«Baltika-Bakı» 6 əməkdaşını işdən qovdu

Onlardan mətbuata məlumat verməməklə bağlı məcburi iltizam alınıb

Zavodun maliyyə direktoru Mikayıl Cəfərov: «Doğrudan da ixtisarlar aparılıb və işçilərdən iltizam alınıb»

 Xırdalanda yerləşən «Baltika-Bakı» Pivə zavodu mətbuata informasiya ötürməkdə şübhələndiyi 6 əməkdaşı işdən çıxarıb və onlar ictimaiyyətə hər hansı açıqlama verməməklə bağlı yazılı iltizam imzalamağa məcbur ediliblər.

Bu barədə XuralTAC-a «Baltika-Bakı» Pivə zavodunda çalışan fəhlələr məlumat veriblər. Onların sözlərinə görə, «ixtisar» adı ilə qovulan işçilər, əsasən, «Xural» qəzetinə məlumat sızdırmaqda və zavodun kommersiya sirrlərini yaymaqda ittiham edilirlər.

Məlumatda o da qeyd olunur ki, qovulan işçilərdən 3 nəfər iltizama qol çəksə də, digərləri öhdəlikdən imtina ediblər. «Fəhlələrə öz əmək hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməklə bağlı hər hansı qadağa qoyulmayıb, yalnız ictimai açıqlamanın qarşısını almaq istəyirlər» – deyə xəbərdə bildirilir.

 Mikrob çıxan pivələr yenidən istehsala daxil edilib

 Yeri gəlmişkən, qeyd edək ki, «Baltika-Bakı» Pivə zavodunun istehsalı olan «Əfsanə» brendində mikrob tapılması ilə bağlı Sank-Peterburqdakı baş ofisdən yoxlama gəldiyi barədə də məlumat vermişdik. Zavodun ambardarı Seyid Quliyevin isə həmin pivələri gecə ilə muzdlu və birgecəliyinə tutulmuş fəhlələrin köməyi ilə təkrar pivə bişirilən çənlərə boşaldıb. Bu əməliyyatın aparıldığı video faktlar redaksiyamıza təqdim edilib və bu barədə də yazmışıq.

Xatırladırıq ki, «Baltika-Bakı» Pivə zavodunun direktoru Adam Tlexuray dərc olunan materiallarla bağlı Nərimanov rayon Məhkəməsinə iddiasında 150 min manat məbləğində cərimə tələb etsə də, zavodun nümayəndəsi «Xural» qəzetinin ad günündə – 6 oktyabr 2011-ci il tarixdə keçirilən hazırlıq iclasına qatılmamışdı.

Bu və digər suallarla bağlı «Baltika-Bakı» Pivə zavodunun maliyyə direktoru Mikayıl Cəfərova müraciət etdik.

 «Son günlər ixtisarlar aparılıb»

 – «Baltika-Bakı» Pivə zavodunda son günlər ixtisarlar aparılırmı və bunun səbəbi nədir?

– Baş ofisimizdən – Sankt-Peterburqdan yeni avadanlıqlar gətirmişik və bu avadanlıqlar müəyyən sexlərdə insan əməyini əvəz edirlər. Bu yenilik həm də təmizliyə görədir. Fəhlələr siqaret və ya hansısa əl natəmizliyindən yanlışlığa yol verə və pivələrin keyfiyyətində problem yarada bilərlər. Ancaq avtomatlaşdırmada belə problemlər yaranmır. Ona görə də tam avtomatlaşdırmaya qərar verdik.

– İşdən qovulanların sayı nə qədərdir?

– Onlar qovulmayıb, ixtisara salınıblar. Təxminən 7-8 nəfər çıxarılıb.

– Onlardan mətbuata məlumat verməməklə bağlı hər hansı iltizam alınıbmı?

– Bəli, alınıb və bu iltizamı mən özüm qanunamüvafiq surətdə həyata keçirmişəm. Bilirsiniz, qanunvericiliyə görə, işə qəbul olunan və uzaqlaşdırılan işçilər zavodun kommersiya sirlərinin yayılmaması üçün öhdəlik götürürlər. Mən də həmin səlahiyyətlərdən istifadə edərək iltizam vermələri üçün fəhlələrə müraciət etmişəm.

– İltizamı imzalamaq niyə məcburi qaydada aparılır və bu iltizamdan imtina edən şəxslərə qarşı hansı tədbir görürsünüz?

– İltizam məcburi deyil və onu imzalamayanlara qarşı heç bir tədbir də görülməyəcək. İşçilər öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilərlər. Bu iltizam yalnız kommersiya sirrinin yayılmaması üçündür.

 «Komissiya mikrob yox, bəzi nöqsanlar aşkar etdi»

 – Bizdə olan məlumata görə, «Baltika-Bakı» pivə zavodunda istehsal olunan məhsulların yararsız olması üzündən satışdan geri qayıtması səbəbini aydınlaşdırmaq üçün baş ofisdən xüsusi komissiya göndərilib. Sankt-Peterburqdan gələn komissiya «Baltika-Bakı»nın istehsalı olan «Əfsanə» brendində mikrob aşkarlayıb. Avqust ayının son 3 gününü əhatə edən yoxmalardan sonra hətta laboratoriyanın müdiri Məryəm xanım işdən çıxarılıb…

– Sankt-Peterburqdan komissiya vaxtaşırı olaraq gəlir və yoxlamalar aparır. Dediyiniz tarixdə də növbəti yoxlamalardan biri keçirilib. Doğrudur, müəyyən nöqsanlar aşkarlanıb və onların aradan qaldırılması üçün tövsiyələr verilib, ancaq heç bir mikrob-zad tapılmayıb. «Əfsanə» pivələrindən mikrob çıxması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 Yararsız pivələrin təkrar bişirilməsini əks etdirən videogörüntü fantaziyadır?

 – Zavodunuzun ambardarı Seyid Quliyevin vaxtı keçmiş, köhnəlmiş və mikrob ehtimalı olan, müəsisənizin həyətinə qalaqlanmış tonlarla pivəni muzdlu fəhlələr vasitəsilə təkrar pivə bişirmə çənlərinə boşaltmasına nə deyə bilərsiniz?

– Belə bir şey ola bilməz. Bu, yalnız hansısa fəhlənin təxəyyülünün məhsuludur…

– Axı, bu əməliyyatı əks etdirən videodisk redaksiyamıza təqdim edilib! Bu, necə fantaziya ola bilər?

– Mən bilmirəm, sizə təqdim olunan diskdə nələr var. Ancaq bir daha deyirəm ki, belə bir fakt ola bilməz və bu, kiminsə təxəyyülünün məhsuludur.

– Bəs zavodunuzun həyətinə yığılan pivə şüşələrinin tonları haqlamasını necə əsaslandırırsınız?

– Satış vaxtı bitdiyi üçün müəyyən məhsullarımız geri qayıdıb və onları zavodun həyətində yığmışıq. Ancaq bu, o demək deyil ki, onlar təkrar istehsala yönəldilib?

 Sizi «Baltika-Bakı» zavodu məhkəməyə verməyib

 – «Baltika-Bakı» pivə zavodunun «Xural» qəzetini məhkəməyə verməsi və 150 min manat təzminat tələb etməsinə münasibətiniz necədir?

– Bu barədə dəqiq məlumatım yoxdur. Ancaq bildiyim qədərincə, sizi «Baltika-Bakı» Zavodu yox, Adam Tlexuray şəxs olaraq məhkəməyə verib. 150 min manat təzminat tələbini də yalnız sədr özü izah edə bilər.

– Qarşı tərəf məhkəməyə niyə gəlməmişdi?

– Əvəz Zeynallı Nərimanov rayon Məhkəməsinin «Xural» qəzetinə qarşı qərəzli olduğunu iddia etmişdi və hüquqi çəkişmənin Yasamal rayonunda davam etməsi ilə bağlı vəsatət vermişdi. Yəqin ki, nümayəndə ona görə iştirak etməyib.

 Məlumat üçün deyək ki, «Xural» qəzetinə fakt olaraq təqdim edilən haqqında bəhs etdiyimiz videogörüntülər məhkəməyə təqdim olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button