«Cəlilabad polisi qardaşımı döyə-döyə öldürüb»

Qəzənfər Seydanov

Rayon sakini tükürpədici faktla bağlı redaksiyamıza yazır

 «Qardaşım Seydanov Qəzənfər Hidayət oğlu Cəlilabad rayon Polis Şöbəsinin işçisi Eldar Səfərov tərəfindən döyülərək öldürülmüşdür. Uzun müddətdir ki, dövlət orqanlarına müraciət etsəm də, cinayətkar cəzalandırılmır, Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq şəkildə araşdırma aparılmır».

Cəlilabad şəhər sakini (Xanlar küçəsi, ev 53) Bəybala Hidayət oğlu Seydanovun redaksiyamıza göndərdiyi məktub bu dəhşətli iddia ilə başlayır. Hadisənin təfərrüatları barədə B.Seydanov daha sonra yazır ki, «1971-ci il təvəllüdlü qardaşım Seydanov Qəzənfər kasıb adamın biri idi, «011» maşını ilə «xaltura» edərək ailəsini dolandırırdı. 9 noyabr 2010-cu ildə maşını ilə evdən çıxmış, xaltura etmək məqsədilə rayonun «Baş» deyilən hissəsinə gəlmiş, orada maşınını saxlayaraq müştəri gözləmişdir. Axşamçağı Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən orada qəflətən həbs edilmiş, Cəlilabad Polis Şöbəsinin binasına aparılmışdır. Guya qardaşım narkotik istifadəçisi imiş. Halbuki qardaşım qətiyyən belə bir adam deyildi, ölümündən sonra Respublika Məhkəmə-Tibbi Ekspertizası da bunu təsdiq etmişdir. Sadəcə, qardaşım bundan əvvəl türmədə yatıb, bizim respublikada isə türmədə olan adam həmişə təqib olunur, polis onu həyata, cəmiyyətə adaptasiya olunmağa qoymur.

 Polis İdarəsində məndən rüşvət istədilər

 Qardaşımın həbs olunması xəbərini eşidib ailəmizlə birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gəldik. Məlum oldu ki, qardaşımı müstəntiqlərə, polis işçilərinə aid olan otaqda saxlayırlar, sorğu-sual edir və işgəncə verirlər.

Qəzənfəri Cinayət-axtarış şöbəsinin işçiləri Əflatun Məmmədov və Mehman həbs etmişdi. Mehman mənə dedi ki, o narkotiklə tutulub, get, 16 min manat pul gətir, buraxaq. Dedim ki, mənim pulum yoxdur, kasıb adamam, cəmi bir köhnə maşınım var. Dedi ki, onda get, 5 min dollar gətir, özünəistifadə kimi sənədləşdirək, buraxaq.

Bizdə bu məbləğ olmadığından kor-peşman geri qayıtdıq. Səhəri gün tezdən Qəzənfərə yemək vermək üçün yenidən rayon Polis Şöbəsinə gəldik. Məlum oldu ki, qardaşım hələ də yuxarıda polis işçilərinə məxsus otaqda dindirilir, hələ də kameraya aparılmayıb. Bizə qardaşımla görüşməyə imkan vermədilər.

 Qardaşımı döyədöyə boynunu sındırmışdılar

 Günorta yenidən Polis Şöbəsinə gəldik. Uzun müddət qardaşımla görüş almaq ümidi ilə ailəmiz və qohumlarımızla birlikdə Polis Şöbəsinin həyətində gözlədik. Nəhayət, müstəntiqlərdən biri çıxdı, dedi ki Qəzənfərin halı pisləşdi, onu Mərkəzi Xəstəxanaya göndərdik. Polis İşçiləri qardaşıma fiziki güc tətbiq etmiş, başına əleyhqaz keçirərək çırpmış, əllərini və ayaqlarını kəndirlə stula bağlayaraq işgəncələr vermişdilər. Ağrılardan huşunu itirdikdə üstünə vedrə ilə su töküb yenidən çırpırmışlar. Bunu biz xəstəxanaya gəlib qardaşımı ağır vəziyyətdə gördükdə müəyyən etdik. Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov xəstəxanaya çoxlu polis işçisi göndərmişdi ki, qardaşım yatan palatanı qorusunlar, qohumları girib Qəzənfərin üzündəki və bədənindəki qançırları, zərbə yerlərini görməsinlər. Qardaşımı Eldar Səfərov və adamları o qədər vurmuşdu ki, boynu da sınmışdı. Yaxın qohumlarımızın və tanışlarımızın, rayon camaatının xəstəxanaya yığışdığnı görən polis işçiləri bu işlərin təşkilatçısı olan rəis müavini Eldar Səfərova zəng etdilər.

 Rəis müavini mənə 150 manat pul verdi

 Eldar Səfərov xəstəxanaya gəldi, həkimlərdən qardaşımın vəziyyətinin daha da ağırlaşdığını öyrəndi. O, çıxarıb cibindən mənə 150 manat verib dedi ki, apar qardaşını Bakıya, sağalt, gətir, onun cinayət işini bağlayacağıq.

Qardaşım həbs olunanda və Cəlilabad rayon Polis Şöbəsinə gətiriləndə heç bir lazımi sənədləşmə həyata keçirilməmiş və protokol tərtib edilməmişdi. Hətta qardaşımın təcridxanada saxlanması üçün vacib olan məhkəmə qərarı da alınmamışdı. Sadəcə, qardaşımı küçədən oğurlayıb qanunsuz olaraq dindirmişdilər. Məqsəd döyərək daha 3-4 nəfərin üzünə durğuzmaq, onları da şərləyərək həbs etmək, hərəsindən beş min, on min manat rüşvət alıb azad etmək idi».

Eldar Səfərovun təklifi ilə razılaşmadım. ona dedim ki, mən sizə inanmıram. Onda o, Rayon Polis Şöbəsinin rəisi Rəhim Novruzova zəng edib mənimlə calaşdırdı. Rəhim Novruzov da mənə dedi ki, o pulu Eldardan al, qardaşını təcili Bakıya apar, sağalt, gətir, icbari ilə buraxacam, onu həbsdən azad edəcəm.

Polis rəisi və rəis müavini 150 manatla ölüm işini bağlamaq, sudan quru çıxmaq istəyirdilər. Mənim qardaşım əgər cinayətkardısa, üstündə cinayət işi vardısa, niyə qardaşımı bizə verirdilər ki, aparın? Hətta biz qardaşımı yarımcan halda Cəlilabad rayon Mərkəzi Xəstəxanasından Bakıya aparanda Cəlilabad rayon Polis Şöbəsindən Mehman zəng edib dedi ki, gəlin şöbəyə, cinayət işi açmamışıq, sənədləşdirmək lazımdır. Keçmiş tarixlə sənədləşdirmək istəyirdilər ki, döydükləri adam Bakıda ölsə, onları sorğu-sual edən olmasın.

 Cinayət işini intiharla örtbasdır edirlər

 Onu da deyim ki, bu hadisədən qabaq Eldar Səfərov mənim bacım oğlunu guya dava-dalaş üstündə şərləyərək polis şöbəsinə aparmışdı. Məndən 70 manat rüşvət alıb bacım oğlunu buraxdı.

Azərbaycan Respublikasında bir çox orqanlara müraciət etmişik. Lakin Eldar Səfərovun arxasında duran adam o qədər güclüdür ki, heç kəs ona toxunmur, bizə şablon cavablar verirlər ki, araşdırmışıq, heç bir cinayət tərkibi yoxdur. Əvvəl dedilər ki, guya qardaşım özü-özünə xəsarət yetirib, dəsmalla özünü asıb. Sonra dedilər yox, döşəkağı ilə özünü asıb. İndi də deyirlər ki, guya qardaşım maykası ilə özünü asıbmış.

Ağ yalandır, qardaşım həmin gün mayka geyinməmişdi. Biz xəstəxanaya, qardaşımın yanına gələndə onun tutulanda əynində olan paltarı yox idi, ayağı palçığın içində idi, o qədər vurmuşdular ki, ağzından və qulağından qan gəlirdi, vurulan zərbələrdən boynu sınmışdı. Bədəni zərbələrdən qançırlarla dolu idi, açıq-aşkar zədələr gözə görünürdü. Bu qədər açıq-aşkar dəlillərin olmasına baxmayaraq, Cəlilabad rayon Prokurorluğunda işi cinayət tərkibi olmaması adı ilə bağladılar. Etirazımızı bildirəndə isə dedilər ki, bizə Bakıdan tapşırılıb ki, işi bağlayın, biz kimik işi bağlamayaq?

Xahiş edirəm araşdırasınız!»

 Məktubun sonunda Bəybala Seydanov Eldar Səfərovu daha bir neçə cinayətdə ittiham edir.

B.Seydanovun məktuba əlavə etdiyi əlaqə telefonuna zəng etdik. Şikayətçi yazdıqlarını bir daha təsdiqlədi və söylədi ki, «2010-cu ilin noyabrın 9-da həbs edilən və 2-3 gün sonra döyülərək öldürülən qardaşımla bağlı hər yerə müraciət etsə, məktub göndərsək də, müraciətlərimizə formal cavab verilir, əvvəlki məktublarımıza verilən cavabların surətini bir daha göndərirlər və heç bir araşdırma aparmırlar».

 «Ekspertizanın rəyi var, mərhum intihar edib»

 Cinayətdə adı hallandırılan və ölümdə suçlanan Cəlilabad rayon Polis İdarəsinin rəis müavini Eldar Səfərovla əlaqə saxladıq. E.Salayev bunları dedi:

– Bu barədə mətbuat yazıb, Bəybala Seydanovun dedikləri həqiqəti əks etdirmir. Fakt odur ki, onun qardaşı narkotiklə həbs edilib. Narkotik qəbul edən, öz həyatını cəhənnəmə çevirən bir şəxsi döymək, ona əzab vermək bizim nəyimizə lazım idi? Həbs olunanda Qəzənfər Seydanovun qohumları heç yaxın gəlmirdilər, «bizim o adda qohumumuz yoxdur» deyirdilər. Ancaq öləndən sonra qohumları çıxdı və indi bu ölümdə bizi günahkar sayırlar.

– Siz Bəybala Seydanova qardaşını müalicə etdirmək üçün 150 manat pul vermisinizmi?

– Polisdə pul hardadır ki, mən ona pul da verəm? Q.Seydanov özünü asmaq istəyirdi və əməkdaşlarımızdan biri bunu görüb çox operativ hərəkət etmişdi, dərhal xəstəxanaya qaldırmışdı onu. Daha sonra öz qohumları yığışıb onu Bakıya apardılar. Elə orada da rəhmətə getdi. Faktla bağlı Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsi araşdırma aparıb, ekspertiza keçirilib və mərhumun özünü asdığı təsdiqlənib.

 Ekspertizanın rəyində ölüm səbəbi kimi «texniki küt alət» göstərilib

 Bir daha Bəybala Seydanovla əlaqə saxlayıb ekspertiza rəyinin onlarda olub-olmadığı haqqında soruşduq:

– Ekspertiza «Respublika Xəstəxənasında» keçirildi, həkim Namiq Süleymanov rəy verdi. Həmin ekspertizada göstərilir ki, «mələfə və ya mayka ilə boğulma əlaməti yoxdur, ölümün səbəbi texniki küt alətdir. Qanında alkoqol və narkotik tapılmayıb». Bu rəyi biz yaxınlarımızla birlikdə Cəlilabad rayon Prokurorluğunda oxumuşuq. Şahidlik edə bilərik hamımız. Ancaq ekspertizanın surətini bizə vermədilər. Cəlilabad Prokurorluğundan müstəntiq dedi ki, cinayət işi açıldığı və istintaq getdiyi üçün bu rəyi sizə verə bilmərəm. Sonra da nə qədər çalışdıq, rəyi ala bilmədik. Namiq Süleymanov da dediklərimizi təsdiqləyə bilər.

Həkim Namiq Süleymanovla əlaqə saxlamaq istəyimiz isə alınmadı. İş gününün sonu olduğu üçün xəstəxanaya zəng edə bilmədik, həkimin əl telefonu isə söndürülmüşdü.

Araşdırmalarımız davam edəcək.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button