«Elmar Məmmədyarov» adlı rüsvayçılığa son qoyulmalıdır!

 

Elmar Məmmədyarov

QAT: «O, özünü Ermənistanın xarici işlər naziri kimi aparır»

 Dünən Qarabağ Azadlıq Təşkilatı sərt bəyanatla çıxış edib. Bəyanatda xarici işlər naziri Elmar Məmmədyarovun «Trend» agentliyinə verdiyi bəzi açıqlamalara etiraz edilir. Bəyanatda qeyd olunur ki, nazirin «istənilən halda münaqişənin (Dağlıq Qarabağ münaqişəsinin) hərbi yolla həlli yolverilməzdir» fikri ilə Azərbaycan prezidentinin hərbi yolun istisna edilməməsi ilə bağlı mövqeyinə qarşı çıxır. «Elmar Məmmədyarov bu məsələyə aydınlıq gətirməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlə xarici işlər naziri arasında fərqli yanaşma var, yoxsa yox? Nazir daha sonra xalqı 90-cı illərin müharibə təcrübəsi ilə qorxudur və fikrini məntiqsiz cümlə ilə belə davam etdirir: “Biz 2008-ci ildə Şimali Qafqazdakı (?!) hərbi əməliyyatları gördük”. Nazir yəqin ki, Gürcüstan hadisələrini nəzərdə tutur, amma Gürcüstanı nə üçün Şimali Qafqaza aid etdiyi anlaşılmır. Görünür, nazirimizin coğrafiya elmi ilə də problemləri var. Nazir sonda müharibənin gətirə biləcəyi “nəhəng problemlər”dən danışaraq yeni bir “Amerika” kəşf etdiyini düşünür və son hökmünü verir: “Mən hərbi əməliyyatların tərəfdarı deyiləm”. Biz Elmar Məmmədyarovun nazir kimi fəaliyyəti ilə bağlı dəfələrlə fikrimizi bildirmişik. Torpaqları işğal altında olan bir ölkənin xarici işlər nazirinin bu cür mövqe sərgiləməsi heç bir halda başa düşülən deyil. Xarici işlər naziri dövlətin, dövlət başçısının siyasətini həyata keçirməlidir. Elmar Məmmədyarov isə özünü xarici mərkəzlərin təsiri altına düşmüş məlum QHT rəhbərləri kimi aparır. Çox vaxt elə təsəvvür yaranır ki, bu adam Azərbaycanın deyil, Ermənistanın xarici işlər naziridir. Bu adamın bundan sonra da xarici işlər naziri vəzifəsində saxlanılması cinayətdir. Onun bu məsul vəzifədə qalması yolverilməzdir. Biz hesab edirik ki, “Elmar Məmmədyarov” adlı rüsvayçılığa son qoyulmalı və o, istefaya göndərilməlidir» sözləri QAT-ın bəyanatında qeyd olunub.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button