«Mərkəz» qəzeti satışa çıxmadı

Gülər Əhmədova

Gülər Əhmədova işçilərinin maaşını vermir?

 Dünən «Mərkəz» qəzeti çap olunsa da, yayım firmalarına verilməyib və satışa çıxarılmayıb.

Bu barədə XuralTAC-ı yayım firmalarıyla işləyən şəxslər məlumatlatdırıblar. Bildirilir ki, «SBS» mətbəəsində çap olunan və yayım firmalarına verilmək üçün Nəşriyyata (mətbuat işçilərinin «QeJe» adlandırdığı bölgü yeri) gətirilən «Mərkəz» qəzetini yayım işçiləri bölüşdürməkdən imtina ediblər.

Qaynağımızın sözlərinə görə, buna səbəb «Mərkəz» qəzetinin yayımına məsul olan şəxslərin işçilərin əməkhaqqını verməməsidir: ««Mərkəz» qəzetinin redaksiya tərəfdən yayımı ilə Əhməd Şahidov və Zaur Mirzə məşğul olur. Ancaq bu şəxslər yayımda işləyən işçilərin maaşını vermirlər. Səbəb kimi isə gah ölkədən kənarda, gah da rayonda olduqlarını əsas gətirirlər. Dünənsə rayonda olduğunu deyən Zaur Mirzəni yayımçılar Bakının mərkəzində görüblər. Bunun fırıldaq olduğunu düşündüklərindən, yayımçılar «Mərkəz» qəzetini yaymaqdan imtina etdilər və qəzeti maşına yükləyib çap olunduğu «SBS» mətbəəsinə geri göndərdilər» – deyə mənbə qeyd edir.

Xəbərdə o da qeyd olunur ki, «Mərkəz» qəzetinin baş redaktoru, millət vəkili Gülər Əhmədovanın yayımçıların əməkhaqqını verməsi barədə ehtimal var: «Yayımçılar şübhələnirlər ki, Gülər xanım pulu verməsinə baxmayaraq, onların əməkhaqqını yayıma məsul şəxslər – Zaur Mirzə və Əhməd Şahidov mənimsəyirlər. Güman edirlər ki, «Mərkəz» qəzetinin satışa çıxarılmadığını eşidən Gülər xanım prosesin səbəbini öyrənməyə cəhd edəcək və etibar etdiyi adamların pul mənimsədikləri üzə çıxacaq».

Qeyd edək ki, Əhməd Şahidov Gülər xanım Əhmədovanın deputat kimi köməkçisi və əsas adamlarından biridir. Zaur Mirzə də xanım deputatın güvəndiyi adamlardan hesab olunur. Hətta bir müddət öncə Zaur Mirzənin «Mərkəz» qəzetinə baş redaktor gətiriləcəyi ilə bağlı məlumat da yayılmışdı. Bildirilir ki, Zaur Mirzənin maliyyə məsələlərində hətta öz yaxın qohumları ilə bağlı problem yaşaması xanım deputatın güvəncini bir balaca sarsıtsa da, onun «Mərkəz» qəzetinin yayım işlərinə nəzarət etməsinə mane olmayıb.

Gülər xanım Əhmədova «Mərkəz» qəzetinin 13 oktyabr tarixli sayının satışa çıxmama səbəbləri ilə bağlı danışmaq istəyərsə, məmnuniyyətlə dərc edərik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button