«Respublika» qəzetində baş redaktor qovğası

Əli Həsənovun qəzetin indiki baş redaktorunu sıxışdırdığı söylənilir

 Prezident Administrasiyasının rəsmi orqanı olan «Respublika» qəzetində qalmaqal yaşanır. Bu barədə bizi bilgiləndirən mənbə deyir ki, qəzetdə yaşanan narahatçılığın səbəbi PA-nın İctimai Siyas Şöbəsinin müdiri Əli Həsənovla baş redaktor Teymur Əhmədov arasında yaşanan gərginlikdir. Bu barədə məlumat verən mənbə deyir ki, dövlət qəzeti olmasına baxmayaraq «Respublika» çox ağır günlərini yaşamaqdadır.

Məlumat verən mənbə deyir ki, daha çox müxalifət qəzetlərinə qarşı kampaniya aparması səbəbindən, müxalif mətbuatın bütün problemlərinin əsas səbəbkarı olması nədəniylə diqqətimizə cəlb etmiş Əli Həsənov əslində özünə media imperatorluğu qurma yolunu tutduğundan iqtidara aid mətbu çevrələrin də hədəfinə çevirib. Onların sırasında mətbəə sektoru da var, mətbuat yayımı sektoru da. Eyni zamanda Əli Həsənov rəsmi mətbuatda da öz adamlarını yerləşdirdiyindən, bu gün Əli Həsənova tabe olmayan «Respublika» qəzeti ciddi problemlər yaşayır.

Məlumatda deyilir ki, Əli Həsənov «Respublika» qəzetinə kənardan maliyyə axınının qarşısını alır: «Abunə işi də Əli Həsənovun əlində olduğundan və bu adamın Teymur müəllimə düşmən kimi baxması səbəbindən bu gün «Respublika» qəzetinə olan abunələrin sayı da digər rəsmi mətbuatla müqayisədə çox aşağıdır. Hətta az qala Əli Həsənovun sağ əli kimi tanınan Vüqar Səfərlinin «Mövqe» qəzeti bu gün «Respublika» qəzetindən daha təminatlı durumdadır».

Mənbəmiz bildirir ki, Əli Həsənov artıq «Respublika» qəzetinin baş redaktoru postuna namizəd də tapıb: «Bu adam hazırda «Kaspi» qəzetində çalışır». Mənbəmiz bildirir ki, hazırda «Kaspi» qəzetində çalışan Nurəddin Heydərlinin «Respublika» qəzetinə baş redaktor gətirilməsi planlaşdırılır. Onu da qeyd edək ki, Nurəddin Heydərli bir zamanlar «Kaspi» qəzetinin baş redaktoru olub. Bu qəzetin isə birbaşa Əli Həsənova bağlı olduğu faktdır.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button