«Baltika-Bakı» MMC-də özbaşınalıqlar

Həmkarlar İttifaqının etirazına baxmayaraq, fəhlələr işdən qovulur

  «Baltika-Bakı» MMC – Xırdalandakı Pivə zavodunda baş verən ixtisarlar barədə məlumat vermişdik. Bildirmişdik ki, mətbuata məlumat verməkdə şübhələndikləri fəhlələri işdən qovan zavod rəhbərliyi onları iltizam imzalamağa da məcbur edir. İltizamda isə ictimaiyyətə açıqlama verməməklə bağlı öhdəlik nəzərdə tutulur.

«Baltika-Bakı» Pivə zavodunun maliyyə direktoru Mikayıl Cəfərov isə suallarımıza cavab verərək bildirmişdi ki, ixtisarlar yeni texnologiyanın quraşdırılması ilə bağlıdır. İltizam imzalanmasına da aydınlıq gətirən zavod rəsmisi bunu kommersiya sirrinin yayılmaması ilə izah etmişdi.

Dünən baş verənlərlə bağlı yeni məlumat əldə etmişik. XuralTAC-ı bilgiləndirən mənbənin sözlərinə görə, ixtisarlar 9 nəfəri əhatə edir.

 «Adam Tlexuray Həmkarlar İttifaqını da saymır»

 «İxtisarlar yeni işçilərin əvəzinə, köhnə və təcrübəli fəhlələr arasında aparılır. Halbuki işdən qovulanlar arasında 5 nəfər imtiyazlı şəxs, yəni 3-cü qrup əlillər, öhdəsində azyaşlı uşaq olanlar və s. – var. Həmin şəxsləri işdən qovurlar, çünki məqsəd «ixtisar» deyil, mətbuata informasiya ötürməkdə şübhəli bilinənlərdən yaxa qurtarmaqdı» – deyə mənbə bildirir.

«Baltika Bakı» MMC-nin Həmkarlar İttifaqının sədri Tural Niftəliyev imtiyazlı şəxslərin işdən qovulmasına etiraz olaraq şirkətin direktoru Adam Tlexuraya yazılı müraciət etməsinə baxmayaraq, rəhbərlik qərarını dəyişməyib. «Daha bir qanunsuzluq isə fəhlələrin aldadılmasıdır. Fəhlələrə əvvəlcə məlumat verilib ki, məzuniyyətə çıxmaq müddətləri ilə bağlı əvvəlcədən tarix müəyyənləşməlidir. Zavod məzuniyyət üçün avqustun sonunu müvafiq bildiyini də açıqlayıb və fəhlələrə bu tarixə müraciət etməli olduqlarını xatırladıb. Ancaq məzuniyyət ərizələri yazan fəhlələr həmin tarixdən bir neçə gün əvvəl işdən azad ediliblər. Bu oyunda isə 2 məqsəd güdülüb: həm məzuniyyət zamanı ixtisar aparmağın qanunla qadağan olunduğuna görə bu addım atılıb, həm də fəhlələrin məzuniyyət pulunu verməmək üçün» – deyə qeyd olunur.

Ancaq zavod rəhbərliyinin qurduğu bu oyun özlərinə qarşı çevrilib. «Elə fəhlələr var ki, onların həm məzuniyyət tarixinə, həm də işdən çıxarılma əmrinə eyni gündə qərar verilib. Beləliklə, fəhlə eyni gündə həm məzuniyyətə çıxıb, həm də işdən qovulub».

 Ambardar Mircəfər Seyidovun «ölü can» oyunu

 Mənbənin məlumatına görə, hazır məhsullar ambarının rəisi Mircəfər Seyidovun 2 oğlu – Telman və Ağamir – zavodda çalışırlar. Qardaşlardan biri ambarda atasından sonra ikinci söz sahibidir, digər qardaş isə «Avtokar» sürücüsü ştatındadır: «Ancaq o, işə gəlmir, «Avtokar»ı Qarabağ müharibəsi əlili olan Faiq adlı bir fəhlə idarə edir. Onu sıxışdırırlar, əməkhaqqını kəsirlər və onsuz da müharibədə aldığı yaralardan əsəbi yerində olmayan Faiqin hirslənməsi və nalayiq hərəkət etməsi üçün min oyun qururlar. Məqsəd də onu işdən qovmaq üçün münasib fürsət qazanmaqdır» – deyə bildirilir.

İxtisarların Qablaşdırma sexinin rəisi Tofiq Hüseynovun fəhlələrindən yan keçdiyini bildirən mənbəmiz iddia edir ki, bu, sex rəisi ilə Adam Tlexurayın isti əlaqələrindən qaynaqlanır.

 İlham Rəhimli «BaltikaBakı»da söz sahibidir?

 Mənbənin sözlərinə görə, sex rəisi T.Hüseynov Tovuz rayonundandır və Vladimir Putinin yaxın dostu olan İlham Rəhimli ilə əlaqələri var. «Baltika-Bakı» MMC-nin Putinin şirkəti olmasıyla bağlı şayiələr gəzir. Ehtimal edirlər ki, şirkətin Putinə məxsusluğu səbəbindən Rusiya Federasiyası baş nazirinin dostu İlham Rəhimli zavodda söz sahibidir. Ona görə də T.Hüseynova Adam Tlexurayın xüsusi münasibəti var və həm onun özünü, həm də fəhlələrini sadiq işçilər sayır və işdən çıxarmır. Həm də onların bir yerdə təhsil almalarıyla bağlı məlumat var» – deyə mənbə qeyd edir.

 Pivə çənləri yuyulmur

 Mənbəmiz bu il avqust ayında «Baltika-Bakı» MMC-nin istehsalı olan «Əfsanə» brendində mikrob tapılmasına da aydınlıq gətirdi. Dedi ki, zavodun məhsullarının keyfiyyətsiz olması səbəbindən Sankt-Peterburqdan yoxlama gəlmişdi. «Avqustun 27-29-u arasında zavodda aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkara çıxarıldı. Xəbərdarlıq edildi ki, pivə çənləri hər 4 saatdan bir mütləq yuyulub təmizlənməlidir ki, mikrob olmasın».

Bu tələbə əməl edilmədiyini söyləyən qaynağımız qeyd edir ki, hazırda pivə çənləri 12 saatdan bir yuyulur: «Bir iş başlayanda, səhər saat 8-də, bir də axşam yuyulur, vəssalam. Bir neçə gün hər 4 saatdan bir yumağa başlamışdılar. Ancaq çənlərin yuyulması və dezinfeksiya edilməsi 1 saat, 1 saat 10 dəqiqə çəkir. Bu müddətdə isə istehsal dayandığından, qısa müddətdə bu cür işləməkdən imtina etdilər. Təmizlik qaydalarına əməl etməməklə istehsalı artırmaq niyyəti güdürlər».

Qaynağımız həm də zavodun istehsal etdiyi pivə şüşəsində aşkar olunan dəhşətlə bağlı da məlumat verdi.

 Pivə şüşəsindən siçovul çıxıb?

 Qaynağımızın bildirdiyinə görə, bir neçə ay öncə «Baltika-Bakı» MMC-nin istehsal etdiyi pivə şüşələrinin birində ölü siçovulun olmasıyla bağlı alıcı şikayəti olub: «Həmin müraciətlə bağlı ATV kanalının «El İçində» verilişində də anons getdi. Həmin vaxt «El İçində» verilişinin müəllifi Elçin Əlibəyli idi. Anonslarda bildirilirdi ki, «Xırdalan Pivə zavodunun istehsal etdiyi pivə şüşəsindən nə çıxdı, öyrənəcəksiniz». Ancaq anonsu verilsə də, veriliş efirə getmədi. Görünür, şirkət bunun efirə getməsinin qarşısını almışdı. Ancaq zavodda pivə şüşəsindən ölü siçovul çıxmasıyla bağlı rəy vardı».

Pivə şüşəsindən siçovul çıxmasını qeyri-adi qarşılamadığını deyən qaynağımızın sözlərinə görə, pivənin xammalı olan arpada siçovul olması mümkündür: «Təəssüf ki, istehsal zamanı təmizlik işlərinə və qaydalarına əməl edilmir və ona görə də siçovul rahatlıqla pivə çənlərində bişirilib, şüşələrə doldurulur».

Əlavə edək ki, «Baltika-Bakı» Pivə zavodunun maliyyə direktoru Mikayıl Cəfərov da bizə açıqlamasında Sankt-Peterburqdan gələn komissiyanın «müəyyən nöqsanlar aşkar etdiyini» söyləmişdi və avtomatlaşdırmanın da gigiyenik qaydaları gücləndirmək üçün atıldığını bildirmişdi: «Fəhlələr siqaret və ya hansısa əl natəmizliyindən yanlışlığa yol verə və pivələrin keyfiyyətində problem yarada bilərlər. Ancaq avtomatlaşdırmada belə problemlər yaranmır. Ona görə də tam avtomatlaşdırmaya qərar verdik».

Bu fikir özü bir daha təsdiqləyir ki, Xırdalan Pivə zavodunun məhsullarında mikrobla bağlı narahatlıq yaşanıb. Ancaq pivə şüşəsindən siçovul çıxması artıq ciddi faktdır.

 Tlexuray dostunun qızını işdən niyə qovub?

 Mənbənin sözlərinə görə, Adam Tlexuray iclaslarda kobud ifadələrdən istifadə edir və bu da fəhlələrin ciddi narazılığına səbəb olur: «Hələ bir müddət bundan əvvəl, iyunun 8-də işçilərlə keçirilən görüşdə Adam Tlexuray təhqiramiz sözlər işlətmişdi. Buna hətta sex rəisləri də etiraz etmişdilər ki, bura Azərbaycandır, Rusiya deyil. Bilirsiniz ki, rus xalqında bəzi kobud ifadələrin işlənməsinə yol verilməsi adi qarşılanır və milli xüsusiyyətdir. Ancaq o sözlər Azərbaycanda qan düşməsi üçün kifayətdir. Fəhlələr belə namünasib sözlərdən və davranışlardan artıq cana yığılıblar».

Belə nalayiq davranışları zavoddan kənara çıxaran işçiləri isə Adam Tlexurayın bağışlamadığını deyən mənbə qeyd etdi ki, bir müddət öncə direktor öz katibəsini buna görə qovub: «Katibəsi onun ən yaxın dostunun qızı idi və ona qarşı rəhbərliyin çox böyük hörməti vardı. Ancaq həmin qız facebook səhifəsində Adam Tlexurayın söyüş söydüyü və «Seyid» adıyla tanınan sex rəisi Mircəfər Seyidova stul atmasını yazmışdı. Katibənin bu statusu direktorun masasının üstünə qoyulduqdan sonra Adam Tlexuray onu işdən qovdu» – deyə mənbəmiz bildirir.

 Elçin Əlibəyli faktı təsdiqləyir?

 Xırdalan pivə zavodunun istehsal etdiyi pivə şüşəsindən siçovul çıxması və bunun hətta ATV telekanalında anons edilməsini çox ciddi fakt saydığımızdan, proqramın yaradıcısı Elçin Əlibəyli ilə əlaqə saxlamağa çalışdıq.

Təəssüf ki, E.Əlibəylinin heç bir nömrəsi cavab vermədi.

İxtisarlara zavodun Həmkarlar İttifaqının sədri Tural Niftəliyevin münasibətini də öyrənə bilmədik. İstirahət günü olduğundan, T.Niftəliyev işə çıxmamışdı.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button