«Dalğa»nın sədri «dəfn olundu»

Gənclər sədrlərini «Qış bulvarı»nda “basdırdılar”

 Dünən “Dalğa” Gənclər Hərəkatı “Qış bulvarı” tikiləcək ərazidə həmişəki kimi unikal etiraz aksiyası keçirib.

Aksiyanın məqsədi son günlərdə Xalid Bağırov və Elçin Namazovun Vəkillər Kollegiyasından çıxarılması, hüquq müdafiəçisi Leyla Yunus, jurnalist İdrak Abbasov və digərlərinin evlərinin sökülməsinə etiraz etmək olub. 20-yə yaxın “Dalğa”çının iştirak etdiyi aksiyada gənclər “Qış bulvarı” üçün qazılmış dərəyə enib və “Hüquqlarımızı basdırdınız, bizi də basdırın”, “Vəkillərimizin vəkiliyik” şüarları yazılmış plakatlar qaldırıblar. Aksiyaçılar hərəkatın sədri Orxan Nəbiyevi də simvolik olaraq “Qış bulvarı” üçün qazılmış ərazidə basdırıblar.

Təşkilatın sədri Orxan Nəbiyev “Xural”a bildirib ki, belə aksiyaları davam etdirəcəklər. O bildirib ki, Azərbaycanda son dövrlər vəkillərə və hüquq müdafiəçilərinə qarşı yönələn haqsızlıqlar hüquqi dövlət anlayışına qarşı yönəlib. “Biz demokratik dövlət olduğumuzu Konstitusiyamızda bəyan etmişik. Vətəndaşlar da bundan istifadə edərək, öz mənafelərini hüquq vasitəsilə qorumağa çalışır”.

O.Nəbiyev deyib ki, onlar “Dalğa” Gənclər Hərəkatı olaraq, Xaliq Bağırov və Elçin Namazovun Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyətinə müdaxiləsini xalqın hüquqa inamsızlıq cəhdi kimi qiymətləndirir. “Biz, həmçinin, insanların mülkiyyət hüququnun pozulmasını pisləyirik və hər zaman bu kimi haqsızlıqlara etirazımızı bildirmişik”.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button