«Paşa Holdinq» 3 böyük holdinqi necə çökdürür?

Və ya Azərbaycan 4 oliqarx ailə arasında tərəfindən idarə edilir?

 Tanınmış ekspert Oktay Haqverdiyev iki gün əvvəl mətbuata verdiyi açıqlamasında “Azadlıq radiosu”na müsahibə verib. Ekspert Azərbaycan iqtisadiyyatının bir necə holdinq tərəfindən idarə edildiyini bildirərək belə deyib: «Azərbaycanda bir neçə holdinq var. 3-4 belə holdinq var. Bir holdinqin tərkibində 30-a yaxın müəssisə var. Onun təxminən 17-si ərzaq müəssisəsidir. Bundan başqa, xidmət sahələri var, otellər var, tikinti var, bank var. Bunların hamısı bir holdinqin içindədir. Onları idarə etmək çox asandır. Çünki bunu bir nəfər idarə edir. Onun içində gedən proseslərə başqa holdinq müdaxilə edə bilməz. Demək, Azərbaycanda qeyri-neft sektoru tamamilə 4 holdinqin əlindədir. İqtisadiyyatın yarısı bu holdinqlərin içindədir. Belə olan halda, mənim imkanım olmayacaq bir kilo ət almağa, alacağam yarım kilo ət. Amma onun qoyduğu qiymətlə. Bu da onu göstərir ki, Azərbaycanda rəqabət yoxdur…».

Apardığımız kiçik bir araşdırma da göstərir ki, əslində Azərbaycanı idarə edən və ya konkret olaraq iqtisadiyyatı inhisarda saxlayan holdinqlər var. Amma bəzən elə olur ki, bu holdinqlər dolayı yollarla bir holdinqə də bağlanır.

 Hər yerdə «Paşa Holdinq» var!

 İndi isə həmin 4 holdinqin adına və istiqamətlərinə diqqət edək. İlk olaraq «Paşa Holdinq»dən başlayaq. Bu holdinqin təsisçiləri arasında ölkənin birinci xanımı Mehriban Xanım Əliyevanın adı keçir. Holdinqin tərkibində:

 1. PAŞA Sığorta – Azərbaycanın aparıcı sığorta şirkəti;

2. PAŞA Travel – Azərbaycanın turizm xidmətləri bazarında lider;

3. PAŞA Bank – Azərbaycanın ən iri üç maliyyə qurumlarından biri;

4. PAŞA İnşaat – Tikinti layihələrinin işlənib hazırlanması və inşaat üzrə bütün sahələr.

 

PAŞA İnşaat şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyətə başlayıb və yarandığı vaxtdan fenomenal inkişafa nail olub. PAŞA İnşaat şirkətinin portfoliosuna 1,000,000 KM ibarət layihələr (756,000 KM hazırda inşa olunur) daxildir. Bu işləmələrə yaşayış binaları, ticarət və ofis mərkəzləri, otellər və s. geniş miqyaslı layihələr aiddir.

 «Paşa Holdinq» «Kapitalbank»ın 99.76-na sahibdir!

 Amma «Paşa Holdinq»in istiqamət sahələri bununla yekunlaşmır. Holdinq «Kapitalbank»da 99.76 faizlik nəzarət səhm paketinə sahibdir.  

Araşdırmalar göstərir ki, 2007-ci ildən etibarən qida sənayesində və bir sıra istehsal sahələrində də Paşa Holdinq sürətlə irəliləyir.

Hazırda ölkədə daha böyük sığrota yığımına görə, «Paşa Sığorta İncuernce» ən qocaman rəqiblərini belə geridə qoyur. Səbəb kifayət qədər sadədir – inzibati yollarla dövlətin məcburi sığorta ödəmələri, həmçinin də sosial sığorta növləri üzrə ödəmələrin böyük əksəriyyəti «Paşa Sığorta İncurence»dədir. Məhz inzibati yollarla həyata keçirilən bütün sığorta y ğımları da Paşa Sığortaya verilir. Şirkətin 2011-ci ilin cəmi 6 ayı üzrə yığımları haqqında statistik məlumatlar fantastikdir –  1.087.308,58 manat. Maraqlıdır ki, Paşa Sığorta hətta öz tabeçiliyində olmayan bankların işçilərini belə sığortalayır. Məsələn, bu ilin avqust ayının 2-də «Muğanbank»ın işçilərini Paşa Sığorta sığortalayıb. Sığorta siyasətində iş bununla da bitmir. 2009-cu ildə cəmi bir həftə ərzində 79 özəl tibb müəssiəsi Paşa Sığortada sığortalanır. Əlbəttə ki, inzibati təsir, bir telefon zəngi bunu həll edə bilər. Heç bir sığorta şirkəti bunu bir həftə ərzində edə bilməzdi. Amma Paşa Sığorta edir.

«Paşa Holdinq»in fəaliyyət sahəsi bununla da yekunlaşmır. Şirkətin neft sektorunda tikinti-təchizat, həmçinin də digər sahələr üzrə fəaliyyəti də diqqəti çəkir. Məsələn, şirkət «Şirvan Oil»lə böyük investisiya müqavilələri bağlayır.

«Paşa Holdinq» Azərbaycanın böyüklüyünə görə ikinci bankı olan «Kapitalbank» vasitəsilə hətta gömrük sisteminə belə nəzarət edə bilir. İdxal-ixrac əməliyyatları, həmçinin də pul köçürmələri əməliyyatları əsasən bu bankın hesabları ilə həyata keçirilir.

İstehsalatda da sonuc olaraq əksər hesablar demək olar ki, bununla bağlı fəaliyyətə başlayırlar.

 2009-cu ilin referendumundan sonra «Gilan» Holdinq Kəmaləddin Heydərovdan alınıb!

 Azərbaycanın digər ikinci böyük holdinqi «Gilan» Holdinqdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaratdığı bu holdinqə onun ailə üzvləri başçılıq edirlər.

«Gilan» Holdinqin tabeçiliyində olan şirkətlərin sayı kifayət qədər böyükdür.

İlk olaraq «Gilan İnşaat» MMC-nin fəaliyyət növlərinə baxaq: 

• beton zavodları;

• mərmər-qranit emalı zavodu;

• penobeton zavodu;

• üzlük daş emalı sexi;

• xammal qəbulu stansiyası;

• müasir tikinti materiallarının satış mərkəzi;

• tikinti sektorunda maşın və mexanizmlərin bütün növ xidmətləri;

• yaşayış komplekslərinin, istirahət mərkəzlərinin , idman komplekslərinin, körpülərin, yeraltı qarajların, yeraltı keçidlərin layihələndirilməsi və tikintisi.

«Gilan»ın tərkibindəki fabrik və zavodların sayı isə kifayət qədər böyükdür:

– Qəbələ Konserv Zavodu;

– Qəbələ Fındıq Emalı Zavodu;

– Bakı Jalə Suları Zavodu;

– Qəbələ Süd Emalı Zavodu;

– Bakı CD Emalı Zavodu;

– Gips Emalı Zavodu;

– Alçipan Zavodu;

– Kərpic Zavodu;

– Asfalt Zavodu;

– Beton Zavodu;

– Alko Spirt Zavodu;

– Dəri Emalı Zavodu;

– Makaron Zavodu, Tikiş Fabriki.

Kifayət qədər əhatəli bir istehsalat sahəsidir. Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq bir sıra məqamlara da diqqət ayırmaq yerinə düşərdi. Sadalanan bütün zavodların bank hesabları «Kapitalbank»dadır. Və ya «Gilan» Holdinqin səhm nəzarət paketinə sahib olanların adları 2008-ci ilin noyabr ayında dəyişdirilib. Bizim məlumatlarımıza əsasən, 2009-cu il referendumundan sonra isə sözləşmə rəsmiləşdirilib və səhm nəzarət paketi birmənalı olaraq Paşayevlərə ötürülüb. Amma «Gilan»ın bəzi zavodları 40-45 faizlik səhmlə Heydərovlar ailəsində qalıb. Maraqlıdır ki, «Gilan Turizm»in tərkibində olan turizm obyektlərinin demək olar ki, hamısı Qəbələ rayonunda yerləşir. Elə «fövqəlnazir»in biznes imperiyasına daxil olan digər obyektlər də bir rayon sərhədlərində məhdudlaşır. Amma biz bu nəhəng holdinqin bank və sığorta qurumunun olmadığını görürük. Təbii ki, bu holdinq rəsmi olaraq tərkibindəki zavodlar, fabriklər, turizm şirkətləri ilə böyük bir bank sistemi qura bilərdi. Amma məsələnin diqqəti daha çox çəkən tərəfi də elə budur. Əlimizdə olan məlumatda konkret olaraq göstərilir ki, ölkədə bank açmaq və holdinqin hesablarını bu banka yerləşdirmək üçün icazə yoxdur. Bu qədər bəsitdir. İstənilən işi görmək üçün icazə var, amma sonda pullar ailənin bankında olmalı, ora daxil olub, oradan da çıxmalıdır. Və təbii ki, həmin holdinqin pulları da lazım gələndə özünə həmin bankdan kredit olaraq bank sahibinin istədiyi həcmdə faizlə ödənilməlidir.

 Azərbaycanın ikinci böyük holdinqi – «ZQAN» Holdinq

 Azərbaycanın ikinci böyük holdinqi «ZQAN» Holdinq hesab edilir. Bu holdinqin rəsmən bir bankı var idi. Təsadüfən bir bankı var idi yazmırıq. Çünki «Bank of Azerbaijan» 1993-cü ildə «Rabbatbank» kimi öz kommersiya fəaliyyətini başlayıb, lakin indiki adı ilə 2006-cı ildən etibarən tanınmağa başladı. Həmin vaxt türk tərəfinin kiçik, lakin gözəçarpan səhmlər payı azərbaycanlı səhmdarlar tərəfindən alınıb. Bundan sonra da bankın səhmlərinin nə qədərinin Türkiyə iş adamlarına satıldığı məlum olmayıb. Amma qeyri-rəsmi məlumatlara əsasən, həmin türk səhminin arxasında elə Azərbaycanın ən yüksək hakimiyyət təmsilçisi durur. 2007-ci ilin sonunda isə «Bank of Azərbaycan»ın «Qarant Sığorta» adlı qurumu fəaliyyətə başlayıb. Maraqlıdır ki, bu qurumun da fəaliyyətə başlaması ilə əlaqədar ortaya kifayət qədər suallar çıxıb. Biz bu sığorta şirkətinin son illər ərzində yığımlar üzrə göstəricilərində o qədər də artımın baş vermədiyini görürük. Bu sığorta şirkəti çox məhdud çevrədə, «Bank of Azərbaycan»ın müştərilərinin, xüsusilə də istehlakçı olan müştərilərinin ödəmələri hesabına formalaşıb və mövcudluğunu qoruyub saxlayır.

Holdinqin tabeçiliyində olan 2003-cü ildə təsis edilmiş «ZQAN Construction»un bank hesablarının «Bank of Azərbaycan»da olmaması da yəqin ki, diqqətinizi cəlb edir?!

«ZQAN Construction»un tərkibində isə 3 beton zavodu var. Bu zavodların sifarişçiləri də elə holdinqə tabe olan şirkətlərdir. Diqqətimizi çəkən məqam odur ki, Kəmaləddin Heydərovdan fərqli olaraq Ziya Məmmədova fərdi yaşayış binalarının tikintisi qadağan edilib. Ola bilsin ki, bu, hakimiyyət daxilində oliqarx-məmurlar arasında aparılan sektor bölgüsünə görə belədir. Hər halda biz «ZQAN Construction»un həyata keçirdiyi inşaat işlərinə diqqət edirik və bunun şahidi oluruq.

2005-ci ildən etibarən dövlət sifarişləri ilə Ucar və Zərdab rayonlarında Heydər Əliyev adına muzeyləri, Ucar rayonunda avtovağzal binasını və Quba şəhərində ARDNŞ-in sifarişi ilə müalicəvi-profilaktik mərkəzi inşa edib istifadəyə verilib. Bundan başqa, Ucar və Zərdab rayonlarında, Bakının Yasamal rayonunda “Bank of Azerbaijan”-ın filiallarını, ZQAN Plaza və Kəhraba restoranlarını inşa edib istifadəyə verib. Amma biz hesabatların heç birində ZQAN-ın fərdi yaşayış binası tikdiyini gömürük. Daha bir iri şirkət «Azbentonit»dir. Bu şirkət sovetlər dövründən mövcud olub və sonradan yenidən qurulmasına dövlət tərəfindən milyonlarla vəsait ayırılıb. Faktiki olaraq zavodun istehsal gücünün kifayət qədər aşağı olduğu hər kəsə məlumdur. ZQAN-nın daha iki kiçik müəssisəsi «Goranboy Gips» və «Göyçay Çınqıl» zavodlarıdır ki, son iki ildə hər iki müəssisənin kifayət qədər borclu olduğu bildirilir.

 Tənəzzül yolundakı DİA Holdinq!

 Nəhayət, Azərbaycanın ən böyük holdinqlərindən biri – DİA Holdinq. Bu holdinqin də əslində türkiyəli iş adamının olduğunu rəsmən iddia etmək olar. Amma Azərbaycanda bütün növ maliyyə əməliyyatlarını iri şirkətlər hakim ailənin nəzarətində olan banklar vasitəsilə həyata keçirməlidirlər.

Bu səbəbdən də sonda bütün holdinqlər demək olar ki, bir adamın əlində cəmləşir. Ölkənin bütün 3 iri holdinqi bir «Paşa Holdinq»ə maliyyə baxımından bağlıdır. Bu holdinqlərin bütün hesabları «Paşa Holdinq»in maliyyə qurumlarındadır. İstənilən vaxt 3 holdinqin istənilən iri zavodunu və ya fabrikini məcburi olaraq kreditlə təmin edib, sonradan onu çökdürmək olur.

Və ən nəhayət, bəzi dövlətlərdə olduğu kimi Azərbaycanı idarə edən oliqarx-ailələrin holdinqlərində yalnız media yönümü yoxdur. Kəmaləddin Heydərov istisna olunmaqla digər iri holdinqlərin media qurumları yoxdur. Amma K.Heydərov da bu media quruluşlarına sadəcə olaraq pul verir. Gündəlik siyasət, yazıların kursunu isə Prezident Administrasiyasından yönəldirlər. Ölkədə siyasi hakimiyyət isə PA-nın rəhbərinin əlindədir…

 Elvin Əfəndi

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button