«İnsanları nümayişə çıxmasına görə azadlıqdan məhrum etmək biabırçılıqdır»

Maks Taker: «Hazırda Azərbaycanda sərbəst fikir ifadəsinin durumu bərbaddır»

 Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə eksperti Maks Taker «Amerikanın səsi» radiosuna müsahibəsində Müsavat Partiyası başqanının müavini Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP təmsilçisi Məhəmməd Məcidlinin və digər müxalifət fəallarının 2 aprel nümayişində iştiraklarına görə uzunmüddətli həbs cəzasına məhkum edilməsini şərh edib. Cənab Taker Azərbaycanda hüquq pozuntularının geniş yayıldığını və son məhkəmə qərarının bu sıradan fundamental azadlıqlara növbəti zərbə olduğunu söyləyib.

 – Cənab Taker, müxalifət liderləri fəalların məhkum edilməsini ölkədə hökumət əleyhinə nümayişlərə son qoymaq üçün siyasi motivli qərar kimi dəyərləndirir. Siz bu baxışları bölüşürsünüzmü?

– Bəli, bu, baş verənlərin düzgün səciyyələndirilməsidir. Məhkum olunan üç etirazçı heç bir zorakı aktla əlaqələndirilməyib, yaxud zorakılığa çağırmayıb. Onlar sadəcə olaraq dinc nümayişdə iştirak etdiklərinə görə həbs olunublar. Və onların islahatlara çağırış və hökumətdəki korrupsiya əleyhinə şüarlarla nümayişə qatılmasına görə iki il yarım azadlıqdan məhrum edilməsi biabırçılıqdır.

– Amnesty International dünyanın müxtəlif ölkələrində baş verən hüquq pozuntularına diqqət ayırır. Bu ölkələr arasında Azərbaycanın mövqeyi necə görünür?

– Amnesty International insan haqları pozuntularına əsasən ölkələri sıralamır. Amma demək düzgün olardı ki, hazırda Azərbaycanda sərbəst fikir ifadəsinin durumu bərbaddır. Azərbaycanda tənqidi fikir ifadəsi üçün imkan yoxdur. Bütün tənqidlər dərhal basqılarla qarşılanır. Hökumət korrupsiyası haqda yazan jurnalistlər cəzalandırılır. Hətta Facebook-da mesaj qoyan adamlar da təqiblə üzləşir. Biz bunu Elnur Məcidlinin məsələsində müşahidə etmişik. O, Facebook-da insanları təşkilatlandıraraq dinc aksiya keçirməyə cəhd göstərdi. İndi o, hökuməti zorakı yolla devirmək ittihamı ilə mühakimə olunur ki, bu maddəyə əsasən müttəhimə maksimum 12 il iş düşür – sadəcə dinc nümayiş təşkil etdiyinə görə. Söhbət burada Facebook aksiyasından gedir. Görün ki, Azərbaycan hökuməti etiraza necə ifrat reaksiya verir.

– Amnesty International Azərbaycana dair hesabatı açıqlamağa hazırlaşır. Bu hesabatda nə kimi mövzular işıqlandırılacaq?

– Hesabat söz və toplaşma azadlığına diqqət yetirir. Biz mart və aprel aylarında baş verənləri işıqlandıracağıq. Biz həmin aylarda Azərbaycandaydıq. Gördük ki, küçələrdə şüarlar səsləndirən, sadəcə olaraq “Azadlıq!” hayqıran adamlar dərhal polislər tərəfindən və bəzən də xüsusi zorakılıqla həbs olunur. Bu nümayişlər tamamilə dinc xarakter daşıyırdı.  Bu aksiyalar heç kimə təhlükə törətmirdi və asayişi də pozmurdu. Adamların küçələrdə azadlıq qışqırdıqlarına görə 10 sutka azadlıqdan məhrum edilməsi inanılmaz haldır.

–  Azərbaycan hökuməti tez-tez beynəlxalq insan haqları təşkilatlarını Azərbaycana qarşı ayrı-seçkilikdə və ermənipərəstlikdə ittiham edir. Amnesty International ermənipərəst təşkilatdırmı?

– Amnesty International tamamilə bitərəf təşkilatdır. Bu qurum dünyanın istənilən guşəsində baş verən hüquq pozuntularını tənqid edir. Burada hansısa millətin tərəfi saxlanılmır.  Biz, Ermənistanda baş verən hüquq pozuntuları haqda xeyli bəyanatlar vermişik. Biz hazırda da həmin ölkədə baş verənləri izləyirik. Sadəcə, Azərbaycan hökuməti üçün bu arqument Amnesty International-ın topladığı məlumatları, hesabatları və dəlilləri qulaqardına vurmaq üçün rahat bəhanədir.

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button