«Fövqəlnazir»i qoruyan «müstəqillər»

Kamran Zamanlı

Və ya Azər Həsrətin şəsinə sözardı

 Hər şey BBC-nin şok xəbəri ilə başladı. Xəbərdə bildirilirdi ki, Azərbaycan Boks Federasiyası Beynəlxalq Həvəskar Boks Federasiyasına 2012 London Yay Olimpiya oyunlarında azərbaycanlı boksçuların 2 qızıl medal qazanması üçün 9 milyon dollar rüşvət verib.

Bu xəbər bir andaca ildırım sürəti ilə ölkəyə yayıldı və elə bununla da ölkə ictimaiyyəti 2 hissəyə bölündü. Çünki işin ucunda çox hörmətli Kəmaləddin Heydərov var idi. Müstəqil mətbuat təbii ki, xəbəri çatdırmalı idi və çatdırdı da. Daha sonra Fövqəladə Hallar naziri, Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov bu xəbəri yayan azərbaycanlı redaktorlara efirdən qıcandı və bununla da ona məmnuniyyətlə qulluq edənlərə «yaxa yırtmaq» üçün böyük bir imkan tanıdığını açıqlamış oldu. Qulluq edənlərin vəzifəsi aydın idi, müdafiə etməli idilər ağalarını, hansı yolla olur-olsun. Biri bəyanat verdi, biri televiziyada danışdı, biri «inanmıram» dedi… Görəvlərini yapır kişilər.

Məni ən çox təəccübləndirən isə Azər bəy oldu – Azər Həsrət.

Onu müstəqil yazar təsəvvür edirdim – yazıların görə! «Xural»ın dünənki sayındakı yazısını da eyni fikirlərlə oxumağa başladım. Oxuduqca məni təəccüb götürmüşdü ki, ya mən Azər Həsrəti düzgün başa düşmürmüşəm, ya da ümumiyyətlə, bu adamı indiyə qədər tanımırmışam! Yazısında nə demək istədiyini belə başa düşmədim. Daha doğrusu, adam bilmir müdafiəyə girişib, ya mübahisəyə?

Azər bəy işin növünü bilməmiş, xəbərin necə olduğunu və söhbətin nədən getdiyini anlamamış oturub yazı yazıb… Sanki kimsə ona söhbəti təxminən danışmış, o da ütələk, əlüstü bu yazını yazmışdı. Azər bəyin məlumatı yoxdur ki, söhbət nədən gedir. BBC – London Olimpiadasını nişan versə də, Azər bəy hazırda Bakıda keçirilən boks üzrə dünya çempionatına aid edib rüşvət iddiasını; orada 9 milyondan danışılır, Azər bəy 10 milyon deyir…

Azər bəy mətbuatdan, tənqid edənlərdən də söz açıb yazısında. Anlamayıb niyə tənqid etdiklərini… Niyə, Azər bəy? Xəbərin ictimaiyyətə ötürülməsi mətbuatın vəzifəsi deyilmi?

Anladan lazımdır ki, BBC boyda nəhəng bir kanal ölkəmiz, idmanımız haqda hansısa xəbəri verirsə, özünü müstəqil adlandıran mətbuat bu xəbəri necə və niyə yaymamalıdır? Özünü müstəqil hesab edən hansısa yazar bunu niyə və necə təqdim etməməlidir? Dünyaya yayılan və yüzmilyonların xəbər tutduğu bu beynəlxalq qalmaqalı Azərbaycanın müstəqil mətbuatı hansı məntiqi əsasla oz Oxucularına çatdırmamalıdır?

Mən də xəbərin mahiyyətindən məlumatlı olmaya-olmaya Azər bəyin «fövqəlnazir»in müdafiəsinə belə primitivcəsinə qoşulmasını hələ də anlaya bilmirəm. Belə müdafiələrəmi möhtac qaldı «fövqəlnazir»? Belə müdafiəni fürsətmi saydı, məqam kimimi dəyərləndirdi, «müstəqillik» qiyafəsinimi çıxardı Azər Həsrət?

O ki qaldı yayılan xəbərlərə öz şəxsi fikrimə, Azərbaycanda hər şeyin satılıb-alındığı məntiqi düşüncəsi hökm sürür və bu zehniyyət artıq hər kəsin şüurlarına hakimdir. Dünyanı almağa girişən azərbaycanlı məmurların belə bir məsələdə də simiclik etməyəcəyi ehtimalına niyə inanmamalıyam?

Yeri gəlmişkən, bu ehtimalı gücləndirən bir də bu «2» söhbətidir. 2000-ci il Sidney Olimpiya oyunlarında da 2 qızıl medal almışdıq. O zaman Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev idi. Bəlkə «2» rəqəmi vəzifə pillələrində irəli getmək istəyən «gənc və perspektivli» şəxslərin tapınağıdır? Ona görə nə 3, nə də 1, yalnız 2 medalın dalına düşürlər?..

Ağlıma pis-pis şeylər gəlir…

Yazını bitirsəm yaxşıdır…Həsrəyin müstəqil mövqeyidir

 

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button