«Gülər Əhmədova mənə qarşı qurulan planın yalnız bir parçasıdır»

Əvəz Zeynallı

Siyasi hakimiyyət özünü elə gücə salıb ki, indi işin içindən çıxa bilmir. Etdiyi şikayətdən təxminən bir ay sonra «qış yuxusu»ndan ayılan «Parlamentin Sevgiladəsi» haqqımda bir-birilə ziddiyyət törədən açıqlamalar verir. Dərin isterika, şantaj, hədə-qorxu tonunda verilən açıqlamalara əslində, bir neçə dəfə cavab vermişəm. Amma Ramiz Mehdiyevin azad sözün üzərinə göndərdiyi bu parlament deputatı, görünür əsas rolunu artıq məmnuniyyətlə qəbul edib.
Gülər Əhmədova mənim səsimi yazmaq üçün redaksiyaya gəldiyini və səsimi yazdığını etiraf edir. Bəs, mən hələ sentyabrın 17-də yazanda ki, Ramiz Mehdiyevin deputatı səsimi yazmağa gəlmişdi, niyə aləmi başına götürürdü ki, mən Əvəz Zeynallının redaksiyasına getməmişəm. O zaman bu təyinatlı deputat onu da demişdi ki, «Əvəzin psixoloqa ehtiacı var». Oğurluqla yalançılığın ömrü heç 40 gün də çəkmədi. Gülər öz dili ilə kimin yalançı olduğunu etiraf etdi. Bu sözlərilə o həm də kimin psixoloqa ehtiyacının olduğunu göstərmiş oldu.
Mətbuat mənim həbsimdən sonra uzun müddət bu suala cavab axtardı: «Gülər Əhmədova hansı qanunsuzluğu etmişdi ki, buna görə Əvəz Zeynallı ona hədə-qorxu gələrək rüşvət tələb etmişdi?» Görünür, bu sual onu yenidən düşündürüb və ona qarşı yaranmış iddiaların istiqamətini dəyişmək qərarına gəlib, iş fəaliyyətilə bağlı böyük sual işarəsini ailəsinə yönləndirməyə başlayıb. Bu hərəkətilə Gülər Əhmədova təkcə məni şərləmir, həm də bir qadın kimi özünü və ailəsini şərləyir. Ailəsini qorumaq istəyən qadın bu cür yollarla bütün şübhələri ailəsinin üzərinə gətirməyə çalışmaz. Çünki bir millət vəkili üçün iş fəaliyyətilə ailə dəyərləri bir-birilə təzad təşkil etməməlidir. Gülər Əhmədova bu işin əvvəlindən iddia edib ki, guya mən onu təhdid edərək iş fəaliyyətilə bağlı yazılar dərc edəcəyimi söyləmişəm və o materialların dərc olunmaması üçün ondan nəsə istəmişəm. Mətbuatda və cəmiyyətdə belə bir sual yarandı ki, Gülər Əhəmdovanı narahat edən və Əvəz Zeyynallının dərc etmək istədiyi materiallar nədən ibarət olub? Bu yerdə Gülər də ilişdiyini və nə mətbuat, nə də cəmiyyət qarşısında tutarlı cavab verə bilməyəcəyini gördü. Nəticədə bir aylıq fasilədən sonra sükutunu pozub, ortaya daha gülünc iddia atdı. Guya bu ailəsini qoruyubmuş. Guya bunun ailəsi haqqında yazılan «saçma-sapan, fantaziyalı şeylərə» bunun ailəsindən təpki gəlməyindən narahat imiş (?!) Guya mən «cinayət işlədə-işlədə» bunun ailəsindən kimsə cinayətkar ola bilərmiş. O qədər gülünc və arqumentsiz bir iddiadır ki, bunu artıq hansı yolla fikirləşib tapdığını Gülər Əhmədova yəqin özü daha yaxşı bilər. Onu tanıyanlar və tanımayanlar da bu variantın mənimlə bağlanmasını istehza ilə qarşılayırlar. Bu kiçik məmləkətdə kim kimi tanımır ki?
Başqa bir məsələ. Diqqətli oxucu nəzər yetirsə həmin müsahibədən Gülər Əhmədovanın kimin kimi təhdid etdiyini də aşkar görə bilər – Müsahibədən sitat «O adamın şantajlarının qarşısını almaq üçün mən yazdım (telefon danışığını (?!) nəzərdə tutur) dedim ki, bax. Ona başa salmaq istəyirdim ki, məndə bu yazı var, sakit otur!» Digər sitat: «Mən onunla danışanda demişəm ki, mənə qarşı dayanmasan, mən də dayanmayacağam (?!)» Bu sözləri deyən millət vəkilidir və bu millət vəkili səlahiyyətlərinə və daha nələrəsə güvənərək istədiyi naxəlifliyi həyata keçirə biləcəyinə o qədər inanır ki, bu sözləri açıq etiraf etməkdən belə çəkinmir. Yoxsa nəyi etiraf edir, Gülər Əhmədova? Diqqət yetirin: «…Ancaq ondan sonra bu adam bir də başladı. … Mən artıq o zaman Rauf bəyə müraciət etdim. Mən Rauf bəydən ona görə müxalifət mətbuatının tanınmış yazarı kimi xahiş etdim ki, görsün ki, mən o adama zəng vururam. Yəni hüquq-mühafizə orqanlarına müraciət etməmişdən əvvəl insan kimi hətta müxalifət qəzetinin baş redaktorundan))) xahiş edirəm ki, ona deyin mənim telefonumu qaldırsın». Görəsən əməlləri düz olan adam nədən bu qədər narahat olurmuş? Niyə onun telefonlarına cavab verməyimə və yaxud da redaksiyaya gəlməyimə can atırmış? Normal halda onun irəli sürdüyü iddialar düz olsaydı mən özüm onun mənə zəng vurmasında, redaksiyaya təşrif buyurmasında maraqlı olmalı idim. Amma maraqlı olmamışam. Niyə? Çünki onun mənə qarşı oyunun iştirakçısı olduğunu artıq bilirdim və bunu hansı yolla həyata keçirəcəyini bilmədiyim üçün ehtiyatlanırdım. Ehtiyat igidin yaraşığıdır, deyiblər. Məhz mənim ehtiyatlarım sayəsində bu gün Gülər Əhmədova ortaya bir dənə də olsun iddia etdiyi kimi «fakt və dəlil» qoya bilmir. Bu bir. İkincisi, mən kimlərinsə haqqında qərəzli olaraq heç bir zaman maiterial toplamaqda və yaymaqda maraqlı olmamışam. Heç bir zaman da insanların şəxsi həyatı mənim qəzet üçün seçmək istədiyim mövzu olmayıb. Mətbuat da, cəmiyyət də məni yaxşı tanıyır və bilirlər ki, mən heç bir zaman insanların şəxsi həyatı ilə bağlı material dərc etməmişəm. Buna xüsusi marağım da olmayıb. Olsaydı, Gülər Əhmədova ilə birgə qatıldığım xarici səfərlərdən birində, 40 nəfərə yaxın heyət üzvlərinin gözlərinin qarşısında törətdiyi biabırçılıqların fotoşəkillərini çəkmək haqda aldığım çox ciddi təklifə sərt təpki göstərməzdim. Belə çıxır ki, mənim hər şeydən çox dəyər verdiyim şeylərə Gülər Əhmədovanın özü dəyər vermir. Özü də Gülər Əhmədova ilə bizim aramızda o məşhur söhbət avqust ayının əvvəlində olub, o zaman da onun tərəfindən səsimin yazıldığını hiss etmişəm və nə danışdığımızı artıq mətbuta açıqlamışam. Göründüyü kimi yalançının yaddaşı olmazmış. Bunun da yaddaşı qalmayıb. Yalanları o qədər çoxdur ki, artıq danışdıqlarının da başı-ayağı itib.
Bu qadın bu məsələnin qeyrət, namus məsələsi olduğunu iddia edirdisə niyə oktyabrın 19-da şikayət etmək qərarına gəldi. Yəni ötən üç ay müddətində bu qadın harada qalmışdı? Ailəsini niyə oktyabrın 19-na – Ramiz Mehdiyevin «Xural»ı talatdırdığı günə qədər qorumaq ehtiyacı hiss etməmişdi? Nə oldu? Ramiz Mehdiyevin «Xural»ı talan etdirdiyi gün Gülər Korrupsiyaya qarşı (guya) Mübarizə İdarəsinə qaç(ırılır)dı?! Bu qadının ailəsinin namusu həmin tarixə qədər onu niyə narahat etmirdi?
Buna «anası ermənidir» deyə mətbuat manşetlər atanda nə ailəsinə, nə özünə təsir etmədi, mən bundan ağır daha nə yaza bilərdim ki, bunu narahat etdi?
Hamı çox gözəl bilir ki, Gülər Əhmədova şər və böhtan ataraq məni həbs eitdirib. İndi gur-gur danışmağına da əhəmiyyət verməyin, çünki danışdıqları heç bir arqumentə və fakta söykənmir və boş şeylərdən başqa bir şey deyil. Müsahibədən sitat: «Ambisiyaları onu rahat buraxmırdı. Necə ola bilər ki, mən bu qədər adamlardan bu qədər pulları ala bilim, Gülər Əhmədovadan…» deyə səsləndirdiyi ittihamlar əslində hakimiyyətin çirkin niyyətlərini faş edir. Ramiz Mehdiyevin hücumları nəticəsində ölkənin ən müstəqil qəzetlərindən biri bağlandı və bu məsələdə adının hallanmasını istəməyən Ramiz Mehdiyev (bunu həmin vaxt Ədliyyə nazirllyinin bəyanatlarından da görmək olar. Həmin bəyanatlarda heç bir səbəb göstərilmədən hadisənin baş qəhrəmanı Ramiz Mehdiyevin adı bilərəkdən çıxarılıb) rüşvətalmaq böhtanı ilə oyuna Gülər Əhmədovanı saldı və bu gün də oyuna yeni adamlar (müsahibədə «başqaları» deyəndə bu adamlar nəzərdə tutulur) qatmaqla Gülər Əhmədovanı arxa plana çəkmək istəyir. Bu dəfə artıq mətbuat səhifələrində Gülər Əhmədovanın deyil, Sabir Tarverdiyevin və digər mənim üzümə durdurulmaları üçün təhdid edilənlərin adları hallandırılacaqdı. Amma bu variant da keçməyəcək. Çünki heç bir əsası yoxdur.
Bütün cəmiyyətin diqqətini bir məqama yönəltmək istəyirəm. Mən Gülər Əhmədovanın şikayətləri əsasında həbs olunmuşam və hazırda da istintaq gedir. Əgər onun iddia etdiyi kimi əlində tutarlı fakt və dəlil vardısa, o zaman məsələ tam həll edilmiş olar və üzümə hökm oxunardı. Daha yeni insanların üzümə durdurulmaları üçün Ramiz Mehdiyevin komandası tərəfindən göstərilən bu «canfəşanlıq»lar nəyə və kimə lazım idi ki? Əvvəldə də dediyim kimi Ramiz Mehdiyev bu yolla Güləri oyundan çıxarmağa çalışır. Lakin o nə qədər oyundan çıxmağa çalışsa da, artıq bu oyunun içindədir və vaxtında, zamanında bu böhtanlarına görə qanun qarşısında cavab verəcək.
Onun müxtəlif vaxtlarda Rauf Arifoğluna və Eynulla Fətullayevə dediyi bəzi sözlər var ki, bu sözlər hakimiyyətin planlarını büsbütün açıb göstərib. Mən həbs olunandan sonra Gülər hər iki həmkarıma təxminən bu sözləri deyib: «Görürsən də neylədim, qoy gedib ağıllansın». Hələ bunu da əlavə edib ki, «Hələ bu harasıdır, təxminən 100 min manata qədər üzəduranlar artacaq» (?!) Haradan bilirdi Gülər bunu? Yoxsa istintaq onunla bir yerdə üzəduranları müəyyənləşdirir?
Həbsimdən bir ay keçəndən sonra Ramiz Mehdiyevin aparatının ən son təlimatlarını alaraq açıqlama verən Gülər Əhmədova ona qarşı söz deyən, onun işverənliyini üzünə vuran insanlara da təhqir dolu mesajlar göndərib: «…o sözləri deyən adamların çoxu şərəfsiz adamlardır».
Bəli, üzəduran, iş verən, şər və böhtançı adamların hamısı şərəfsiz adamlardır.
Bəli, sifarişlə adamlara qara yaxan, onları təhdid etmək üçün səsini yazmağa cəhd edən bütün deputatlar şərəfsiz adamlardır.
50 adama zəng vurub, telefon zənginə cavab verməyi xahiş edən, sonra da bunu bir jurnalisti tutdurmaq üçün etdiyini söyləyən də şərəfsiz adamdır.
Bir məqama da toxunmaq istəyirəm. Bir vaxtlar redaksiyadan ayağını çəkməyən Gülər Əhmədova məni Ramiz Mehdiyevin digər deputatları ilə əlaqə saxlamağa və onlardan R.Mehdiyevlə barışmaq üçün xahişlər etməyə can atırdı. Bu deputatlardan Novruz Aslanla danışdıq, Rəbiyyət Aslanova və oğlu Elnur Aslanova isə nə qədər israr etsə də, telefon açmadım. Görəsən, Gülər bunu etməklə üzərində qurulan oyunları digərlərinin üzərinəmi atmaq istəyirdi? Özünü mənə daha səmimi göstərmək üçün ilk günlər Ramiz Mehdiyevə birbaşa çıxışının olduğunu, sonralar isə Rəbiyyətin (Gülər ona «qoca qarı» deyirdi) buna imkan vermədiyini deyirdi. Görəsən, Gülər mənim üzümə durmaqla və bunun şərafətini bir aydan sonra mətbuata açıb deməklə, Ramiz Mehdiyevdən o təminatı aldımı? «Gültəkini gördün nə günə saldı, bacın?» – deyə namərdcəsinə öyünən deputatın bu tip əməlləri həyata keçirməyi həqiqətənmi şakəri imiş?
Görəsən, üzərinə gələnlərdən gözləri dörd olmuş halda özünü «Xural»ın redaksiyasına ölü salan, 4-5 saat vaxtımı alan, «mənə qardaşlıq et» deyə yalvaran bu «bacı» daha nə qədər günahsızı içəri atdırıb indiyə qədər? Yoxsa, ötən parlament seçkilərində otağında jurnalistin alnına silah dirəyərək haqqındakı fakt dolu məlumatları saytlardan təhdid və zor gücünə çıxartdıran Gülər Əhmədova, hansı əməllərinə görə alacağı cəzalardan qorunmaq üçün bu tip işlərə əl atır?
Bəli, bu və digər bir çox suallar var ki, Gülər Əhmədovanın onlara cavabı maraqlı olacaq. Əgər bu cavablar adətən olduğu kimi yenə də yalanla ifadə olunmayacaqsa …
Mənim həbsim məsələsinə gəlincə… Bu həbslə bağlı mental dəyərlərin sarsıdıcı arqumentlərilə vaxtında və zamanında verdiyim cavabı kimsə unutmayıb. Bu məsələdə Gülər heç kimdir. Mənimlə onun müəllimləri mübarizə aparırlar (Gülər müsahibəsində «şagird» olmadığını iddia edir). O yalnız Ramiz Mehdiyevin istifadə etdiyi «Parlamentin Sevgiladəsi»dir, o qədər və Gülər Ramiz Mehdiyevdən o dərəcədə qorxur ki, Allahdan qorxunu unudub. Allah isə onun harada gizlənməyindən asılı olmayaraq, etdiyi günahlara görə tapacaq.
Mütləq tapacaq!
O zaman Əvəz Zeynallı hüquqi dövlətin tamhüquqlu vətəndaşı kimi bu məmləkətin namuslu insanlarına şər və böhtan atan, onlara qara yaxaraq cəmiyyətdən uzaqlaşdıran hər kəsi qanun qarşısında cavab verməyə dəvət edəcək.
O gün mütləq gələcək!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button