«Bu yazını sayta verməsəniz, kişi deyilsiiniz»

Baş redaktor «Azərbaycan» qəzetindən istefalara həyəcanlı formada cavab verib…

 Dünən «Təzadlar» qəzeti «Azərbaycan» qəzetinin 4 əməkdaşının baş redaktor Bəxtiyar Sadıqova etiraz olaraq işdən çıxdığı barədə məlumat verib. Qəzetin yazdığına görə, təkcə son bir həftədə tanınmış jurnalist Akif Cabbarov, jurnalist Samir Mustafayev, Rasim Bayramov, həmçinin qəzetin texniki problemlərini həll edən Tural Əliyev Bəxtiyar Sadıqovun kitab biznesinin acı nəticələrini özlərinə təhqir hesab edərək qəzeti tərk ediblər: “Mənbə qeyd edir ki, B.Sadıqov uzun müddətdir ki, nəinki özünün adına dərc olunan intellektual yazıları, həmçinin Təhsil Nazirliyində işləyən həyat yoldaşının da məqalələrini onlara yazdırıb. Sən demə, həmin jurnalistlər “Müasir Azərbaycan-20 il” adlı kitabını hazırlayıblar. Həmin kitabın təqdimatı yaxın vaxtlarda – müstəqilliyimizin 20 illiyi ərəfəsində baş tutacaq. Amma B.Sadıqov artıq həmin kitaba haram qatıb. Çünki həmin kitabın bütün ağırlığını Rasim Bayramovla Samir Mustafayev çəkib. Kitabın bütün yazılarını onlar yazıblar və hazırlayıblar. Amma kitab işıq üzü görəndə “Buraxılışa məsul” kimi Bəxtiyar Sadıqovun adı göstərilib. Bu isə jurnalistləri qəzəbləndirib, onlar bu addımı müəlliflik hüququnun kobud surətdə pozulması, intellektual mülkiyyətin mənimsənilməsi kimi dəyərləndirərək, bunu özlərinə təhqir sayıblar və işdən çıxıb getməkdən başqa yol görməyiblər”.

Qəzet yazır ki, “adı çəkilən jurnalistlərin yazıb hazırladıqları həmin yazıların orijinalı redaksiyamıza təqdim olunub. Sadəcə, kitab yayıma verilmədiyindən hansısa tutuşdurma aparıb yazıda təqdim edə bilmədik. Xatırladırıq ki, son illər Qafar Cəbiyev, Telman Mehdixanlı kimi neçə-neçə tanınmış jurnalistlər də bu redaksiyanı tərk edib”.

“Təzadlar” qəzetinin yazdığı məsələylə bağlı «qafqazinfo» saytının əməkdaşları baş redaktor B.Sadıqovun münasibətini öyrənmək istəsə də, buna nail ola bilməyiblər.

Sayt yazır ki, baş redaktor informasiyanın kimdən, yazılı-imzalı, yoxsa e-maillə daxil olub-olmaması ilə maraqlanıb. Hətta daxil olan müraciəti də istəyib. B.Sadıqov çox əsəbi və hədə ilə danışıb. “Bu yazını sayta verməsəniz, kişi deyilsiniz” deyən baş redaktor bu halda saytın əməkdaşlarını məhkəməyə verəcəyi ilə hədələyib.

S.Mustafayev isə bildirib ki, o, Azərbaycanı iki ay əvvəl tərk edib və hazırda KİVDF-də işləyir: “Heç bir narazılıq olmayıb. Sadəcə, daha yaxşı iş təklif olunduğu üçün KİVDF-yə gəldim. Sözügedən kitabda isə qəzetin 5 əməkdaşının yazıları toplanıb. O yazıları bu ilin əvvəlindən hazırlamağa başlamışıq və hər dəfə də qəzetdə öz imzamızla təqdim olunub. Kitabı 5 müəllifin adından deyil, «Azərbaycan» qəzetinin adından təqdim etmək daha uğurlu variant olduğu üçün bununla razılaşmışıq”.

Rasim Bayramov da S.Mustafayevin dediklərini təkrarlayıb: “Heç bir narazılıq olmayıb”. O, Tural Əliyev və Akif Cabbarovun da işdən çıxmasını təsdiqləyib: “Amma bu, hansısa narazılıqla bağlı deyil. Tural xəstə idi, ona görə çıxdı. Akif Cabbarov isə AzTV-yə keçdiyi üçün işdən çıxıb”. Özünə gəldikdə, R.Bayramov deyib ki, o, hələ bu ayın sonuna kimi “Azərbaycan”da işləyəcək.

Qeyd edək ki, dünən bu məsələ ilə bağlı yazı müəllifi daha bir fakt barədə də məlumat verib. Müəllif yazır ki, Bəxtiyar Sadıqov özünə yeni ştat açıb və yüksək əmək haqqı alır:

««Azərbaycan»ın mərhum baş redaktoru Əmir Mustafayevin dövründə deputat seçiləndən dərhal sonra B.Sadıqovun iş yerindəki maaşı qanunun tələblərinə görə dayandırılıb. O, yalnız MM-dən maaş alıb. Lakin Ə.Mustafayevin vəfatından sonra B.Sadıqov “Azərbaycan”ın baş redaktoru təyin olunan kimi özünə ştat tərtib edərək indiyədək (9 ildir) ən yüksək maaş alır…»

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button