərə cavab verəcəkmi?
  • Qafqazın ən iri və «analoqu olmayan inkişafda» olan şəhəri Bakı təxminən 30 min qonağı qəbul etməyə hazırdırmı?
  • Üst-üstə cəmi 1500 turist yerləşdirməyə güclə yetən Bakı 30 min qonağı harada yerləşdirəcək?
  • Dövlət bu problemin öhdəsindən necə gələcək?
  • Sökülüb böyrü üstə qoyulan və hər küçəsi qazıq-qazıq edilən Bakı 7 aya təmirdən çıxa biləcəkmi?

Bu və bu kimi suallara birmənalı cavab vermək mümkün deyil və təəssüf ki, bəzən bədbin tonlar daha tez-tez səslənir. Nəzərə alanda ki, Avroviziya müsabiqəsi azad ölkələrin azad mahnı yarışması kimi dəyərləndirilir və insan haqlarının pozulduğu ölkələrdə belə müsabiqənin keçirilməsi qəbul edilmir, onda beynəlxalq təşkilatların insan haqları məsələsində o qədər də ürəkaçıcı hesabatlar hazırlamadığı Azərbaycanda «Avroviziya-2012»nin, ümumiyyətlə, keçirilməsi sual altına düşür.

Bu narahatlıqlar içində tanınmış media və qeyri-hökumət təşkilatı nümayəndələrindən ibarət Avroviziya müsabiqəsi ilə bağlı bir qurumun da yaranması və geniş kampaniyaya başlaması «Xural» qəzeti olaraq «Avroviziya-2012»ni müzakirəyə oturtmaq qərarımızı sürətləndirdi.

Beləliklə, «Avroviziya-Bakı» QHT-nin nümayəndələri, tanınmış jurnalistlər Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu, o cümlədən Anar Məmmədli və Rəsul Cəfərov Avropanın ən nəhəng mahnı yarışması barədə fikirlərini bölüşürlər…

 Bu gün biz son günlər Azərbaycanda hamının müzakirə etdiyi və getdikcə də müzakirəsi qızışan bir məsələdən – «Avroviziya-2012»dən danışacağıq. Biriləri Azərbaycanın belə bir müsabiqəni öz ölkəsində keçirməyə hələ hazır olmadığını söyləyir, digərləri hesab edirlər ki, bu müsabiqə Azərbycanda ümumiyyətlə baş tutmaya bilərBir versiya da var ki, Azərbaycanın «Avroviziya–2011» yarışmasında birincilik qazanmasının səbəbi Qərbin Azərbaycana qarşı növbəti layihəsinin həyata keçirilməsidir. Müzakirələr o həddədir ki, artıq hakimiyyətin də əyyən dairələrindən buna reaksiyalar gəlməyə başlayıb. Nələr baş verir, mülahizələrin mənbəyi nədir, proqnozlar niyə belə bədbindir? Kampaniyanızın mahiyyətində nə durur?..

 Azərbaycan Belorusla eyni sıradadır

 Anar Məmmədli:

– Əvvəlcə, son sualınızdan başlayaq. Düşünmürəm ki, Azərbaycanın «Avroviziya-2011» mahnı müsabiqəsində Eldar və Nigarın timsalında qələbə qazanması bir çoxları üçün gözlənilməz idi. Çünki məsələyə sırf mahnı kontekstindən yanaşsaq, Azərbaycan tərəfindən müsabiqəyə çıxarılan mahnılar digər iştirakçıların mahnılarından geri qalmırdı. Bu baxımdan Azərbaycan əvvəl-axır bu müsabiqədə qalib statusu qazanmalıydı və bu hadisə bu il baş verdi – Azərbaycan qalib gəldi. Biz qurum olaraq bu kampaniyaya başlayanda sevincimizi paylaşdıq və hər kəsi təbrik etdik. Ancaq məsələnin başqa tərəfi də var. Məsələ ondadır ki, Azərbaycan «Avroviziya» müsabiqəsinə Avropa Şurasının üzvü kimi qatılır. O zaman Avropada böyük bir mahnı müsabiqəsinə ev sahibliyi etmək və özünü Avropa ailəsinin bir üzvü olduğunu göstərmək istəyir. Avropa Birliyinin üzvü bəyəm tək bu yarışmada qalib gəlməklə özünü sübut etmiş olur? Axı biz Avropa Şurasının üzvüyüksə, digər kriteriyalara da cavab verməliyik. Məsələn, insan hüquqlarının müdafiəsi və demokratiyanın bərqərar olması sahəsində Azərbaycan Avropa Şurası ölkələri arasında hansı yerdədir? Sıralanmada yalnız Belorusiya və Ermənistanla eyni yeri bölüşürük. Azərbaycan Avropa Şurasında yeganə ölkədir ki, paytaxtında meriya yoxdur. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən, bu təşkilatın Nizamnaməsinə daxil olan bir sıra öhdəliklərə qoşuldu. Onlardan biri də Yerli özünüidarə haqqında Konvensiya idi. Azərbaycan Avropa Xartiyasına qoşuldu, bu haqda sənədi imzaladıqdan ötən 10 il ərzində Azərbaycanın 3 milyondan artıq əhalisi olan paytaxt Bakı şəhərində meriya yaradılmadı.

 Tiflisdə, İrəvanda meriya var, Bakıda isə yoxdur

 Bakı şəhər İcra Hakimiyyətinin mediada hərdən «meriya» adlanması da yanlış ənənədir

– Əlbəttə, yanlışdır! Çünki meriya seçkili orqandır, icra hakimiyyəti isə təyinat. Təsəvvür edin ki, Çar Rusiyası dövründə Azərbaycanda meriya institutu formalaşmışdı, amma 21-ci əsrdə yoxdur. O zamanlar, bildiyiniz kimi, «Qlasnı»lar seçilirdi, Şəhər Duması vardı. Düzdür, insanlarda bərabər seçki hüququ, hər kəsin səsvermədə iştirak etmək hüququ yox idi, yalnız mülkiyyəti olan şəxslər səsvermədə iştirak edə bilərdilər. Ancaq bu və ya digər formada Duma fəaliyyət göstərirdi. Üzeyir Hacıbəyovun «Ordan-Burdan» məşhur tamaşasında Duma çox gözəl şəkildə təsvir olunub. Hazırda Zaqafqaziya ölkələrindən Gürcüstanda, hətta Ermənistanda meriya var, ancaq Bakıda yoxdur. Azərbaycanın qoşulduğu Avropa Xartiyasının əsas öhdəliklərindən biri də odur ki, şəhər idarəetməsi xalqa tapşırılmalıdır, yəni meriya xalq tərəfindən keçirilən seçkilərlə müəyyən olunmalıdır. Azərbaycan isə ilk növbədə bu öhdəliyə əməl etmir.

 Azad, müstəqil mətbuat sıxışdırılır

 Digər tərəfdən, Azərbaycan siyasi məhbusları olan ölkədir, Azərbaycan azad, müstəqil mətbuatın sıxışdırıldığı, təzyiqlərə məruz qaldığı ölkədir, burada elektron media faktiki olaraq hakimiyyətin nəzarəti altındadır, siyasi partiyaların fəaliyyət imkanları tamamilə məhdudlaşdırılıb, bütün seçkilər saxtalaşdırılır. Bütün bunların fonunda Avropa ailəsinin üzvü olmağımızı iddia etməyimiz, özümüzü avropalı kimi qələmə verməyimiz bir qədər istehza doğurur. Biz həqiqətən də Azərbaycanın dünyada qazandığı istənilən sahədəki uğurları ilə sevinmək, qürurlanmaq istəyiriksə, gərək ilk növbədə insan hüquqlarının müdafiə olunduğu və demokratiyanın bərqərar olduğu bir ölkədə yaşamağımızla da qürurlanaq. Biz nədən bu qədər zəngin maddi və mənəvi dəyərlərə sahib olduğumuz halda Pribaltika ölkələrindən geridə qalmalıyıq? Niyə Azərbaycan qədər Sovet imperiyasının əsarətində qalan Latviya, Litva, Estoniya kimi ölkələr müstəqillik əldə etdikdən sonra insan haqlarının müdafiə olunduğu və demokratiyanın inkişaf etdiyi, ən yüksək kriteriyalara sahib ölkələr olmalıdır, Azərbaycan isə bu sıralanmada ən sonuncu yeri tutmalıdır? Bu ölkələr Avropada keçirilən hansısa mahnı müsabiqəsində, olimpiadada qalib olmağa iddia etmirlər, lakin insan hüquqlarının qorunmasında iddia nümayiş etdirilər! Bu ölkələrdə aparılan uzunmüddətli siyasətinin nəticəsidir ki, Pribaltika ölkələri sözün həqiqi mənasında Avropa ailəsinin üzvünə çevriliblər.

 «Avroviziya» bizim üçün bir fürsətdir

 Biz bu paradoksu ortaya qoyub, ilk növbədə Azərbaycanda insan hüquqlarının pozulması məsələsinə Avropa Birliyinin diqqətini artırmağa çalışmaqla Azərbaycan hakimiyyətinə öz sözümüzü deyə bilərik: Avropa ailəsinin növbəti ildə Azərbaycana gəlişi bizim üçün həm də fürsətdir. Hakimiyyət çalışmalıdır ki, korlanmış imicini yaxşılaşdırmaq üçün müəyyən addımlar atsın. Kiçik bir haşiyə çıxmaq istəyirəm: Son günlər «Wikiliks»də də məlumat açıqlandı. Orada rəsmilərin dilindən deyilən və altından xətt çəkiləsi ifadələr var, məsələn, «Azərbaycanda bəzi jurnalistlər, beynəlxalq təşkilatlar və bəzi QHT-lər ölkənin xaricdəki imicini, nüfuzunu ləkələməyə çalışırlar». Diqqət edin: Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində ciddi problemlər var və azad mətbuat bu problemləri araşdırıb, təhlil edib, ictimailəşdirdiyi üçün hakimiyyət bu SOS siqnallarına dəstək olmaq əvəzinə,  bu problemləri dünya ictimaiyyətinə çıxardığı üçün mətbuatı Azərbaycanın nüfuzuna xələl gətirməkdə ittiham edir. Halbuki Azərbaycanın imicini ləkələməyə çalışan, bunun üçün əlindən gələni etməyi əsirgəməyən tamamilə başqa insanlardır. O baxımdan biz düşündük ki, «Avroviziya-2012» mahnı müsabiqəsi keçirildiyi müddətə qədər bu kampaniyanı aparmaq lazımdır.

Kampaniyamızı beynəlxalq təşkilatlar dəstəkləyir

Davamı gələn saylarımızda

XuralTAC

                                                                                                      “Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Anar Məmmədli
Anar Məmmədli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button