«Nə yatmısan qoca vulkan, Azərbaycan, Səninləyəm!»

«Xural» qəzeti «Nə yatmısan qoca vulkan, Səninləyəm!» adlı yeni diskin təqdimat mərasimini keçirdi!

«Xural» qəzeti Dünya Azərbaycanlılar Konqresinin Bakı Nümayəndəliyinin rəhbəri Nadir Orucov və Respublikanın Əməkdar artisti Ağalar Bayramovla birlikdə «Nə yatmısan qoca vulkan, Səninləyəm» adlı yeni diskini pərəstişkarlarının ixtiyarına verdi. Azərbaycanın böyük şairlərinin vətənpərvərlik hissləri aşılayan şeirlərinin yer aldığı bu diskdə kimlər yoxdur ki? Tariximizin ən mənhus yaralarını və bölünmüşlüyünün ağrılarını əks etdirən şeirləri Ağalar Bayramovun ifasında dinlədikcə, səslənən söz parçalarının günümüzlə nə qədər səsləşdiyini görür, hiss edirsən. Dövrümüzün problemləri Böyük Məmməd Arazın, Böyük Xəlil Rza Ulutürkün, Böyük Şəhriyarın və digər görkəmli şairlərimizin sözlərinin timsalında necə aktual və yerində səslənir. Sanki rəhmətliklər bu günümüzün mənzərəsini yaradıblar şeirlərində…

«Xural» atdığı bu addımla əslində, KİV-in cəmiyyətdə oynamalı olduğu rolu bir daha xatırladıb. Artıq unudulmaqda olan elə şeirlər var ki, onların yaratdığı assosiasiyanı yüz yazı və yüz köşə yazarının təşəbbüsü ilə dilə gətirmək, onun yaratdığı effekti almaq olmaz. Amma zamanında bu yolu keçən böyüklərimiz bizə mübarizələrin asan keçmədiyini və müstəqilliyin rahat əldə olunmadığını göstərir. Düşündük ki, mətbuat əhli və Oxucularımız üçün əllərinin altında bir əyani vəsait olsun. Həm də günümüzün reallıqları yüngül səviyyəli şou-biznesin əli ilə yaradıldığı üçün biz bu «lənət zolağı»ndan çıxmaq istədik. Uğurlu da alındı. İndi Oxucularımızın rahat dinləyə və düşünə biləcəkləri bir əyani vəsait var və biz «Xural» olaraq bu ənənəni davam etdirməyə qərarlıyıq.

«Nə yatmısan qoca vulkan, Səninləyəm!» albomu iki diskdən ibarətdir.

1-ci disk:

1. Məmməd Araz – «Azərbaycan, dünyam mənim!»;
2. Məmməd Araz – «Ayağa dur, Azərbaycan!» ;
3. Məmməd Araz – «Əsgər oğul» ;
4. Ramiz Qusarçaylı – «Azərbaycan bayrağı» ;
5. Zəlimxan Yaqub – «Böyük qəhrəmanlıq» ;
6. Mehmet Akif Ərsoy – «İstiqlal marşı» ;
7. Məmməd Araz – «Mürgüləmə» ;
8. Böyükxan Pərviz – «Xoş gəldin dünyaya…»;
9. Məmməd İlqar – «Sağ olsun» ;
10. Əjdər Ol – «Bizim vaxtımızda da…»;
11. Adil Babayev – «Yaşamağı bacarmıram» ;
12. Cabir Novruz – «Kaş millətdə ruh yaşasın» ;
13. Məhəmməd Hadi – «Mən bir günəşəm» ;
14. Abdulla Şaiq – «Yad et məni» ;
15. Əjdər Ol – «Soyadım, adım Vətən!»;
16. Sabir Sarvan – «Çaldıran ağrısı»;
17. Əlisəmid Kür – «Ağı»;
18. Məmməd Araz – «Yol ayrıcında söhbət»;
19. Xəlil Rza Ulutürk – «Kişi bətni».
2-ci disk:
1. Xəlil Rza Ulutürk – «Dənə gələn toyuqlar»;
2. Məmməd Araz – «Məndən ötdü»;
3. Məmmədhüseyn Şəhriyar – «Azərbaycan»;
4. Məmməd Araz – «Vətən desin!»;
5. Xəlil Rza Ulutürk – «Nə yaxşı ki…»;
6. Rüstəm Behrudi – «Boz qurd»;
7. Xəlil Rza Ulutürk – «Yurdum, Sənin sağlığına!»;
8. Paşa Qəlbinur – «Cahad!!!» (esse);
9. Xəlil Rza Ulutürk – «Silahlan!».

Bütövlükdə vətənpərvər şeirlərin yer adığı diski dinləyərkən insan yaşadığı ömrü bir daha gözləri önünə alır, onu əhatə edən mühiti, insanları bir daha dəyərləndirir, Azərbaycanın başına gətirilən oyunlardan dəhşətə gələrək, torpaqlarımız uğrunda şəhid olan oğullarımızın qanının yerdə qalmasına etiraz edir, vətənpərvərlik ruhu yüksəlir.
Disk ilk mərhələdə 1.000 ədəd istehsal olunub və yaxın günlərdə bütün qəzet redaksiyalarına və telekanallara paylanılacaq. Xural» bu layihə ilə yeni bir ənənənin əsasını qoyur. Disk həm də vətənpərvərlik vəsaiti kimi gənclər və tələbələr üçün nəzərdə tutulub.

Mart ayının 16-da RATİ-nin mətbuat zalında keçirilən təqdimat mərasimində «Nə yatmısan qoca vulkan, Səninləyəm!» diski ətrafında maraqlı söhbətlər getdi. Əvəz Zeynallı, bədii qiraətçi, əməkdar artist Ağalar Bayramov, Məmməd Arazın qızı, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, deputat Aqil Abbas, DAK həmsədri Paşa Qəlbinur, Xəlil Rza Ulutürkün xanımı Firəngiz xanım, Məmməd Arazın xanımı Gülxanım Ana, mərhum şair Adil Babayevin oğlu Etibar Babayev və digər tanınmışlar öz fikirlərini söylədilər. Bir çox yeni ideyalar və təkliflər səsləndi. Tədbirin daşıdığı əhəmiyyəti nəzərə alaraq gələn sayımızdan tədbirdən hazırlanan geniş yazıları dərc edəcəyik.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button