«Azadlıq» radiosunda keçirilən müzakirə Mətbuat Şurasını ifşa etdi!..

Mətbuat Şurası azad mətbuatın killeri rolunda!

Xədicə İsmayılova: «Bəlkə qarşınızda əyilib içəri girməlidir jurnalistlər, əyilib arxa-arxaya qapıdan çıxmalıdırlar?»

Əvəz Zeynallı: «Azərbaycan mətbuatında özünə, peşəsinə hörmət edən heç bir peşəkar mətbuat işçisi MŞ-da təmsil olunmur»

 

 

 

 

 

Emin Hüseynov: «Mirzə Sakit də həbs olunanda Bəxtiyar Sadıqov eyni anonsu vermişdi»

 

 

 

 

Rəşad Məcid: «Mehman Əliyev bir neçə aydır ki, Mətbuat Şurasından küsüb, indi mən onun dərinliyini bilmirəm ki, nəyə görə küsüb?»

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının canlı efirində Xədicə İsmayılovanın aparıcılığı ilə «Xural» qəzetinin Mətbuat Şurasının «qara siyahısı»na salınması və ondan sonra media aləmində baş verən təlatümlər müzakirə edilib.

Radionun qonağı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və RATİnin rəhbəri Emin Hüseynov olub. MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidin qarşı tərəf kimi telefonla müzakirələrə qatılması bir sıra həqiqətləri ortaya çıxarıb.

Oxucu marağını nəzərə alaraq, həmin debatı olduğu kimi təqdim edirik.

 Əvvəli ötən saylarımızda

 Xədicə İsmayılova:

– Mən xatırlayıram, birinci qurultayda səsvermə, xüsusilə sədrin seçilməsi zamanı zalda kvorum yox idi. Amma sonra nəticə elan olundu. Mən də özüm üçün qərar verdim ki, MŞ ilə heç bir ünsiyyətim olmayacaq. Amma ki, bu orada baş verdi. Bilmirəm, sonrakı qurultayda da belə bir vəziyyət olubmu?

 Əvəz Zeynallı:

– Çox sağ olun ki, Mətbuat Şurasının İdarə Heyətinin «möhtərəm» üzvlərinin hamısının adını açıqladınız. Bu gün Azərbaycan mətbuatında özünə, peşəsinə hörmət edən heç bir peşəkar mətbuat işçisi MŞ-da təmsil olunmur. Baxın, Mehman bəy uzun müddətdir ki, istefa vermişdi, biz də bunu bu gün açıqladıq. Dünən də çox önəmli bir mətbuat adamı, MŞ-nın təsisçilərindən biri istefa verib. Yəni bu Şuranı niyə qurmuşdular? Biz keçən il çox ağır bir mətbuat savaşına girdik Rauf Arifoğlu ilə. Amma biz MŞ-da deyil, Mehman Əliyevin yanında söhbətləşib, məsələləri aydınlaşdırıb, barışdıq. Bizim Azərbaycanda gözəl bir misal var: «Ho var, dağa qaldırar, ho var, dağdan endirər» MŞ-nın «ho»su da cinayətdir. Bunlarda «ho» yoxdur. Bunlar birbaşa Azərbaycan hökumətinin, Azərbaycanın icra strukturlarının əlində vasitəyə çevriliblər və bizim bu qərarımız alınanda işə bir baxın ki, bunlar iki komissiyanın iclasını bir günə saldılar, hamısı da «yekdil» rəylə qərar çıxardılar. Bir gün fasilə verəndən sonra ayın 19-da apar-topar qara bir qərar çıxardılar. Burada fikir müxtəlifliyi yoxdur. İndi Rəşad Məcid deyir ki, «Xural» əslində ciddi qəzet idi, amma son bir həftədə nəsə oldu. Bəxtiyar Sadıqov deyir ki, əslində «Xural» qəzeti çoxdan «qara siyahı»ya salınmalı idi, Əvəz Zeynallı niyə indiyədək azadlıqdadır. Əvvəlcədən onun anonsunu verir ki, biz Əvəz Zeynallının həbsi haqqında da fikirləşirik, çünki ədəbsiz bir mühit yaranıb.

 Emin Hüseynov: Mirzə Sakit də həbs olunanda Bəxtiyar Sadıqov eyni anonsu vermişdi.

Ə.Z.: Bunlar işverəndirlər. Bunlar bizi islah etmək istəyirlər, halbuki bu qurum islah olunmalıdır.

 Rəşad Məcid: Mehman Əliyev bir neçə aydır ki, Mətbuat Şurasından küsüb, indi mən onun dərinliyini bilmirəm ki, nəyə görə küsüb?

Ə.Z.: Söhbət Mətbuat Şurasının ədalətsiz və vicdansz bir qurum olmasından gedir.

R.M.: Sizin danışıqlarınızda təhqir elementləri var.

Ə.Z.: Onda artıq danışmayaq da… hərəmizin ağzımıza bir qıfıl vurun! Azərbaycan xalqının leksikonunu da dəfn edək…

R.M.: Bayaq deyirsən ki, özünə hörmət edən adam MŞ-da oturmaz.

Ə.Z.: Elə demədim. Siz təhrif etməyə öyrənmisiniz. Mən dedim ki, özünə hörmət edən heç bir peşəkar mətbuat işçisi MŞ-da yoxdur. Siz orada prezidentin ayırdığı büdcə pullarını bölüşdürməklə, mənasız işlərlə məşğul olmaqla, Azərbaycanın ən dəyərli insanlarına ləkə yaxmaqla məşğul olursunuz. Belə olmaz axı. Kim sizə o hüququ, o səlahiyyəti verib?

X.İ.: Əvəz bəy sizin özünüzə hörmət etdiyinizi düşünür, sadəcə peşəkar mətbuat işçisi saymır.

Ə.Z.: Acı olan bilirsinizmi, nədir? Odur ki, hörmətli Əflatun Amaşov da deyib ki, bir səhv idi oldu, amma geriyə yol yoxdur. Kimdir bu qərarı onlara atdıran ki, geriyə yolları yoxdur? Nə olub ki?

X.İ.: Mən istəyirəm ki, dinləyicilərin də fikirlərini eşidək: Onlar Azadlıq radiosunun efirinə yazırlar:

 Elmin:

– Bəxtiyar Sadıqov nəhayət ki, əsl peşəsini ortaya qoydu, jurnalist olmadığını məcbur olub, etiraf etdi. Belə adamlara yerini göstərməyin vaxtı çatıb.

Nabatəli Qulamoğlu:

– Bir rus ədəbinin sözü ilə desək, «Xural» qəzeti ona görə günahkardır ki, kiminsə çirkin əməllərini ifşa edib. Rəşad Məcid bu səlib yürüşünün mahiyyətini yaxşı bilir, amma yenə də yayğın mövqe ifadə edir.

Doktor Ramiz:

– Mən hesab edirəm ki, bu MŞ məhz hakimiyyətin müdafiəsi ilə məşğuldur, müxalifəti, müstəqil mətbuatı eninə-uzununa təhqir ediblər. Əməlli-başlı bu Şura hakimiyyətin ictimai məhkəməsinə çevrilib.

Araz Səməd Şəkidən yazır:

– «Reket qəzet» nə deməkdir? Bu ifadə hüquqi baxımdan necə izah olunur? Bu hakimiyyət mövcud olduğu gündən azad mətbuata, azad sözə qənim kəsilib, o üzdən də əliyevlərin əlində oyuncaq olan MŞ-nın qərarı başa düşüləndir. Əslində, «Xural» və «Xural» kimi mətbu orqanlar ən amansız, ən acgöz reketi – 19 ildir ki, Azərbaycan xalqını soyan əliyevlər rejimini ifşa edir.

Başqa bir dinləyicimiz yazır:

– Mən insanların şərəf və ləyaqətlərinin qorunmasının tərəfdarıyam və mənə maraqlıdır ki, məlum çarxdan sonra Lider TV-yə qarşı nə kimi tədbir görüldü?

İmzasız dinləyicimiz yazır:

– Bircə onu bilmək lazımdır ki, ölkənin bütün qurumlarına sifariş yuxarıdan gəlir. Bu gün ölkədə kim ki haqq sözünü deyir, faktları çıxarıb yazır, tez həmin adamı və qəzetini «reket» adlandırır və müxtəlif təzyiqlərlə həmin adamı və qurumu sıradan çıxarmağa çalışırlar. Belə hallar bizdə artıq normaya çevrilib.

Seyran Şamaxıdan yazır:

– Mətbuat azad olmalıdır, amma reketçilik, böhtan yol verilməzdir. Mən Azadlıq radiosunun çox bəyənirəm.

Emin bəy, Rəşad Məcid həmişə hakimiyyətə yarınıb, özü də Laçından qaçqındır. Yarınmadığı hakimiyyət yoxdur. Onun çıxardığı «525-ci qəzet»də siçanlar oynaşır, jurnalistlərə qonorar vermədiyinə görə müxbirlər dəfələrlə işdən çıxıblar.

 R.M.: Nəyə cavab verim, Xədicə xanım? Sənin onu oxumağın da etik cəhətdən düzgün deyil. İmzasız biri yazır, siz də onu efirdən oxuyursunuz.

X.İ.: Rəşad bəy, mən istəiyrəm ki, siz də öz mövqeyinizi bildirəsiniz.

R.M.: Birincisi, mən Laçın rayonundan qaçqın deyiləm. Bakıda olmuşam, Ağdamda oxumuşam və s. İkincisi, mənim işçilərim də qonorarlarını vaxtlı-vaxtında – bir az gecikməklə alırlar. Siz düz eləmirsiniz ki, imzasız şərhləri efirdən oxuyursunuz.

Ə.Z.: İndi sizin də adınızı «qara siyahı»ya salarlar, Xədicə xanım. (Gülüşmə…)

R.M.: «Azadlıq» radiosunu da «Xural» qəzetinə çevirməyin də…

X.İ.: Emin Əliyev yazır:

– Biz indi 9 nəfər klubda oturan adam Emin bəyin hərəkətlərini tam dəstəkləyirik. MŞ-da ayaqlarını ayaqlarının üstünə qoyub oturmaq da azdır.

Yaşar:

– Rəşad müəllim, xalqın əksəriyyətinin hakimiyyətyönümlü olduğunu haradan bilirsiniz?

 R.M.: Seçkilərin nəticəsindən bilirəm. Xalq hakimiyyəti dəstəkləyir, açıq görürük də hər yerdə…

X.İ.: Amma seçkilərin nəticəsi ilə bağlı yekdil fikir mövcuddur ki, o, saxtalaşdırılıb.

R.M.: Bu, birtərəfli mövqedir.

E.H.: Mənim ayağımı ayağımın üstünə qoymağımı Rəşad Məcid MŞ-ya qarşı hörmətsizlik kimi qəbul edib, amma bu da mənim oturuş tərzimdir. ABŞ prezidenti Barak Obama digər prezidentlə görüşdə ayağını-ayağının üstünə qoyur. Naxçıvanda bizə polis yaxınlaşıb deyir ki, niyə əliniz cibinizdə bizimlə danışırsınız, bu, tərbiyəsizlikdir. Yəni bu, Sovet Azərbaycanı psixologiyasıdır ki, başqalarına nəyisə diqtə etmək və qəbul olmayanda zor tətbiq etmək. Mən özümü necə rahat hiss edirəmsə, o cür də davranıram. Kimə mənim oturuşum xoş gəlmirdisə, oradan çıxıb gedə bilərdi.

R.M.: Ondan sonra beynəlxalq təşkilatlardan birinin tədbirində səninlə qarşılaşdıq, orada quzu kimi oturmuşdun. Bu, o demək idi ki, mən MŞ-nı saymıram və ona yuxarıdan aşağı baxıram.

X.İ.: Ayağı ayağın üstünə aşırmağın nəyi ayıbdır ki?

E.H.: Siz parapsixoloqsunuz da yəqin, əgər belə nəticə çıxarmısınızsa…

Ə.Z.: Bu cür məntiqlə də Emin bəylə bağlı qərar çıxarıblar… (Gülüşmə…)

X.İ.: Bəlkə qarşınızda əyilib içəri girməlidir jurnalistlər, əyilib arxa-arxaya qapıdan çıxmalıdırlar? Sizcə nə etməlidirlər? Bəlkə başlarını əyməlidirlər? Bəlkə MŞ-ya jurnalistlərin daxil olma, özlərini aparma qaydalarını veb səhifənizə yerləşdirəsiniz, biz də oradan oxuyaq?

R.M.: İnsan normal etika, tərbiyə qaydalarına uyğun hərəkət etməlidir. Biz bilirik, hansı hərəkətin arxasında nə durur?

X.İ.:  Rəşad bəy, bu cür mülahizələrlə azad mətbuatı ona görə müdafiə emirsiniz ki, əyilmirlər? Ona görə hesab etmisiniz ki, Emin bəyin şikayətinə baxılmamalıdır?

R.M.: Baxıldı da, qərar da verildi…

E.H.: Həmin gün mən hörmət əlaməti olaraq bütün MŞ üzvləri ilə «Siz»lə danışırdım, amma görəndə ki, onlar mənimlə «Sən»lə danışırlar, mən də onların aurasına girdim və özümü onlar kimi «səmimi» aparmağa başladım.

X.İ: Söhbətin axırda bu məqama dirəncəyini mən də gözləmirdim. Biz söz azadlığı, mətbuatın heç kim tərəfindən damğalanmaması, MŞ-nın mətbuata nümunə göstərib, onu boş-boşuna damğalamaması məsələsini açacaqdıq. Əvəz bəy, 30 saniyə sizə vaxt qalıb, 30 saniyə də Rəşad bəyə, buyurun.

Ə.Z.: MŞ-nın ən normal adamlarından biri kimi mən Rəşad Məcidi hesab etmişəm. Siz Rəşad Məcidin müzakirəsini gördünüz. Bunların yanına girəndə əlini cibinə salmamalısan, oturuş-duruşuna diqqət etməlisən və s. Siz də ehtiyatlı danışın, yoxsa MŞ sizi də «qara siyahı»ya salar. MŞ artıq Dövlət Mətbuat Şurasına çevrilib. MŞ azad mətbuatın qəniminə çevrilib. MŞ artıq azad mətbuatın killerliyi ilə məşğuldur və o, özünə aid olmayan işlərə müdaxilə etməməlidir!

R.M.: Söz azadlığı xaos deyil, anarxiya deyil, tərbiyəsizlik deyil, insanları təhqir eləmək deyil.

Ə.Z.: Tərbiyəsizliyi Mətbuat Şurası edir…

X.İ: Təşəkkür edirəm.

 Son

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button